Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:26

'Cənab hakim, əlavələrim var, amma danışmağa qorxuram'


Bayram Məmmədov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə tutulub 10 il həbs cəzası alan Bayram Məmmədov yanvarın 18-də yenidən hakim önünə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə ilkin baxış iclası keçirilib.

NİDA Vətəndaş Hərəkatının üzvü olan gənc fəalın işinə Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmədə Bayram Məmmədov haqqında cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, qismən məhkəmə istintaqı aparılmaqla apelyasiya şikayətinə baxılması, həbsinin ilk günlərindəki ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırılıb. Vəkil Elçin Sadıqov müvəkkilinin - Bayram Məmmədovun müdafiə hüququ pozulduğunu, həmin ifadələri işgəncə altında imzalamağa məcbur qaldığını deyib.

Buna da bax:​ Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]

Vəkil hakimlərin nəzərinə çatdırıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bayramın işinə baxılarkən, onun son söz demək hüququ məhdudlaşdırılıb, gənc fəalın cibindən və evindən tapıldığı iddia edilən narkotikin üzərində onun əl izlərinin olub-olmadığını müəyyənləşdirməkdən ötrü ekspertiza keçirilməyib.

"Narkotiki gətirib yandırın ki, başqalarını şərləməsinlər"

"Hal şahidləri İntiqam Kərimov və Nizami Quliyev məhkəmədə dindirilərkən, daha əvvəl başqa işlərdə hal şahidi olmadıqlarını söyləyiblər. Amma biz məhkəməyə bunun əksini sübut edən hökmləri təqdim etdik. Hökmlərdən görünür ki, Bayram Məmmədovu həbs edən əməliyyat qrupunun rəhbəri Şirəli Babayevin işlərində bu adamlardan istifadə olunub", - Elçin Sadıqovun sözləridir.

Buna da bax: Bayram Məmmədova görüş verilməyib

Bayramın həbsindən dərhal sonra Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda onun təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu vurğulayan vəkil bununla bağlı ayrıca qərar çıxarılmasını istəyib.

Vəkilin daha bir vəsatəti başqalarının da şərlənməməsi üçün Bayramın evindən tapıldığı iddia edilən bir kiloqramdan çox narkotikin məhkəməyə gətirilib yandırılması haqdadır.

Hakim: “Nədən qorxursan?”

Hakim Bayram Məmmədovdan vəkilinin vəsatətlərinə əlavəsi olub-olmadığını soruşanda onların arasında belə bir dialoq yaşanıb:

- Cənab hakim, əlavələrim var, amma danışmağa qorxuram.
- Nədən qorxursan?
- Ağır Cinayətlərdə mən danışmağa başlayınca, Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası durub qaçırdı. Qorxuram ki, eyni hal burada da təkrarlana.

Buna da bax:​ Vəkil NİDA üzvünə bəraət istəyir

Dövlət ittihamçısı Ceyhun Azadəliyev vəsatətlərin heç birinin təmin olunmamasını təklif edib.

Məhkəmə də vəsatətləri təmin etməyib. Apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacaq. Məhkəmə baxışı fevralın 3-nə təyin olunub.

Xatırlatma

Bayram Məmmədov ötən il mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələr və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma, - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Buna da bax: 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə 2 kq-dan çox heroin götürülüb.

Məhkəmə gedərkən, Bayram Məmmədov ona verilən ittihamlarla razılaşmadığını, heykələ şüar yazdığına görə cəzalandırıldığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Məmmədova 10 il həbs cəzası kəsilib.

"Amnesty İnternational" Bayram Məmmədovu "vicdan məhbusu" elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG