Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Belarus ABŞ-dan neft almağa başlayıb


Mike Pompeo (sağda) Alyaksandr Lukashenka ilə bu ilin fevralında görüşüb
Mike Pompeo (sağda) Alyaksandr Lukashenka ilə bu ilin fevralında görüşüb

Belarus Amerika Birləşmiş Ştatlarından neftin idxalına başlayıb.

Bu barədə məlumatı mayın 15-də Belarusun xarici işlər naziri Vladimir Makey verib.

Nazirin bəyanatında deyilir ki, Amerika neftinin Belarusa idxalı 2020-ci il fevralın 1-də bu ölkəyə ABŞ dövlət katibi Mike Pompeonun səfəri zamanı əldə edilmiş razılaşmalar əsasında mümkün olub.

Bu səfər zamanı Pompeo Belarus prezidenti Alyaksandr Lukashenka ilə görüşmüşdü.

Makeyin sözlərinə görə Amerika neftinin idxalına başlanması “neft emalı sənayesinin fasiləsiz işi üçün təchizat mənbələrinin diversifikasiyasına dair dövlət strategiyasına uyğundur və ABŞ-la neft sənayesi sahəsində əməkdaşlığa dövlətin enerji təhlükəsizliyinin əhəmiyyətli elementi kimi baxılır”.

Bəyanatda bu da vurğulanır ki, Minsk Birləşmiş Ştastlarla tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işi davam etdirəcək.

Belarusun Tut.by saytı yazır ki, ABŞ nefti Belarusa Litvanın Klaypeda limanından gətirləcək.

Göyərtəsində 80 min ton neft olan ilk tanker Texas ştatındakı portlardan birini mayın 17-də tərk edəcək.

Rusiya-ABŞ rəqabətinin meydanı

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Belarusun ABŞ neftinin idxalına başlaması bu ölkənin neft qiymətlərinə görə Rusiya Federasiyası ilə mübahisələri fonunda baş verir.

İndiyədək Rusiya Belarusun əsas neft təchizatçısıdır. Lakin bu ilin əvvəllərindən Rusiyadan neftin idxalı demək olar tamamilə dayandırılıb.

Belarus bu müddətdə yenə də Klaypeda, habelə Ukraynanın Odessa portları vasitəsilə Səudiyyə Ərəbistanından tanker nefti alıb.

Ötən mart ayında Moskva və Minsk Belarusun neft təchizatının bərpası barədə razılaşma əldə ediblər.

Tut.by saytı yazır ki, Belarus may ayında Rusiyadan 1.1 milyon ton neft almalıdır.

Fevralın 1-də Minskə səfəri zamanı Pompeo bəyan etmişdi ki, ABŞ Belarusu neftlə “100 faiz” təchiz etməyə hazırdır.

Son aylarda Belarusla ABŞ arasındakı münasibətlərdə yaxşılaşma baş verib.

Bu da elan edilib ki, ABŞ uzun fasilədən sonra Minskdə öz səfirliyini açacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG