Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:59

2135-ci ildə ölçüsü təqribən Nyu-Yorkdakı «Empire State» binası boyda olan asteroidin Yerə çırpılaraq çox sayda canlını məhv etməsi ehtimalı var. Bu ehtimal çox kiçik olsa da, NASA bununla bağlı xüsusi plan hazırlayıb.

«Chicago Tribune» qəzetinin yazmasına görə, daim irəlini düşünən astrofiziklər və nüvə partlayışları üzrə ixtisaslaşan mütəxəssislər elə bir plan işləyib hazırlayıblar ki, adama elə gəlir onun müəllifi Bruce Willis-dir.

«Bennu» adlı göy cismi «asi asteroid»ə çevrilərsə, mütəxəssislər onu Yerdən uzaqlaşdırmaq üçün təqribən 9 ton ağırlığında «zərbə kütləsi» göndərəcək, yaxud da nüvə qurğusunun köməyi ilə onu «sakitcə» yolundan döndərəcəklər.

Ehtimal az olsa da...

NASA-nın aerokosmik mühəndisi Brent Barbee deyir ki, bütün bunlar hələ nəzəri müstəvidədir.

«Bennu»nun Yerlə toqquşması ehtimalı təqribən 1/2700-dir. Üstəlik, bu göy cismi bizi dinozavrların arxasınca göndərəcək qədər iri deyil…

«Biz bu dizayn araşdırmalarını ondan ötrü aparırıq ki, ciddi bir obyekt gələndə onun qarşısını almağa hazır olaq», – Barbee deyir.

Yerə daim müxtəlif obyektlər çırpılır. Onların çoxu ciddi təhlükə olmasa da, bəziləri dağıntıya səbəb olacaq qədər böyükdür. Bu mənada asteroidlərin Yerə düşməsini önləməklə bağlı işçi planın hazırlanması bəşəriyyəti belə xoşagəlməz hallardan qurtara bilər.

Yaxın vaxtlara qədər bu məsələlər taleyin ümidinə qalmışdı.

7.Kosmos-2014 Hayabusa-2 zondu 1999GX3 asteroidinə doğru
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

1908-ci ildə iri bir obyekt Sibirdə Podkomennaya Tunquska çayı yaxınlığındakı əraziyə düşüb. Çoxları bu obyektin asteroid olduğuna inanır. Zərbənin gücü Hiroşimaya atılmış atom bombasının gücündən 185 dəfə artıq olub. 80 milyon ağac məhv olub, yüzlərlə maral yanaraq kömürə dönüb.

Hər il minədək yeni obyekt aşkarlanır

Bir əsr sonra, 2013-cü ildə çəkisi 10 ton, eni 15 metrədək olan meteor hipersonik sürətlə Ural dağlarının üzərindən keçərək yerə düşüb. Bu zaman binaların pəncərələri sınıb, 1100-dək insan xəsarət alıb. Onların çoxu gündüz vaxtı göydə görünən meteora baxan zaman pəncərənin sınması nəticəsində zədə alıblar. Meteor yerə çırpılmazdan öncə parçalanıb, ancaq yaxınlıqdakı buzun üzərində avtobus böyüklükdə yarıqlar əmələ gətirib.

Barbee deyir ki, bu vaxtadək o qədər də çox insanın məhv olmamasının və yaralanmamasının səbəbi obyektlərin, əsasən, insanların sıx yaşamadığı ərazilərə düşməsidir.

NASA-nın Planetar Müdafiə Koordinasiya Ofisi Yerin orbitinin yaxınlığından keçən təhlükəli asteroid və kometləri aşkarlamaq məqsədilə yaradılıb.

Barbee-nin sözlərinə görə, əslində, belə obyektlərin sayı düşündüyümüzdən çoxdur. Tədqiqatçılar hər il 1000-dək yeni obyekt aşkar edirlər. Ümumilikdə isə, Yerin lap yaxınlığından ildə 10 minədək obyekt keçir.

İldırım kosmosdan belə görünür [Video]
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Kosmik gəmi «Bennu»ya tərəf gedir

Müdafiə əlaqələndirmə ofisi, eyni zamanda, belə obyektlərin yayındırılması və məhv edilməsi planları üzərində çalışır. «Bennu» asteroidi alimlərə belə nəzəriyyələri sınaqdan keçirmək imkanı verir.

Məlumatda deyilir ki, «Bennu» «yaxşı öyrənilmiş, təxminən sfera formasında olan cisimdir». Alimlər «Bennu»nu teleskopla görərək onun qravitasiyasının ətrafdakı göy cisimlərinə təsirini izləyə bilirlər.

Ancaq tezliklə bu göy cismi haqda daha çox şey öyrəniləcək. NASA-nın OSIRIS-REx kosmik gəmisi artıq iki ildir ki, «Bennu»ya tərəf hərəkət edir. Onun içərisində «Bennu»nun xəritəsini hazırlayacaq və tərkibindəki element, mineral və üzvi materialları müəyyənləşdirəcək alətlər var.

Bundan başqa, onun asteroiddən 60 qramlıq nümunə götürüb Yerə gətirəcəyi gözlənilir.

Əgər işlər çətinləşsə və «Bennu» daha böyük təhlükəyə çevrilsə, onu parçalamaq üçün OSIRIS-REx-in arxasınca daha iri kosmik gəmi göndərilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG