Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Tsikhanouskaya BMT-ni Belarus hakimiyyətini pisləməyə çağırıb


Svyatlana Tsikhanouskaya
Svyatlana Tsikhanouskaya

Belarus müxalifətinin lideri Svyatlana Tsikhanouskaya BMT-ni Alyaksandr Lukashenka hökumətinin etirazçılara qarşı zorakı hücumlarını pisləməyə çağırıb.

Lukashenka ötən ay Belarusda keçirilmiş prezident seçkisinin qalibi elan edilib.

Tsikhanouskaya və onun tərəfdarları seçki nəticələrinin saxtalaşdırılıdığını bildirirlər.

Əslində avqustun 9-da keçirilmiş seçkinin rəsmi nəticələri açıqlanandan dərhal sonra paytaxt Minskdə və Belarusun başqa şəhərlərində kütləvi etiraz aksiyaları aramsız olaraq dördüncü həftədir ki, davam edir.

BMT Təhlükəsizlik Şurasının sentyabrın 4-də virtual keçirilən qeyri-rəsmi sessisyasında Tsikhanouskaya beynəlxalq qurumu Belarusa monitorinq missiyası göndərməyə çağırıb.

O habelə bildirib ki, BMT İnsan Haqları Şurası Belarusda yaranmış vəziyyətlə bağlı xüsusi sessiya keçirməlidir.

Belarus müxalifətinin lideri seçkidən az sonra qonşu Litvaya qaçmağa məcbur edilib.

Belarusda keçirilmiş seçkinin rəsmi nəticələrinə görə ölkəyə 1994-cü ildən avtoritar rəhbərlik edən Lukashenka 80 faiz səslə qalib gəlib.

37 yaşlı ingilis dili müəllimi və tərcüməçi Tsikhanouskaya iddia edir ki, sözü gedən seçkidə əslində o qalib olub.

Qərb müşahidəçilərinin rəyinə görə Lukashenka-nın hakimiyyəti dövründə Belarusda bir seçki də azad və ədalətli olmayıb.

"Hakimiyyətdən yapışan qeyri-legitim lider"

Tsikhanouskaya habelə etirazçılara qarşı zorakılıqlar üçün birbaşa məsuliyyət daşıyanlara sanksiyaların elan edilməsinə çağırıb.

O deyib ki, indiki vəziyyətdə Lukashenka hökuməti ilə hər hansı əməkdaşlıq zorakılıq və insan haqlarının kobud pozulması ilə barışmaq deməkdir.

Tsikhanouskaya videobağlantı ilə etdiyi müraciətdə Belarusda, əri Syarhey Tsikhanouski də daxil bütün siyasi məhbusların azad olunmasını tələb edib.

BMT-nin internetlə keçirilən xüsusi sessiyasını Estoniya təşkil etmişdi. Estoniya BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biridir.

Belarusda etiraz aksiyaları başlanandan bəri 7 min nəfərin saxlandığı xəbər verilir.

BMT insan haqları ekspertləri bildirmişdilər ki, saxlananlara qarşı işgəncə və pis rəftardan istifadəyə dair 450 hal rəsmiləşdirilib.

Tsikhanouskaya çıxışı zamanı Lukashenka-nı “hakimiyyətdən yapışan qeyri-legitim lider” adlandırıb.

Müxalifətçi deyib ki, Lukashenka öz xalqının səsinə qulaq asmaq istəmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG