Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Bələdiyyə seçkilərinə kim hazırdır, kim yox?


Bələdiyyə seçkiləri, Bakı, 30 noyabr 2011
Bələdiyyə seçkiləri, Bakı, 30 noyabr 2011

Bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda llk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib, bu, 5-ci bələdiyyə seçkiləri olmalıdır.

Bəs görək siyasi partiyalar bələdiyyə seçikilərinə hazırlaşmağa başlayıblarmı?

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən, deputat Məlahət Həsənova deyib ki, onların məqsədləri əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də əksər yerləri qazanmaqdır:

“Bizim bütün yerlərdə namizədlərimiz olacaq və bütün qüvvələrimizi seçkilərdə yerlərin əksəriyyətini qazanmağa sərf edəcəyik”.

“Bələdiyyələrə seçiləcək şəsxlər əvvəlkilərdən daha peşəkar olacaq”

Məlahət Həsənova (İbrahimqızı), 2012
Məlahət Həsənova (İbrahimqızı), 2012

Məlahət Həsənova Azərbaycanda bələdiyyə seçkilərinə marağın az olması barədə deyilənləri bölüşmür:

“Maraq niyə azdır? Siz Azərbaycanı Türkiyə ilə müqayisə etməyin. Bu, Azərbaycanda yeni institutdur. Amma dövlətimizin apardığı siyasətə nəzər salın, möhtərəm prezident bu il siyasi islahatların olacağını bildirib, artıq konkret addımlar atılıb. Düşünürəm ki, bizdə də bələdiyyə institutu tədricən güclənəcək. Bilirsiniz, birdən-birə Türkiyədə olduğu kimi bələdiyyələrə səlahiyyətin verilməsi təkamül olmaz. Həm də insanlar da buna alışmayıb. Kəndlərin bəzilərində, hələ də icra başçılarına katib deyirlər. Ona görə də dövlətimiz yerli idarəetmə orqanının güclənməsində çox maraqlıdır. Bu il səlahiyyətləri və funksiyaları daha güclü olacaq.Onların qanunvericilikdə səlahiyyətlər artırılacaq. Eyni zamanda, qarşıdakı 5 il üçün bələdiyyələrə seçiləcək şəsxlər əvvəlkilərdən daha peşəkar kadrlar olacaq”.

“Seçki mühiti demokratikləşməyincə,...”

Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlı isə təmsil olunduqları Milli Şurada dekabr seçkilərinin, hələ müzakirə etmədiklərini bildirib:

“Partiyanın qərarı var ki, seçki mühiti demokratikləşməyincə, qanunvericilik bazası təkmilləşməyincə seçkilərdə iştirak edilməsin”.

“İndiki şərtlər seçkidə iştiraka şərait yaratmır”

Müsavat Partiyasının Seçki Qərargahının sədri Gülağa Aslanlı da seçkinin rəsmən elan edilməsindən sonra partiyanın iştirak edib-etməmək haqqında qərar verəcəyini söyləyib. O, deyib ki, hər bir partiya seçkidə iştirak barədə düşünür, amma şərtlər də uyğun olmalıdır:

“Söhbət seçki qanunvericiliyinin təkmilləşdirilməsi, azad seçki şəraitininn yaradılmasından gedir. İndiki şərtlər seçkidə iştiraka şərait yaratmır...”.

“Bələdiyyə üzvlərinin seçimi icra hakimiyyətləri tərəfindən həyata keçirilir”

Akif Qurbanlı, 17 oktyabr 2013
Akif Qurbanlı, 17 oktyabr 2013

Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov da hesab edir ki, qonşu Türkiyədən fərqli olaraq Azərbaycanda bələdiyyə seçkilərinə maraq azdır. Onun fikrincə, bunun çox sadə səbəbləri var:

‘Birincisi bələdiyyələrin statusu. Hətta, bunu, Gürcüstan və Ermənistanla da müqayisə etmək mümkün deyil. Halbuki, Azərbaycan hökuməti Avropa Şurasının yerli özünüidarəetmə xartiyasına qoşulub və yerli özünüidarəetmənin statusunun bələdiyyələrə verilməsi haqqında öhdəlik götürüb, amma əməl etmir. İkinci səbəb, Azərbaycanda seçkilərin normal keçirilməməsidir və bələdiyyələrin müstəqil formalaşmamasıdır. Faktiki olaraq, bələdiyyə üzvlərinin seçimi Prezident Administrasiyasının nəzarəti altında yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Mən MSK üzvü olduğum zaman təəssüf ki, bu marağı görmədim. Üzvlərə hakim partiya dəstəkçisi olsa belə imkanlar tanınmır...”.

Xatırlatma

Azərbaycan rəsmiləri isə ölkədə azad və ədalətli seçkilərin keçirilmədiyi ilə bağlı fikirləri qəbul etmirlər. Onların fikrincə, istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri sırf xalqın iradəsinə söykənir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib. MSK-nin məlumatına görə, Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmayıb.Bu üzdən bələdiyyə seçkiləri ümumilikdə 125 seçki dairəsinin 118-də, 5015 seçki məntəqəsi üzrə keçirilib. 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb.

Beləliklə, sesvermə günü seçkilərdə 1 880 390 seçicinin ( seçicilərin 38,92 faizi) iştirak etdiyi bildirilir.MSK-nın açıqlamasına görə, 8 bələdiyyənin nəticələri etibarısz elan edilib. 14 min 963 nəfər bələdiyyə üzvü seçilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG