Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

'Bəlkə yapon sürüşməni saxlayacaq?!..'


Sürüşmə bölgəsindən yeni görüntülər - sakinlər evlərini tərk etmirlər
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Sürüşmə bölgəsindən yeni görüntülər - sakinlər evlərini tərk etmirlər (Video arxiv. 30 yanvar 2018)

«Bunun üçün vəsait ayrılmalıdır. Onun hesabına da bu işlər görülməlidir. Deyək ki, ya yapon gəlir, ya da bizim mütəxəssislər işləyir. Havayı işləmirlər ki. On yerdə quyular qazılır... Havayı qazılmır ha. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Xidməti var, bu işlərlə o məşğuldur. Təbii ki, bu işlərə hökumət büdcə ayırır. Bəs kim pul ayırmalıdır, kim bu işi görməlidir?» – Milli Elmlər Akademiyasının mühəndis-geofizika şöbəsinin rəhbəri Əvəz Salahov AzadlıqRadiosunun suallarını cavablandırarkən belə deyir. Onunla müsahibəni təqdim edirik.

- Əvəz müəllim, sürüşmələrin dayandırılması mümkündürmü? Xaricdən mütəxəssis cəlb edilib, onlarla danışmısızmı?

- Mütəxəssis dəvət edilibsə, tam olmasa da, yəqin müəyyən qədər sürüşməni dayandırmaq olar. Mütəxəssisi də, deməli, sürüşmənin qarşısını almaq üçün çağırıblar.

- Dünyada belə halda hansı praktikadan istifadə olunur?

- Sürüşmənin qarşısını almaqdan ötrü qaydalar var. Sürüşmə dünyanın hər yerində olur. Yaponiya ən çox sürüşmə baş verən yerdir. Onlar sürüşmənin aradan qaldırılmasına ildə 9 milyard dollara yaxın pul xərcləyirlər.

- Yəni Yaponiya bu sahədə böyük təcrübə sahibidir deyə, oradan mütəxəssis dəvət edilib?

- Nəsə onları dəvət ediblər də. Bizim də mütəxəssislər var. Özəl şirkətlər də var, institutlar da var. Demək olmaz heç kim yoxdur. Bizim texniki universitetlər 50-60 ildir mühəndis geoloq, geofizik hazırlayırlar. Bunlar hamısı itib-batmadı ki...

- Yeri gəlmişkən, bununla bağlı tənqidlər səslənməkdədir. İradlar var ki, elmi institutların, universitetlərin saxlanılmasına milyonlar xərclənir, amma sürüşməni dayandırmaq üçün mütəxəssis xaricdən dəvət olunur. O zaman bu qurumlara niyə vəsait xərclənir, faydası nədir?

- Bu institutda işləyən neynəsin? Bunu dəvət etmirlər. İndi bu da var ki, Badamdar sahəsində bizim də mütəxəssislər işləyir.

Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

- Yerli mütəxəssislər bu sürüşmənin baş verməməsi üçün öncədən tədbir görə, məsləhət verə bilməzdilərmi?

- Qabaqlayıcı iş aparmaq üçün gərək daimi monitorinq qurulsun, iş daimi aparılsın. Aparılan işin nəticəsində də ərazinin aktivləşib-aktivləşməməsi haqda məlumatlar toplansın. Aktivləşmə olduğu halda bunun harada, hansı hissədə baş verdiyi, qarşısının necə alınması ilə bağlı araşdırma aparılmalı, tədbir görülməlidir. Bir var lokal sahədə, bir də var... Sürüşmə birdən-birə baş vermir, birdən-birə böyümür. Onu böyüdən səbəblər var. Geoloji hadisədir. Bir var kiçik ərazidə sürüşmənin qarşısını alasan, bir də var böyük ərazidə. Ona görə daimi monitorinq aparılmalıdır.

- Monitorinq hökumətin sifarişiylə aparılmalıdır, ya bunu elmi institutlar öz təşəbbüsü ilə də təşkil edə bilər?

