Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:44

Daha bir dindar fəal yoxa çıxıb


Bəhruz Quliyev
Bəhruz Quliyev

Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin daha bir aktiv iştirakçısı, dindar fəal Bəhruz Quliyev də yoxa çıxıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Bildirilir ki, B.Quliyev sentyabrın 21-də Nizami rayonu ərazisində işlədiyi ticarət mərkəzindən çıxarkən dörd nəfər mülkigeyimli tərəfindən saxlanılıb. Ticarət mərkəzində çalışanlar onun ailə üzvlərinə deyib ki, həmin şəxslər Bəhruzu məcburi şəkildə «Mercedes» markalı avtomobilə mindirib aparıblar.

Yaxınlarının sözlərinə görə, B.Quliyevin yerini müəyyənləşdirməkdən ötrü sentyabrın 21-də gün ərzində müxtəlif dövlət orqanları ilə əlaqə saxlasalar da, nəticəsi olmayıb.

ƏHSƏN NURUZADƏDƏN DƏ XƏBƏR YOXDUR

Başqa bir dindar fəal - Əhsən Nuruzadədən də sentyabrın 19-dan heç bir xəbər yoxdur. O, həmin gün günorta saatlarında ev geyimində mağazaya getmək adı ilə çıxıb və ailə üzvlərinin bildirdiyinə görə, hələ də ondan heç bir xəbər yoxdur. Ə.Nuruzadənin də evlərinin yaxınlığında 3-4 nəfər mülkigeyimli tərəfindən saxlanılaraq, qara maşına mindirilib aparıldığı bildirilir. Daxili İşlər Nazirliyinin «102» xidmətindən tutmuş, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə qədər bir çox qurumlara məlumat verilməsinə baxmayaraq, Ə.Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Ə.Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən naməlum istiqamətdə aparılmış və ondan bir həftə heç bir xəbər çıxmamışdı. Yalnız yanvarın 30-da onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olmuşdu. Bir həftədən sonra vəkilinə onun yeri haqda məlumat verilərək bildirilmişdi ki, Nuruzadə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası alıb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG