Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:37

Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»


"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"

«Narkotik ittihamı üzrə özümü qətiyyən təqsirli bilmirəm. Mən Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək!» yazdığıma görə həbs olunmuşam. Buna görə özümü məmnun hiss edirəm. Həyatımın ən böyük uğurlarından biridir».

Bunu başqa bir gənc fəal Qiyas İbrahimovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəlinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunan 21 yaşlı Bayram Məmmədov noyabrın 11-də məhkəməsində deyib.

«İQTİDARINIZI İTİRMİSİZ»

Məhkəmədə dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib. İttihama görə, Bayram yanvarda kimliyi istintaqa bəlli olmayan İran vətəndaşından bir kiloqramdan artıq narkotik alıb və satış məqsədilə özündə saxlayıb. Həmin narkotikin də az bir hissəsi saxlanılarkən üstündən çıxıb, qalanı da evlərindən kompüterin arxasından götürülüb.

Prokurordan sonra Bayram Məmmədov ifadə verib. Deyib ki, burada danışacaqlarının onun xeyrinə olmayacağını, Qiyas kimi ona da sonda hakimin prokurorun istədiyindən çox cəza verəcəyini başa düşür. Bununla belə, susmaq istəmir: «Sussam, «böyük qardaş» elə bilər ki, qorxuram, ondan mərhəmət istəyirəm. Siz hakimlər bu məhkəmədə öz iqtidarınızı itirmisiniz. Başqa məhkəmə işlərində iqtidarınızı qorumaq üçün verilən sifarişi yerinə yetirməlisiniz».

«BÖYÜK QARDAŞ»I QƏZƏBLƏNDİRMƏK

Məhkəmə prosesinə sədrlik edən hakim Eynulla Vəliyev Bayramın sözünü kəsib və ondan yalnız narkotik ittihamı üzrə danışmağı tələb edib.

«Bir daha deyirəm, əksəriyyətin «babası» olan, mənim isə heç kimim olmayan Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək!» yazdığıma görə həbs olunmuşam. Yazmaqda məqsəd ölkədəki haqsızlığa və ədalətsizliyə etiraz etmək, həm də «böyük qardaşı» qəzəbləndirmək idi...», – deyə Bayram ifadəsini davam etdirərkən hakim yenə onun sözünü kəsib və ittihamın mahiyyəti üzrə danışmağı tələb edib. Gənc fəal cavabında deyib ki, elə ittihamın mahiyyəti üzrə danışır:

«Həbsimin səbəbi budur. O şüarı yazmaqda başqa bir məqsədimiz də vardı. Müxalif düşərgədə sakitçilik idi. Ortalığı qızışdırmaq lazım idi, katalizator özümüz olduq. İndi İstanbulda, Avropa ölkələrindəki heykəllərlə bağlı da eyni aksiyalar keçirilir. Biz Qiyas İbrahimovla birlikdə bir hərəkat başlatdıq».

Bu yerdə hakim Bayram Məmmədovu zaldan çıxarmaqla hədələyib.

'Mənim etirazım prezidentədir'

'Mənim etirazım prezidentədir'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

«ADAM İKİ NƏFƏRİN ÖLÜMÜNÜ DƏ BOYNUNA ALMALI OLUR»

Gənc fəal ifadəsində daha sonra deyib: «Narkotik ittihamına gəlincə, elə bil ki, qədim Yunanıstanda Zevsin heykəlini yazıb, kahinlərin əlinə düşmüşəm. İşin içində işgəncə altında alınmış ifadə olmalıdır. Mən mayın 9-da axşam 23 radələrində heykələ şüar yazdım, 10-da evimizə zəng gəldi, soruşdular ki, Bayramgilin evidir? Bildim ki, dünənkinə görə aparmağa gəlirlər. Evdən çıxan kimi ağ rəngli cip avtomobilində üç nəfər məni zorla mindirib 12-ci bölməyə apardı. İlk «döyüşlər» orada başladı. 7-8 nəfər düşdü üstümə. Əllərim bağlı vəziyyətdə davam edən «döyüş» təxminən bir saat çəkdi. Oradan «qorotdel»ə gətirdilər. «Döyüş»lərin 1/4 mərhələsi də burada davam elədi. Yarımfinal da Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama təcridxanasında oldu».

Bayram Məmmədov işgəncələrə məruz qaldığını desə də, zalda valideynləri olduğundan bu barədə ətraflı danışmaq istəməyib: «Elə situasiya yaranır ki, adam hətta iki nəfərin ölümünü də boynuna götürmək məcburiyyətində olur. Elə dəyərlər var ki, onlardan keçmək olmur. Dubinka, elektroşok, ağzını bağlayıb ikinci mərtəbədən atmaq, valideynlərlə hədələmək... Gələn dəfə evdəkilər gəlməsə, bu barədə ətraflı danışaram».

«DEDİ, YUXARIDAN TAPŞIRIBLAR, ÇOX QOYULMALIDIR»

Bayram Məmmədov deyir ki, əvvəlcə üzərinə daha az miqdarda narkotik qoyulub, sonradan artırıblar: «Şirəli adlı biri vardı, dedi ki, yuxarıdan tapşırıblar, çox qoyulmalıdır. Zəng elədilər ki, Pirşağıdan «mal» gətirin...».

Daha sonra məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Şirəli Babayev, Naib Ömərov, əvvəl 12-ci bölmənin əməkdaşı olmuş, hazırda isə 32-ci bölmədə işləyən Fərid Babayev, hal şahidləri İntiqam Kərimov və Nizami Quliyev şahid kimi ifadə veriblər. Polislər iddia ediblər ki, Bayram əməliyyat məlumatı əsasında saxlanıldıqdan sonra birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib.

Bayram bildirib ki, dindirilən polislər yalan danışır. Narkotiki də cibinə Naib Ömərov atıb.
N.Ömərov ifadə verib zaldan çıxanda Bayrama «Allah qapını açsın» deyib.

Məhkəmə noyabrın 24-də davam edəcək.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG