Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 22:17

‘XXI əsrdə belə seçki keçirmək olmazdı’


“XXI əsrdə - smart rabitə vasitələrinin inkişaf etdiyi dövrdə belə bərbad seçki keçirmək olmazdı”, – siyasi şərhçi Azər Rəşidoğlu 4 dairədə nəticələrin ləğv olunması haqda danışarkən deyir.

Siyasi şərhçinin dediyinə görə, qanunsuzluqlar o həddə gəlmişdi ki, bunları görməzliyə vurmaq sosial partlayışa səbəb ola bilərdi, buna görə də daha çox şikayət olunan dairələrin nəticələrini ləğv etməkdən başqa çıxış yolu qalmamışdı.

Fevralın 13-də Mərkəzi Seçki Komissiyası 4 dairədə seçkinin nəticələrini ləğv edib, azı 10 dairədə üzrə şikayətlər baxılmaq üçün dairə seçki komissiyalarına göndərilib.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

O, müşahidəçilərin hər birində baş verən qanun pozuntularının foto və videosunu çəkmək üçün telefon olduğunu, buna görə də pozuntların dərhal ictimailəşdirildiyini qeyd edir:

“Bu seçkilər göstərdi ki, yeni gənclik formalaşıb. Müşahidəçilərin və komissiya üzvlərinin timsalında onlar baş verənləri anındaca işıqlandırırdılar”.

Azər Rəşidoğlu nəticələrin ləğvinin başqa bir səbəbini də qeyd edir. Onun iddiasına görə, hakimiyyət daxilində bəlli bir qrup köhnə deputatların nəyin bahasına olursa-olsun parlamentdə qalmasını istəsə də, yeni komanda buna qarşı çıxırdı. Siyasi şərhçi “yenilər həmin dairələrin ləğvinə nail oldular” deyir.

Azər Rəşidoğlu ləğv olunacaq dairələrin sayının gözlənildiyindən daha çox olacağını güman edir:

“Mən bunu seçki prosesi başlamazadan öncə demişdim. Hətta ləğv ediləcək dairələrin sayı seçkinin nəticələrinə önəmli dərəcədə təsir göstərəcək. Əlbəttə, hər şey ictimaiyyətin fəallığından, vətəndaş cəmiyyətinin bu prosesdə hansı mövqe tutmasından daha çox asılı olacaq”.

Nəticələr “bütünlükdə ləğv olunmalıdır”

Müsavat Partiyasının sədri Arif Hacılı isə hesab edir ki, dörd dairə yox, seçkinin nəticəsi bütünlükdə ləğv olunmalıdır:

“Məntəqələrin demək olar ki, heç birində səslər sayıldıqdan sonra protokollara yazılmayıb, karbonlaşdırılmış protokollar məntəqələrdən asılmayıb, müşahidəçilərə protokolların surəti verilməyib, seçkidə iştirak edən seçicilərin sayı, demək olar ki, bütün məntəqələrdə üç dəfə artırılıb. Yəni, hər yerdə saxtakarlıq baş veribsə, yalnız bir seçki dairəsində nəticələrin ləğv edilməsi ilə nəticələrin aradan qaldırılması mümkün deyil”.

Siyasi iradə...

“Nəhayət, Mərkəzi Seçki Komissiyası qanunun tələbinə uyğun davrandı, qanun pozuntularına ondan tələb olunan reaksiyaları verdi”, – keçmiş MSK üzvü, seçki günü məntəqələrdə müşahidəçiləri seçkiləri izləyən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov AzadlıqRadiosun deyir. O, bu qərarın arxasında siyasi iradənin olduğunu bildirir:

“MSK-dakı 9 illik təcrübəm, ondan əvvəl və sonra seçki prosesi ilə məşğul olan şəxs kimi bilirəm ki, Mərkəzi Seçki Komissiyası hər hansı qərar verirsə, bu, siyasi iradəyə söykənir. Heç zaman görməmişəm ki, hansısa şikayət araşdırılanda MSK aktlardakı qeydləri xüsusi qabardaraq pozuntuların olduğunu və nəticələrin ləğv edilməsini vurğulasın. Adətən, şikayət araşdırılanda DSK-lar vasitəsilə şəxslərdən, müşahidəçilərdən arayışlar, izahatlar toplanırdı və şikayətin əsassız olduğu görüntüsü yaradılırdı. İndiki məqamdasa fərqli davranırlar - aktlarda müşahidəçilərə məntəqələrdə protokol verilmədiyi bildirilir. Siyasi iradə ləğvetmə qərarı verdiyinə görə bu, legitimləşdirilir”.

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov bir neçə dairədə nəticələrin ləğvini seçkidən sonra yaranan gərginliklə, xüsusən də islahatların başlanmasına və dərinləşməsinə inananların seçkilərə qatılıb, ancaq məyusluq yaşamaları ilə izah edir.

Onun sözlərinə görə, çox sayda pozuntular qeyri-siyasi kəsimi belə, məsələn, incəsənət adamlarını, şou nümayəndələrini mövqelərini sərt şəkildə ifadə etməyə məcbur qoydu.

“Ona görə də gərginliyi azaldacaq, hakimiyyətin baş verənlərə səssiz qalmadığını göstərən addımlar atılır”, – Akif Qurbanov bildirir.

“YAP sədri axtarışdadır”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bəzi dairələrdə nəticələrin ləğvi haqda qərarı hakimiyyətdaxili mübarizənin nəticəsi kimi dəyərləndirməni yanlış sayır.

Bunu bəzi təhlilçilər iddia etsə də, Əhmədoğlu belə bir mübarizənin getmədiyini bildirir. O bu addımı şərh edərkən “YAP sədri axtarışdadır” söyləyir. Onun qənaətincə, təxminən 3 ay öncə reallıq fərqli idi və o reallıq üçün Hadı Rəcəbli uyğun gəlirdisə, “artıq vəziyyət dəyişib və ordan seçiləcək şəxsdən ayrı standartlar tələb olunur”.

Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu

“Hüseynbala Mirələmovu götürək, ya da Hadı Rəcəblini. İlham Əliyev yaxın 5 ildə cənub bölgəsindəki vəziyyəti proqnozlaşdırmaq istəyir, ora xarici ölkədən təsir var, onu nəzərə almaq istəyir. Bu yandan həmin bölgədən olan bir şəxsin təsirini nəzərə alır. Yəni həmin bölgədə bu adamların qabağına kimlər çıxa bilər, deputat yeri gələndə gərginləşən siyasi mübarizənin standartlarına cavab verə biləcəkmi? Bütün bunlar prezidentin YAP sədri kimi axtarışda olmasının göstəricisidir”, – M.Əhmədoğu izah edir.

SİTM rəhbəri hesab edir ki, nəticələr Azərbaycan daxilində gedən proseslər, xüsusən də ölkənin təhlükəsizlik prizmasından yenidən baxılır və dəyərləndirilir. O da daha bir neçə dairədə nəticələrin ləğv olunacağını düşünür.

AzadlıqRadiosu nəticələri ləğv edilın dairələrdən qalib elan olunmuş şəxslərdən indilik münasibət ala bilməyib.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb.

Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da beynəlxalq müşahidə missiyası seçkilərlə bağlı ilkin rəyində qeyd edirdi ki, səsvermə prosesi “seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilib və bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir...”

Parlament ötən ilin dekabrında buraxılıb. Hakim YAP bununla bağlı Prezident İlham Əliyevə müraciət edib və bunu prezidentin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

9 fevral seçkisində isə köhnə parlamentin təxminən 65 faizi yenidən seçilib.

XS
SM
MD
LG