Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:15

Bəxtiyar Hacıyevin yenidən aclıq aksiyasına başladığı deyilir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin oktyabrın 2-dən aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, B.Hacıyev aclığa həbs-qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq başladığını deyib. Bu gün, oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.

Vəkil qeyd edib ki, fəalın sözlərinə görə, onu 1 saylı Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətiriblər: "Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməyə gətirilərkən əmələ gəlib".

E.Sadıqov bildirib ki, B.Hacıyev deməsinə görə, özünü yaxşı hiss etmir: "Artıq beş gündür aclıq aksiyası keçirdiyini bildirən Bəxtiyar əlavə etdi ki, bu günlər ərzində həkim ona cəmi iki dəfə baş çəkib".

Amma bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Bundan əvvəl B.Hacıyev özü və vəkillər həmin qərara etirazlarını bildirərək demişdilər ki, istintaq bir ildən artıq sürə bilməz. Təqdimat təmin olunacağı halda, 12 aylıq müddət keçir və qanun pozulur. B.Hacıyevlə bağlı cinayət işi ötən ilin oktyabrında başlanıb və o, dekabrda həbs edilib.

B.Hacıyev bundan əvvəl də həbsinə etiraz olaraq iki dəfə aclıq aksiyası keçirdiyini bildirib. Onun hətta ikinci aksiyasının təqribən 50 gün çəkdiyi bildirilmişdi.

Xatırlatma

B.Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Bu il iyunun 16-da istintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə B.Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. B.Hacıyev də ona qarşı ittihamları qəbul etmir.

XS
SM
MD
LG