Berlin hazırda Belarusda olan 2000 miqrantı Almaniyanın qəbul etməsinə dair Alyaksandr Lukaşenkanın təklifini rədd edib.
Belarusun avtoritar başçısı Avropa İttifaqını miqrant probleminin həlli üçün Minsklə danışıqlar aparmamaqda ittiham edir və bildirir ki, bütün bunlar silahlı münaqişə ilə nəticələnə bilər.
Avropa İttifaqı Minski Yaxın Şərqdən minlərlə insanı Belarusa gətirərək Polşa, Litva və Latviya sərhədinə yığmaqda və böhran yaratmaqda ittiham edir.
Brüssel bildirir ki, Lukaşenka bununla da ittifaqdan onun üzərinə qoyulmuş sanksiyaların əvəzini çıxır.
Lukaşenkanın üzərinə sanksiyalar onun 2020-ci il prezident seçkisini saxtalaşdırdığına və bunun ardınca etirazçılara divan tutduğuna görə qoyulub.
BelTA dövlət xəbər agentliyinin məlumatına görə Lukaşenka noyabrın 22-də deyib ki, o böhranın eskalasiyasını istəmir, çünki belə davam etsə, müharibə ola bilər.
Böhrandan daha pis
Almaniya hökuməti Lukaşenkanın Berlinin 2000 miqrantı qəbul etməməsinə görə tənqidini dərhal rədd edib.
Almaniya hökumətinin sözçüsü deyib:
"2000 miqrant üçün Almaniyaya humanitar dəhlizin açılması ideyası Almaniya və Avropa İttifaqı üçün məqbul həll yolu deyil”.
Berlin Minskin belə bir təklifini ötən həftə rədd etmişdi.
Lukaşenka Yaxın Şərqdən miqrantları gətirdiyinə dair ittihamları rədd edib. Lakin o BBC-yə müsahibəsində etiraf edib ki, Belarus əsgərləri, ola bilsin miqrantların Avropa İttifaqı ərazisinə keçməsinə kömək ediblər.
Polşanın baş naziri Mateus Moravieski noyabrın 21-də deyib ki, o, sərhəd böhranının daha pis mərhələyə keçə biləcəyindəm narahatdır. O bildirib ki, Belarus miqrantları sərhədə yığmaqda davam edir.
Almaniya kansleri Angela Merkel miqrant böhranı ilə bağlı ötən həftə Lukaşenka ilə iki dəfə telefon söhbəti edib.
Bu zənglərə görə bəziləri Merkeli qınayıblar. Avropa İttifaqı Minski “qeyri-insani və qanqstersayağı davranışda” ittiham edir.
Merkeldən giley
Lukaşenka noyabrın 22-də gileylənib ki, Avropa İttifaqı onunla danışmaq istəmir, Merkel isə onunla ittifaq arasında əlaqə yaradacağına dair vədini yerinə yetirməyib.
"Merkel söz vermişdi ki, bu məsələ Aİ səviyyəsində müzakirə olunacaq. Amma müzakirə etmədilər. Hətta Merkelin əlaqə üçün vəd etdiyi adamlar da əlaqə saxlamadılar”.
Lukaşenka bildirib ki, onun planı 2000 miqrantı Almaniyaya vermək, daha 5000 miqrantı isə öz ölkələrinə göndərməkdir.
Lukaşenka deyib ki, Belarus heç bir ölkə ilə qarşıdurma istəmir:
"Biz polyaklarla dasnışmalıyıq. Hər bir polyaka göstərməliyik ki, biz barbar deyilik. Biz qarşıdurma istyəmirik. Buna ehtiyacımız yoxdur. Bilirik ki, müharibə olsa, qaçılmaz olacaq... Bu fəlakət olacaq. Biz bunu çox gözəl başa düşürük. Biz heç bir alovlanma istəmirik”.
Lukaşenka deyib ki, o sözü gedən 2000 miqrantı Almaniyaya təyyarələrlə də çatdıra bilər.
Belarus hökuməti noyabrın 18-də 400-dək miqrantın geriyə - İraqa yola salındığını bildirib.
Lukaşenka noyabrın 22-də deyib ki, o ehtiyac olarsa, miqrantları yenə də evlərinə qaytara bilər.