Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

İddia: '198 aylıq maaşımı rəhbərlik mənimsəyib'


İmişli rayonu, Bəhrəmtəpə Hidroqovşağı, oktyabr 2018
İmişli rayonu, Bəhrəmtəpə Hidroqovşağı, oktyabr 2018

İmişlinin bir qrup melioratoru qanunsuz olaraq işdən kənarlaşdırıldıqlarını bildirir. Onlar Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsində əmək hüquqlarının kobud surətdə pozulmasından danışırlar. Həmin insanlar vurğulayırlar ki, işdən çıxarılmalarına səbəb elə bu pozuntulara etiraz etmələri olub.

“198 AYLIQ MAAŞIM MƏNİMSƏNİLİB”

Rayonun Gövhərli kənd sakini Sədulla Məmmədov 17 ilə yaxın bu müəssisədə işlədiyini bildirir:

“Bu qədər müddətdə mən cəmi üç ay rəsmi qaydada maaş almışam. Onu da şikayət edəndən sonra. 16 il yarım ərzində adıma yazılan əmək haqqını isə rəhbərlik mənimsəyib. Orada texnika verdikləri işçilərlə əmək münasibəti qeyri-rəsmi qurulur. Belə ki, idarənin işi olanda onu görürsən, qalan vaxtda da həmin texnika ilə özünçün “xaltura” edirsən. Kiminə arx qazırsan, kiminin peynini yığırsan. Bu yolla pul qazandığımıza görə, idarədən bizə əmək haqqı verilməyib.”

Sədulla Məmmədov
Sədulla Məmmədov

​S.Məmmədov deyir ki, əməkhaqqı tələbindən sonra idarədə “arzuolunmaz şəxs”ə çevrilib:

“Prezidentə, onun xanımına, Baş Prokurorluğa, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə (ASC) şikayət etdim. Müraciətlərim araşdırılması üçün yerli orqanlara- Əmək Müfəttişliyinə və İmişli Rayon Prokurorluğuna göndərildi. Çağırıb məndən izahat aldılar. Buna görə Hidroqovşaq müdiri istifadəmdə olan traktoru ləğvə verdi, məni çilingər vəzifəsinə keçirdi. Adıma plastik kart işlənildi və 3 ay maaşımı onunla aldım. Elə ki, şikayət üzrə araşdırma bitdi, məni işdən çıxardılar.”

“MƏNİM BAŞIMA 100 MİN MANAT QİYMƏT QOYULUB”

32 il bu müəssisədə çalışdığını deyən Tahir Mustafayev vurğulayır ki, qabaqcıl işçi kimi onu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə “Fəxri fərman”la təltif edib. Amma gileylənir ki, haqqını tələb edərkən çoxillik səmərəli fəaliyyəti nəzərə alınmayıb:

Tahir Mustafayevə verilən mükafat
Tahir Mustafayevə verilən mükafat

“Əmək haqqı ilə bağlı narazılıq edəndən sonra 2017-ci ilin martın 29-da maaş kartım özümə qaytarıldı. Əgər o vaxtadək ayıma 600-700 manat yazılırdısa, bundan sonra 150-200 manat yazıldı. Gördülər onların maxinasiyalarına imkan vermirəm, məni işdən çıxardılar. İdarə rəisi mənim başıma 100 min manat qiymət qoyub. Deyir səni işə qaytarmamaq üçün bu qədər xərc çəkməyə hazıram. Dəfələrlə Cəmiyyətin baş ofisinə getmişəm. Amma məni Əhmədzadənin yanına buraxmırlar ki, sözümü ona deyə bilim.”

T. Mustafayev vurğulayır ki, Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsində əksər işlər qeyri-rəsmi görülür:

“Müəssisənin saxlanılması üçün büdcədən ayrılan pul saxta sənədlərlə silinir. Guya hər il minlərlə kilometr kanal təmizlənir, bəndlər bərpa olunur, texnikalara ehtiyat hissələr alınır. Əslində isə Hidroqovşaq “Aqrolizinq”ə oxşar bir iş görür. Texnikalar ayrı-ayrı fiziki və hüquqi şəxslərin icarəsinə verilir...”

TRAKTORÇULARDAN “AVROPA OYUNLARİ PULU” TUTULUB?!

Çingiz Nəsirov
Çingiz Nəsirov

​Başqa bir traktorçu Çingiz Nəsirov də deyir ki, 10 il bu idarədədən maaş alsa da, faktiki olaraq başqa təşkilatların işini görüb:

“Hər ay idarə rəisinə 3-5 min manat arası xeyir vermişəm. Gəlib araşdırsalar, bircə-bircə deyərəm hansı texnika ilə harada iş görmüşəm, kimdən nə qədər pul alınıb. Bunların heç biri rəsmiyyətdə yoxdur. Aylıq əmək haqqım əvvəllər 300 manat idi. Ölkəmizdə 1-ci Avropa Oyunları keçirilən il müdir bildirdi ki, “yuxarı”ya pul çatdırmalıdır. Buna görə maaşımızı 200 manata endirdi. Amma yarışlar qurtardı, maaşımız artmadı. Sonuncu dəfə haqqımı tələb edəndə, məni işdən qovdu.”

