Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:31

Avropa İttifaqı Belarusda gizli edamları pisləyir


Mayın 30-da Alexander Zhyl'nikau və Viachaslau Sukharka barəsində ölüm hökmləri qüvvədə saxlanıb

Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyası (AŞPA) mayın 30-da Belarusda Ali Məhkəmə tərəfindən apellyasiyaları rədd edilmiş iki nəfər barədə ölüm hökmlərinin gizli icra edilməsi barədə xəbərlərdən narahatlığını ifadə edib.

Avropa İttifaqı xarici işlər komissarının sözçüsü Maja Kocijanicic deyib ki, “xəbər verildiyinə görə Viktar Liotau və Alyaksey Mikhalenia 2018-ci il mayın ortalarında məxfi şəkildə edam ediliblər”.

Minskdə mənzillənmiş Vyasna (Bahar) insan haqları mərkəzi bildirmişdi ki, Liotau Hlybokaje cəzaçəkmə koloniyasında kamera yoldaşını öldürdüyünə görə ötən ilin sentyabrında barəsində ölüm hökmü çıxarılmışdı.

Vyasna bildirib ki, Mikhalenia 2016-cı ildə öz qonşularını öldürdüyünə görə ən yüksək cəzaya layiq görülmüşdü.

Kocijancic deyib ki, ölüm hökmlərinin davamlı icrası Belarusun beynəlxalq icma və Avropa İttifaqı ilə əlaqələrini yaxşılaşdırmaq vədləri ilə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə Belarus ölüm hökmlərinin icrasına moratorium qoyulacağına söz vermişdi.

Sözçü habelə barələrində bu il ölüm hökmü çıxarılmış daha iki belarus - Vyachaslau Sukharka və Alyaksandr Zhylnikau-nun gələcək talelərindən narahatlıq ifadə edib.

Kocijancic deyib ki, mayın 30-da Belarusun Ali Məhkəməsi onlar barədə çıxarılmış hökmləri qüvvədə saxlayıb.

AŞPA-nın ölüm hökmlərinin ləğvi üzrə baş məruzəçisi Yves Cruchten, habelə qurumun Belarus üzrə keçmiş məruzəçisiAndrea Rigoni də son edamları pisləyiblər. Onlar deyiblər ki, hökmlərin gizli icra edilməsi dərin narahatlıq doğurur.

Cruchten və Rigoni Belarus Milli Məclisini bu məsələyə təcili baxılmasına və ölüm hökmlərinin icrasına moratorium qoyulması üçün addımların atılmasına çağırıblar.

Amnesty International insan haqları təşkilatı bu yaxınlarda ölüm cəzaları ilə bağlı hesabatında qeyd edir ki, bütün dünya boyunca bir çox ölkələrdə edam olunacaq şəxslərin ailələrinə bu barədə heç bir bildiriş verilməməsi narahatlıq doğurur.

Belarus Avropa və Mərkəzi Asiyada ölüm hökmünün qüvvədə olduğu yeganə ölkədir.

Amnesty bildirib ki, onların barəsində ölüm hökmü məxfi çıxarılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG