Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlərə baxış davam edir. Ötən həftə Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairədə nəticələri ləğv edib. Bu həftədə də bəzi dairələr üzrə bir sıra məntəqələrin nəticələri ləğv edilib. Amma bu həftə, hələlik, məntəqələrin nəticələrinin ləğvi onların olduğu dairələrin yekun nəticələrinə təsir etməyib.
Belə dairələrdən biri də 29 saylı Səbail seçki dairəsidir. Həmin dairədə düz 6 məntəqənin nəticələri ləğv edilib. Şikayətin müəllifi, deputatlığa namizəd Bəxtiyar Hacıyev MSK-dakı müzakirələri belə dəyərləndirir:
«Biz ən azı 20 məntəqə üzrə protokolları və...»
«Mən dedim ki, digər məntəqələr də araşdırılsın, bununla bağlı videofaktlar təqdim etmişik. Həmin materiallar sosial şəbəkələrdə yayılıb. Ümumi olaraq komissiya belə nəticəyə gəldi ki, həmin materiallar da araşdırılsın. Təqdim etdiyimiz digər faktların da araşdırılması haqqında qərar verilib. Amma nə vaxt, nə zaman, harada və hansı formada araşdırılacağı mənə məlum deyil».
Deputatlığa namizəd şikayətlərin qətiyyən obyektiv araşdırılmadığını düşünür: «Biz ən azı 20 məntəqə üzrə protokolları və videoları MSK-ya təqdim edərək sübut etmişik ki, ciddi saxtakarlıqlar olub. MSK eksperti isə bunları qəbul etmir. Təqdim etdiyimiz videolara belə istinad etmirlər...».
MSK-dan cavab
29 saylı Səbail seçki dairəsi üzrə 6 məntəqənin nəticələrinin etibarsız sayılması haqqında qərar verilməsini MSK-dan «Turan» agentliyinə də təsdiqləyiblər. Amma qurumdan B.Hacıyevin dairə üzrə əksər seçki məntəqələrində pozuntular olması barədə dediklərini əsassız sayıblar: «Bəxtiyar Hacıyevin MSK-ya təqdim etdiyi bütün materiallara baxılıb, qiymətləndirmə aparılıb və onun da nəticəsi olaraq 6 məntəqədə nəticələr etibarsız sayılıb».
MSK həmin dairədən lider namizəd kimi Nigar Arpadaraini açıqlayıb. Amma B.Hacıyevin dediklərinə onun özündən, hələlik, münasibət almaq mümkün olmayıb.
Neçə məntəqənin nəticəsi ləğv edilsə, dairə ləğv edilər?
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov AzadlıqRadiosuna seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvinin dairə üzrə nəticələrə təsir həddi haqqında danışarkən bunları söyləyib: «Seçki Məcəlləsinin 170-ci maddəsində göstərilir ki, seçki dairələrinin ərazilərindəki məntəqələrin 2/5-də (40 faiz) seçkilərin nəticələri etibarsız sayısa, bu, həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvinə səbəb olur. Amma bu şərtlə ki, bu, ləğv edilən dairə üzrə seçicilərin 25 faizini və ya 1/4-ini əhatə etmiş olsun...».
H.Həsənov hesab edir ki, pozuntuların yalnız 4 dairə və əlavə olaraq bəzi məntəqələrlə məhdudlaşdığını düşünmək yanlışlıq olardı: «Yəni, siyasi qərarla 4 dairədə nəticələr ləğv edilib. Bu, sırf hüquqi nəticələrə yox, siyasi yanaşmaya əsasən edilib».
Bu fikrə isə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, vurğulayırlar ki, onlar şikayətlərə qanunvericiliyin tələblərinə əsasən baxırlar.
Xatırlatma
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.
Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.
Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə və əlavə olaraq bəzi məntəqələrdə nəticələr ləğv edilib. Bir çox şikayətlər isə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.