“ÖLÜ CAN”LAR, MƏXFİ CƏDVƏLLƏR VƏ BİR TORBA KART BARƏDƏ İDDİALAR

Bəhrəmtəpə Hidoqovşağının İstismarı İdarəsinin keçmiş işçiləri iddia edirlər ki, hazırkı vaxtda da bu idarədə “qara mühasibatlıq” mövcuddur. Onlar vurğulayırlar ki, işçilərin əksəriyyətinin əməkhaqqı kartı özlərində deyil. Həmçinin o da iddia olunur ki, bu idarədə işləməyən bəzi şəxslərə də maaş yazılır.

26 yaşlı Eynulla Məmmədov deyir ki, Hidrovşaqda işlədiyi müddətdə maaş kartının üzünü belə görməyib:

Eynulla Məmmədov
Eynulla Məmmədov

“Ayda bir dəfə hansısa kağıza qol çəkdirib mənə 150-200 manat pul verirdilər. Sonradan öyrəndim ki, bu cədvəllər əsil sənəd deyil. Demə adıma əməkhaqqı kartı varmış...”

Çingiz Nəsirov isə iddia edir ki, 2015-ci ildə maaş kartları qəfil özlərinə verilib:

“Bu, o vaxt idi ki, Cəmiyyətin hansısa idarə rəisində bir torba kart tutularaq ona qarşı korrupsiya ittihamı irəli sürülmüşdü. Orada sakitlik yaranan kimi, bizdən kartları təzədən aldılar. Yüksək əməkhaqqı almağımız da elə o vaxt olub.”

SU İDARƏSİNİN QOYUN, GÖYƏRÇİN FERMALARI VAR?

Tahir Mustafayev Hidroqovşaq rəisinin dövlət resursları hesabına özünə biznes qurduğunu da iddia edir:

Tahir Mustafayev
Tahir Mustafayev

“Baş Muğan kanalının mühafizə zənasında müxtəlif kommersiya obyektləri inşa olunub. Dövlət və bələdiyyə mülkiyyətində olan yüz hektarlarla torpaq sahəsini qohumlarının adına icarəyə götürərək orada maldarlıq ferması yaradıb, yem, taxıl bitkiləri yetişdirir. Arazın yeni çəkilən qolunun sağ və sol tərəfindəki ucsuz-bucaqsız əraziləri bütünlüklə ələ keçirib. Aranlı kəndində fermerlərin torpağını əllərindən alıb, indi onlarla məhkəmədə çəkişir. Su da öz əlindədir. Yayda hamının əkinləri yananda, onun təsərrüfatlarına gedən su arxları daim dolu olur. Bu yaxında özünə “Göyərçin ferması” da yaradıb...”

QOVŞAQ RƏİSİ DEYİLƏNLƏR YALANLAYIR

Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişov şikayətçilərin əmək intizamsızlığına görə işdən çıxarıldığını, onların səsləndirdiyi ittihamların isə əsassız olduğunu deyir:

“Bu adamlar yuxarı təşkilatlara da yazıblar. Dəfələrlə araşdırılıb, heç bir fakt təsdiqini tapmayıb. Mən hələ humanistlik edib onları, bilə-bilə yalan məlumat yaydıqlarına görə məsuliyyətə cəlb etdirmirəm. Bəziləri həmkəndlim, qohumumdur, necə olsa da, bir yerdə işləmişik.

Muğan kanalının kənarında həqiqətən mənim qardaşıma və digər qohumlarıma məxsus kommersiya obyektləri var. Amma onların tikintisi üçün icazə sovet dövründə alınıb. İdarənin balansında olan texnikalar üzərində nəzarət var, heç biri özbaşına olaraq kənara çıxarıla bilməz. O ki qaldı fermaya, bu, idarənin yardımçı təsərrüfatıdır. Buna görə orada işçimiz də ola bilər, texnikamız da. Qoyunlar dövlətindir, amma göyərçinlər özümün. Göyərçin saxlamaq uşaqlıq hobbimdir, 140 başa çatdırmışam. Belə insanların şər-böhtanına görə əsəbləşəndə, gedib o quşlarla əylənib sakitləşirəm.”

PROKURORLUQ ARAŞDIRMA APARIB, AMMA ...

Sədulla Məmmədov-un mərkəzi icra hakimiyyəti orqanlarına yazdığı şikayət 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi-nə göndərilib. Müfəttişlik də müraciətdə göstərilən halların araşdırılmasından ötrü prokurorluğa müraciət edib.

İmişli Rayon Prokurorluğu isə bildirib ki, aparılan araşdırma ilə S. Məmmədovun 16 il yarım ərzində əməkhaqqının ona verilməməsi, bu vəsaitin mənimsənilməsi halı təsdiqini tapmayıb. Hidroqovşaq rəhbəri və bir neçə işçinin izahatı, ödəniş cədvəlləri əsas götürülərək belə qənaətə gəlinib. Buna görə də cinayət işinin başlanılması rədd olunub.

Vətəndaş isə prokurorluğun səthi araşdırma apardığını düşünür:

“ Məgər prokurorluqda bilmirlərmi ki, imzalar saxta, yəni başqa şəxslər tərəfindən edilmiş ola bilər? Niyə bu cədvəllər ekspertizaya verilməyib? Bundan əlavə, banklardan görüntüləri əldə etməklə asanlıqla müəyyən etmək olardı ki, adıma işlənmiş plastik kartla pulu bankomatdan kim çəkib...”

Bu iradlara isə, hələlik, İmişli Rayon Prokurorluğundan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG