Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

Lavrov Mirzoyana: 'Qarabağa daim diqqət ayırmalıyıq'


Minskdə üçtərəfli görüş
Minskdə üçtərəfli görüş

Oktyabrın 14-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minskdə rusiyalı həmkarları ilə ayrı-ayrılıqda da görüşüblər.

“Moskvada geniş danışdıq, bu gün isə həm ikitərəfli, həm də regiona aid əlavə məsələlərə baxa bilərik. Qarabağa daim diqqət ayırmalıyıq”, – Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana deyib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşündə isə Lavrov “həlli vacib məsələlərdən” danışıb. Bu məsələlər haqda detallı informasiya verilmir.

Rusiya XİN-in məlumatına görə, üçtərəfli görüşdə nazirlər ötən il noyabrın 9-da imzalanmış, Qarabağ müharibəsinin dayanmasıyla sonuclanmış razılaşmanın icrasını “nəzərdən keçiriblər”.

“Onlar razılaşmanın əsas maddələrinin uğurla həyata keçirilməsi qənaətinə gəliblər. Qalan məsələlər üzərində işi gücləndirməyə razılaşıblar”, – məlumatda deyilir.

Mirzoyanın mətbuat xidmətinin məlumatına görə, o, görüşdə Azərbaycanda saxlanan onlarla erməni əsirin məsələsini qaldırıb, bununla atəşkəs razılaşmasını pozlduğunu vurğulayıb.

Ermənistanla sərhəd kəndi Başkənddən reportaj
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Azərbaycan əsirlərin bir qismini mina xəritələri əvəzində qaytarıb.

O həmçinin Yerevanın “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinə” tərəfdar olduğunu bir daha qeyd edib.

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan həmsədrləri də bu yanaşmanın tərəfdarıdır və sentyabrın 24-də Bayramovla Mirzoyanın Nyu York görüşündə iştirak ediblər. Həmsədrlərin regiona səfəri gözlənilir.

***

Bugün, oktyabrın 14-də Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Minsk şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri şurasının iclası çərçivəsində gerçəkləşib.

Məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqe səsləndirib:

“Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb”.

Vurğulandığına görə, o, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında iki ölkə arasında münasibətlərin normallaşmasına hazır olduqlarını ifadə edib:

“Bu xüsusda, Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.”

Quruculuq işləri

XİN-in bildirməsinə görə, nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib:

"Nazir həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə danışıb.”

MDB 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaradılıb. Baltikyanı respublikalar və Gürcüstandan başqa keçmiş SSRİ-nin qalan müttəfiq respublikaları orada təmsil olunub.

Azərbaycan və Ermənistan nazirləri sonuncu dəfə ötən ay BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərəçivəsində görüşmüşdülər.

Onda isə vasitəçi ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) olmuşdu.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada onlar yenidən üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG