Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 11:18

Bəxtiyar Hacıyevdən xəbər var


Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?

Siyasi həbslərə etiraz olaraq 18 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevdən yeni xəbər var. Yanvarın 26-da vəkil Zibeydə Sadıqova B.Hacıyevlə görüşüb.

Görüşdən sonra vəkil AzadlıqRadiosuna bildirib ki, Hacıyev aclığı davam etdirdiyini açıqlayıb: "Onun səhhəti ağır olaraq qalır. Təsəvvür edirsiniz, son gündə çəkisi 1.2 kiloqram azalıb. Ümumilikdə isə Hacıyev 12.5 kiloqram çəki itirib, hazırda 72 kiloqramdır. Deməsinə görə, tez-tez huşunu itirir, nəfəs darlığı yaranır"

Sadıqovanın sözlərinə görə, Hacıyevin səhhəti ağırlaşanda həkim çağırıblar: "Deməsinə görə, davamlı həkim nəzarəti yoxdur. O, müraciət edib ki, Maqnit Rezonans Tomoqrafiyası və Kompüter Tomoqrafiyasından keçirilsin. Amma hələ də cavab almayıb. Həmçinin, onun mədəsində qanaxma olmuşdu. Yanvarın 18-də analizlər verib və bugünədək analizlərin nəticələri ona təqdim edilməyib".

Bu açıqlamaya, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Turan"a bildiriblər ki, B.Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Bəxtiyar Hacıyev həbsdə qaldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyib ki, səhhətində yaranmış ciddi problemlərə baxmayaraq, sonadək aclığı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, durumu hər keçən gün daha da ağırlaşır. Özünə də təcridxanada bu haqda xəbərdarlıq olunur.

"Bunun beynimdə yarana biləcək fəsadları və başqa ağır nəticələr barədə hər gün mənə deyirlər... Onu da bilin ki, mənim başıma gələcəklərə görə siz də məsuliyyət daşıyacaqsınız", – Hacıyev yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində onun haqqında həbs-qətimkan tədbirinin uzadılması qərarından verilmiş şikayətə baxılarkən deyib.

Apellyasiya şikayətini Hacıyevin vəkilləri Xətai Rayon Məhkəməsinin qərarından verib. Xətai Rayon Məhkəməsinin yanvarın 21-də çıxardığı qərara əsasən, ictimai fəal barəsində istintaq dövrü üçün həbs-qətimkan tədbirinin müddəti daha bir ay - fevralın 28-nə qədər uzadılıb.

Vəkillər apellyasiya şikayətində də göstərib, məhkəmədə də deyib ki, Hacıyevin istintaq dövründə həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Çünki ağır cinayətdə ittiham olunmur, cəmiyyətdə nüfuzu olan adamdır, yaşayış yeri məlumdur və s.

Müstəntiqin arqumenti

Müstəntiq isə etiraz edib. Deyib ki, 2010-cu ildə Hacıyev Gürcüstana keçmək istəyəndə saxlanılıb, azadlıqda olanda hazırkı cinayət işi üzrə şahidlərdən birinə təzyiq göstərməyə çalışıb və s. Ona görə də istintaq getdiyi dövrdə azadlıqda qalsa, prosesin gedişinə təsir göstərə bilər.

Hacıyev onun dediklərinə etiraz edib: "Həmin vaxt mən təqsirləndirilən şəxs deyildim, o adam da şahid deyildi. Mən söhbət əsnasında nəsə soruşmuşam. Bunu şahidə təzyiq kimi qiymətləndirmək heç bir çərçivəyə sığmır…".

İctimai fəal vurğulayıb ki, hər dəfə onun məhkəməsi keçiriləndə məhkəmə binalarının ətrafı polislərlə mühasirəyə alınır. Onun sözlərinə görə, bütün bu baş verənlərin səbəbi bir nəfərin hikkəsidir. Hacıyev iddia edir ki, başına gələnlərin sifarişçisi Daxili İşlər naziri Vilayət Eyvazovdur.

Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb. Onun barəsində həbs-qətimkan tədbirinin müddətinin 28 fevrala qədər uzadılması haqda qərar qüvvədə qalıb.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG