Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 19:16

Bəxtiyar Hacıyevi yenidən polisə dəvət ediblər


B.Hacıyev
B.Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev avqustun 8-də Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində olub.

İctimai fəalın bildirməsinə görə, sabah, avqustun 9-da yenidən bölməyə getməli olacaq. O vurğulayıb ki, bölmədə ona deyiblər ki, rəis onu sabah qəbul edəcək.

B.Haciyevin sözlərinə görə, avqustun 7-dən 8-nə keçən gecə Yol Patrul Xidməti (YPX) əməkdaşları ilə yaşadığı insident hazırda əlaqəli yuxarı qurumlarda araşdırılır.

«Gördüm məni şərləmək istəyirlər»

İctimai fəal Bəxtiyar Hacıyev avqustun 7-dən 8-nə keçən gecə işdən gələrkən yaşadığı binanın önündə yol polisi əməkdaşlarının müdaxiləsi ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, gecə evə gələrkən avtomobili yaşadığı binanı həyətində saxlayıb bloka yaxınlaşanda Yol Patrul Xidmət (YPX) avtomobili həyətə girib: «Mən düşündüm ki, nə isə soruşmaq istəyirlər, dayandım, bir YPX əməkdaşı yaxınlaşdı ki, niyə burada saxlamısan, hərəkətlərin şübhəlidir, içkilisən? Dedim bu binada yaşayıram və spirtli içki içmirəm. Dedi, mən nə bilim ki, burada yaşayırsan? Gedək, spirtli içki içib-içmədiyini yoxlayaq».

B.Hacıyev deyir ki, sükan arxasında olmadığını, evinə getdiyini dedikdə polis onu itələməyə başlayıb. Onun qeyd etməsinə görə, polislər vurğulayıblar ki, özünü də, sənədlərini də yoxlamalıdırlar, əks halda Post Patrul Xidməti çağıracaqlar.

B.Hacıyevin deməsinə görə, razılaşıb öz maşınında oturub: «Maşına gəlib oturanda digərləri maşınlarının qapısını açıb, maşınımın qapısına toxundurdu. Sonra da «indi PPX gəlsin, deyəcəyik ki, maşının qapısını əzmisən» dedi. Mən baxdım ki, bunlar məni şərləmək istəyirlər. Maşının qapılarını bağlayıb, YPX maşınının qapısının zədələnmədiyini çəkdim, canlı yayım etdim».

B.Hacıyevin iddiasına görə, yol polisləri pəncərədən hücum edərək qapını açıblar, telefonunu alıblar, hər iki qolunu buraraq YPX maşını ilə Yasamal Rayon 27 saylı Polis Bölməsinə aparıblar.

İctimai fəal deyir ki, bölmədə onu nəzakətlə qarşılayıblar, barışıq təklif ediblər, amma razılaşmayıb. Həmin yol polis işçilərindən şikayətçi olması barədə ərizə yazıb: «Ərizəmi və izahatımı yazdım, bir neçə saat dincəlməyim üçün evə gəldim, bölməyə çağrılmağımı gözləyirəm».

B.Hacıyevin sözlərinə görə, izahat yazdıqdan sonra öyrənib ki, polislərdən biri ondan raport yazıb. İctimai fəalın qeyd etməsinə görə, raportda yazılıb ki, o, YPX maşınının qapısını yox, arxasını əzib.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

«İctimai fəal kimi tanıdığım Bəxtiyar Hacıyevlə yol polisləri arasında insident olmasından xəbərsizəm».

Bunu isə Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib.

O, hadisənin aydınlaşdırılmasından ötrü Bakı Şəhər Yol Polisi İdarəsinin Yasamal Rayon Bölməsinə müraciət edəcəyini deyib: «Bildirəcəyəm ki, vətəndaş B.Hacıyev öz Fecebook səhifəsində şikayət yazıb. Bu barədə ya özləri məlumat yaysınlar, ya da mənə məlumat versinlər, bu barədə ictimaiyyəti məlumatlandıraq».

Xatırlatma

B.Hacıyevin budan əvvəl də yol polisi əməkdaşlarının oxşar müdaxilələri ilə üzləşdiyini açıqlamışdı. Onunla bağlı sonuncu belə oxşar hadisə ötən ilin avqustunda yaşanıb.

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son aylar hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG