Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 06:08

BDU müəllimi prokurorluqda işdən ötrü 50 min verməsindən danışır


Manat

Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə müəllimi Hüseyn Məmmədov oğlunu prokurorluqda işə düzəltməkdən ötrü 50 min manat pul verdiyini deyir. Bunu məhkəmədə hakimlərin önündə etiraf edib.

H.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Baxmayaraq ki, nə oğlunu işə düzəldə bilib, nə də verdiyi pul qayıdıb, H.Məmmədov zərərçəkən kimi tanınmayıb. Çünki Ali Məhkəmənin Plenum qərarı var ki, şəxs pulu rüşvət məqsədilə verib dələduzluqla üzləşərsə, bu halda, zərərçəkən kimi tanınmamalıdır. Ona görə müəllim də bu işdə şahid qismində tanınıb.

H.Məmmədovu aldatmaqda suçlanıb həbs olunan isə 52-yaşlı Eldar Yusifovdur. Ona da CM-in 178-ci (dələduzluq) maddəsiylə yanaşı, 34.312-ci (rüşvət verməyə təhrik) maddə ilə də ittiham verilib.

«Mən onları tanış etmişəm»

E.Yusifov özünü təqsirli bilmir. Deyir, düzdür, universitet müəllimindən 50 min manat alınıb, amma özü almayıb. Onun sözlərinə görə, pul makler işləyən Elbrus Əliyevə verilib. Sadəcə, E.Əliyevlə müəllimi o, tanış edib: «Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar».

H.Məmmədov da avqustun 7-də şahid kimi dindirilərkən belə ifadə verib. Hətta E.Əliyev azadlıqda olduğu halda, E.Yusifovun həbs olunmasına etirazını bildirib, bunun haqsızlıq olduğunu deyib. Məhkəmədən də xahiş edib ki, E.Yusifovu azadlığa buraxsınlar.

«Eldarla bir-birimizi çoxdan tanıyırıq. Fikirləşdi ki, mənə bu işdə Elbrus kömək eləyə bilər. Ona görə də görüşdürdü. Elbrus da əvvəl 100 min istədi, sonra 50-yə düşdü. Özümün o qədər pulum yox idi. Ona görə əvvəl 20 min manat verdim. Elbrus dedi ki, bu pula düzələn deyil. Ona görə məcbur olub, 30 min də sələmlə pul götürüb ona verdim», – BDU müəlliminin sözləridir. Onun dediyinə görə, həm 20 mini, həm də 30 mini metronun «Elmlər Akademiyası» stansiyasının yanında Elbrusa verib.

«Belə haqsızlıq olar?»

H.Məmmədov iddia edir ki, Elbrusu himayə edənlər var, onların da sayəsində məsuliyyətdən kənarda qalıb: «Bu adamın nə günahı var? Mən özüm deyirəm ki, pulu Elbrusa vermişəm. Elbrus əvvəlcə dəlixanada idi. Onu dəlixanadan gətirib dindirdilər, sonra da azadlığa buraxdılar. Onu himayə edənlər azadlığa buraxdırdılar. Eldarın həbs edilməsi haqsızlıqdır, ədalətsizlikdir. Bu necə ölkədir? Belə haqsızlıq olar? Günahkar qalıb çöldə, günahı olmayan adamı tutublar. Bu qədər ədalətsizlik olmaz axı...».

Şahid müəllimin yadına istintaqdakı ifadəsini salıblar. O, ifadədə E.Yusifovu ittiham edib, ondan şikayətçi olduğu yazılıb. H.Məmmədov bildirib ki, belə söz deməyib, müstəntiq onun ifadəsini təhrif edib.

Məhkəmə araşdırmaları davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG