Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:47

'Quzu dərisində canavarlar' və ya 'Putinin mələkləri'


Cərrah ləqəbli Alexander Zaldostanov
Cərrah ləqəbli Alexander Zaldostanov

AzadlıqRadiosunun müxbiri Yaroslav Shimov yazır ki, Varşava blokunun ovaxtkı Çexoslovakiyaya hərbi müdaxiləsinin 50 illiyi ərəfəsində Kremlin ən cəsarətli dəstəkçi qruplaşmalarından biri NATO üzvü olan Slovakiyanın paytaxtı yaxınlığında hərbisayağı “düşərgə” salıb.

Krımın ilhaqının ön sıralarında olmuş “Gecə canavarları” bayker qrupunu həm də “Putinin mələkləri” ayaması ilə tanıyırlar. İndi onlar Bratislavanın 60 kilometrliyindəki keçmiş Dolna Krupa hərbi bazasında məskən salıblar.

Rusiya millətçiliyini təbliğ edən, geylər və feministlərə düşmən kəsilən bu qrupun məhz burda düşərgə qurması Avropa İttifaqının üzvü olsa da, nəzərəçarpacaq ruspərəst icmaya malik Slovakiyanın anti-Qərb tərəfinə işıq salır.

Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə görə Qərb tərəfindən sanksiyalanmış qrup Slovakiyaya ötən ay gəlib.

Slovakiya müxalifətinin nümayəndəsi və kommunist zəmanəsində Xartiya 77 antisovet sənədini imzalamış Jan Budaj deyir: “Onlar bura demokratları qıcıqlandırmağa və Ukrayna separatçıları üçün könüllü toplamağa gəliblər. Onların məqsədi Avropa İttifaqına nifaq salmaq və NATO-nun buraxılmasına nail olmaqdır”.

Rusiya baykerləri Berlində Sovet əsgəri abidəsinin yaxınlığında
Rusiya baykerləri Berlində Sovet əsgəri abidəsinin yaxınlığında

2 metr hündürlüyü olan tikanlı məftilli hasarla əhatələnmiş bu ərazidə nələrin baş verdiyini bilmək olmur.

Dron çəkilişlərindən bəlli olan budur ki, burada tanklar, zirehli maşınlar və polis avadanlığı var.

Hospodarske Noviny qəzetinin yazdığına görə “Gecə canavarlarının” yerli başçısı Jozef Hambalek bu ərazinin sahibi olduğunu bidlirir. Onu keçmiş daxili işlər naziri Robert Kalinakın yaxın adamı kimi tanıyırlar. Kalinak bu baza barədə heç vaxt açıqlama verməyib.

Deyilənlərə görə Hambalek bu ərazidə hərbi muzey yaratmaq istəyir.

Lakin buradakı hərbi texnikanın Müdafiə Nazirliyinin sərəncamında olduğu deyilir. Nazirlik Hərbi Tarix İnstitutunun direktoru Miloslav Capalovic-i hərbi avadanlığı Hambalek-ə icarəyə verdiyinə görə vəzifəsindən azad edib.

Müdafiə Nazirliyi bildirib ki, institut bazanı icarəyə verəndə bu təşkilatı yaxşıca araşdırmayıb.

Polis bildirir ki, qruplaşmanı diqqətlə monitorinq edir, lakin indiyədək qanunsuz heç bir hərəkət qeydə alınmayıb.

Bununla belə Xarici İşlər Nazirliyi qruplaşmanın fəaliyyətindən narahatdır.

Slovakiya Təhlükəsizlik İnstitutunun direktoru Jaroslav Nagy bildirir ki, bu ciddi məsələyə barmaqarası baxmaq olmaz:

“Bu icazə verilməsi mümkün olanın xaricindədir. Onların bütün hərəkətləri təbliğata hesablanıb”.

Gecə canavarları qrupunun başçısı Aleksandr Zaldostanov tez-tez Putinin yanında görünür və qatı millətçi şüarlar səsləndirir.

Gecə canavarlarının başçısı Aleksandr Zaldostanov prezident Vladimir Putinlə tez-tez görüşür
Gecə canavarlarının başçısı Aleksandr Zaldostanov prezident Vladimir Putinlə tez-tez görüşür

Onun qruplaşması Qələbə günü ərəfəsində Berlinə yürüş və Xatında şamyandırma mərasimi keçirərək təxribat xarakterli aksiyalara əl atıb. Xatında İkinci Dünta Müharibəsi illərində deyilənlərə görə Stalinin əmri ilə minlərlə polyak zabit edam olunub.

Son vaxtlarda isə Zaldostanov özünün 20-dək baykeri ilə “Rusiya Balkanlarına” tur keçirib.

Bu ayın əvvəllərində Bosniya-Herseqovina hakimiyyət orqanları Zaldostanovun ölkəyə gəlməsini qadağan edib.

Bosniya rəsmiləri bildirirlər ki, özünü “cərrah” adlandıran Zaldostanovun dəstəsi ikiyə bölünmüş ölkədə qeyri-serbləri qorxutmaq istəyir.

Slovakiya Tələbə Təşəbbüs Qrupu vəziyyətdən o qədər narahatdır ki, iyulun 27-ə etiraz aksiyası çağırıb.

Təşəbbüs iştirakçılarındanTimothy Lauko deyir ki, “Gecə canavarları” birbaşa Kremldən dəstəklənən vurucu qrupdur.

Lakin Slovakiyada heç də hamı “canavarlardan” narahat deyil. Topky.sk internet portalı bir yerli kəndlinin dediklərindən yazır: “Rusiya baykerləri buralara da gəlirlər. Onlarla heç bir problemimiz yoxdur”.

XS
SM
MD
LG