- Bunun üçün vəsait ayrılmalıdır. Onun hesabına da bu işlər görülməlidir. Deyək ki, ya yapon gəlir, ya da bizim mütəxəssislər işləyir. Havayı işləmirlər ha. On yerdə quyular qazılır... Havayı qazılmır ha. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Xidməti var, bu işlərlə o məşğuldur. Təbii ki, bu işlərə hökumət büdcə ayırır. Bəs kim pul ayırmalıdır, kim bu işi görməlidir?

- Sizcə, o ərazilərdə tikinti aparılmasına icazə verilməliydimi?

- Bu, bir az başqa məsələdir. Təbii ki, icazə verilməməli idi. Təhlükəli yerdir. Camaat gedir pul qoyur ev tikir, 5-10 ildən sonra da uçulub tökülür. Düz yer nə çox. Gərək dağın başında ev tikəsən? Dənizə baxmaq istəyirsən, get sahildə bax, amma dağın başına çıxıb ev tikmə.

- Vətəndaş yerin təhlükəli olmasından xəbərsiz də ola bilər. Bunun üçün hökumət var, o vətəndaşa xəbərdarlıq etməli, icazə verməməlidir.

- Düzdür, vətəndaş bilməyə bilər, amma özü də düşünməlidir ki, nə iş görürəm. Dağın başında ev tikib, bu da nəticəsi. Təbii, orda lap əvvəldən mühəndis geoloji işlər görülməliydi, kompleks işlər aparılmalıydı, dəqiq öyrənilməliydi ki, orda ev tikmək olar, ya olmaz. Bu, birinci sürüşmə deyil. 2014-cü ildə də sürüşmə baş vermişdi, ondan bir az əvvəl də olmuşdu. Aktiv zonalardır. Təbiət özü də sürüşməyə təkan verir. Dağlıq ərazi günəşin, küləyin təsirindən dağılır. Bu da var. Amma orda kanalizasiya da yoxdur. Camaatın istifadə etdiyi su da yerin altına gedir, bu da oturduğun budağı kəsmək kimi bir şeydir.

Bakıda böyük sürüşmə təhlükəsi - ekspert xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:05:55 0:00

- Landşaftşünas Şəbnəm Karslı deyib ki, 2 ilə, 5 ilə Bakının çökməsi baş verə bilər. Sizcə, durum belə vahiməlidir? Bundan yayınmaq üçün təcili hansı işlər görülməlidir?

- Çökmə baş verə bilər. Ərazidə özbaşına iş aparırıq, yamacları kəsirik, əlbəttə, ola bilər. Ona heç kim qarantiya verə bilməz. Hər bir ərazinin yük saxlamaq qabiliyyəti var, yüklənmə çox olanda gərginlik baş verir, parçalanma gedir, Badamdarda torpaq görürsünüz necə ovulur, dayana bilmir.

- Neynəmək lazımdır?

- O evlər köçürülməli, başqa yerdə tikilməlidir. Nə bilim, deyirsiz yapon gəlib. Bəlkə yapon sürüşməni saxlayacaq?!.. Nə deyim? Gərək əvvəldən orda ev tikilməyəydi, daha ondan keçib, tikiblər də, bəlaya düşüblər də. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Araşdırsınlar kim icazə verib, oranın geoloji quruluşu necə olub, hansı axtarış, mühəndis işləri aparılıb, nəticə necə olub, tikinti aparmaq olardımı? Bütünlükdə ərazi öyrənilməlidir. Bina tikiləcək yer araşdırılmamalıdır təkcə. İndi bina tikdirən beş-altı yerdə yeraltı suları üzə çıxarmaq üçün quyu qazdırır vəssalam, amma bəlkə oradan 5 metr aralıda təhlükə var? Yer yaxşı öyrənilməlidir ki, sonra quyu qazmağa, istinad divarı tikməyə, nələrə-nələrə ehtiyac qalmasın, sürüşmə, çökmə olmasın. Sovet dövründə Bayılda yamaclarda ev tikilmirdi. Bircə zoopark vardı, 1970-ci illərdə onu da köçürdülər. Ora 1996-cı ilə qədər boş idi. Sonradan insanlar gəldi sürüşdürdülər, çökdürdülər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG