Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:55

ABŞ-da baza gəliri eksperimenti aparılır


Polis
Polis

Kaliforniyanın Stokton şəhərinin meri Michael Tubbs bəyan edib ki, onun şəhəri ABŞ-da «şərtsiz baza gəliri» ilə bağlı eksperiment aparan ilk şəhər olacaq. Proqramda iştirak üçün seçilmiş hər bir şəhər sakini üç il müddətində ayda 500 dollar alacaq. Bu məbləğ Kaliforniyanın yoxsul ərazilərində işsizlik müavinətinin həcminə yaxındır. Bu pullar insanlara hər hansı bir şərtsiz ödənəcək. Adamlar bu pulu necə xərclədikləri barədə hesabat verməli, yaxud narkotik testindən keçməli olmayacaqlar.

İqtisadçılar artıq Keniya, İtaliya, Niderland, Finlandiya, Hindistan və Kanadada şərtsiz baza gəliri ilə bağlı eksperimentlərə başlayıblar.

ƏN YOXSUL VƏ ƏN KRİMİNAL ŞƏHƏRLƏR SIRASINDA

Stokton Kaliforniyanın ən yoxsul şəhərlərindən biridir. Əhalinin 1/3-ə qədəri bura Meksika və Latın Amerikasının digər ölkələrindən gəlib. Onların çoxu ingiliscə pis danışır və inteqrasiya olunmaqda çətinlik çəkir. Stokton müntəzəm olaraq FTB-nin ABŞ-ın ən kriminal şəhərləri siyahısına düşür. 2016-cı ildə əhalisi 300 mindən bir qədər artıq olan bu şəhərdə 4 qətl və 4381 zorakılıq xarakterli cinayət baş verib. Əhalinin sayına nisbətdə bu, Los-Ancelesdən də çoxdur. Bu məsələdə Stokton Kaliforniyada yalnız ştatın kriminal paytaxt sayılan Oklenddən geri qalır.

Stokton
Stokton

Ancaq cinayətkarlıq Stoktonun yeganə problemi deyil. 2013-cü ilin məlumatlarına görə, şəhər ABŞ-ın əhalisinin təhsil səviyyəsi ən aşağı olan üç yaşayış məntəqəsindən biri olub. Burada sakinlərin yalnız 17%-i kolleci (ali təhsilin birinci mərhələsi - bakalavr pilləsi) bitirə bilib. Şəhər büdcəsi də çətinliklərlə qarşılaşıb: 2008-ci ildə şəhər iflas prosedurundan keçməli olub. Stoktonda işsizliyin səviyyəsi hətta rəsmi göstəricilərə görə, ümumölkə səviyyəsindən iki dəfə yüksəkdir. Şəhər sakininin orta gəliri isə ümumştat göstəricisindən 1.5 dəfə aşağıdır.

Stokton merinin cəmi 27 yaşı var. O bu vəzifəyə 26 yaşında seçilib. O, həm də ABŞ tarixində 100 mindən artıq əhalisi olan şəhərlərin merləri arasında ən gənc merdir. Özü də buralı olan Tubbs həyatda uğur qazana bilib. O, Stenford Universitetinə daxil olub, «Google» və Ağ evdə praktika keçib.

Micael Tubbs
Micael Tubbs

BİRCƏ CİNAYƏT OLMASIN

Stokton meri hesab edir ki, baza gəliri eksperimenti şəhərdə yoxsulluq problemini həll edə bilər. İnsanlar hər ay qida xərclərini ödəməyə yetəcək qədər pul alacaq, nəzəri cəhətdən bu pulları cinayət yolu ilə əldə etməli olmayacaqlar.

Stoktonda bu layihə ilə «İqtisadi Təhlükəsizlik Layihəsi»nin (Economic Security Project, ESP) fəalları məşğul olur. Qrupun əsasını 2016-cı ildə «Facebook»un həmtəsisçilərindən biri Chris Hughes qoyub. Eksperiment üçün ilk milyonu onlar toplayıblar. Ümumilikdə Stoktonda şərtsiz baza gəliri proqramına 10 milyon dollar ayrılıb. Fonda gələn pulu, əsasən, Kaliforniyadakı Silikon Vadisində yerləşən hay-tek şirkətlər köçürürdü. Bu şirkətlərin adları açıqlanmasa da, layihəni dəstəkləyənlər arasında «eBay»in təsisçilərindən biri Pierre Omidyar da var. O, daha öncə Keniyada analoji layihənin donoru olub.

Tubbs nə qədər insanın pul alacağını açıqlamayıb. İqtisadçılar hesab edirlər ki, eksperimentin davam edəcəyi 3 il insanların «ağlını başına yığaraq» təhsil alması, hər hansı bir peşəyə yiyələnməsi, yaxud da normal iş tapması üçün kifayət etməlidir.

QİDA XƏRCLƏRİNƏ YETİR

Şərtsiz baza gəliri ideyasının həm tərəfdarları, həm də əleyhdarları var. Ancaq ABŞ-ın bir neçə demokrat meri artıq belə layihələr gerçəkləşdirməyə cəhd ediblər. Məsələn, Vaşinqtonda cinayətkarlara və narkomanlara sadəcə kriminalla məşğul olmadıqlarına görə pul ödənirdi.

Kanadada isə şərtsiz baza gəliri ilə bağlı ilk eksperiment hələ 70-ci illərdə Manitoba əyalətində həyata keçirilib. Ancaq eksperiment insanların həyat tərzində hər hansı dəyişiklik yaratmayıb. Baş verən yeganə dəyişiklik anaların analıq məzuniyyətinə çıxaraq təzə uşaqlar dünyaya gətirməsi, böyük uşaqlarınsa məktəbi atmaması olub. Eksperimentdən öncə uşaqlar məktəbi ataraq işləməyə məcbur olurdular.

Ontario əyalətində başlamış eksperimentin nəticələri hələlik açıqlanmayıb. Bu ilin yayından proqramın 4 min tək yaşayan iştirakçıları ildə 17 min Kanada dolları (13460 ABŞ dolları), ailəli iştirakçılarsa ildə 24 min Kanada dolları (19000 ABŞ dolları) vəsait alırlar. Bu, əyalətdəki orta gəlirdən təqribən 5 dəfə az olsa da, qida xərclərini ödəməyə imkan verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG