Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:58

Bayden Tulsa qırğınını anıb


Tulsada Baydeni gözləyirlər
Tulsada Baydeni gözləyirlər

İyunun 1-də Tulsaya gedən Bayden Tulsa İrqi Qırğınının yüzilliyini anıb, yeni təşəbbüsləri elan edib

ABŞ Prezidenti Co Bayden 1921-ci ildə Oklahoma ştatının Tulsa şəhərində afroamerikan icmasının qırğınının anım mərasiminə qatılıb. O deyib ki, Birləşmiş Ştatlar 20-ci əsr tarixinin irqi qiyamlarının ən pis epizodlarından birini yadda saxlamalı və ondan öyrənməlidir.

İyunun 1-də Tulsaya gedən Bayden Tulsa İrqi Qırğınının yüzilliyini anıb, yeni təşəbbüsləri elan edib. Administrasiya bu təşəbbüslərin ölkədə sərvət, mülkiyyət və kiçik biznes sahibliyində irqi ayrıseçkiliyi yoluna qoyacağını deyir.

“Bu, qiyam deyildi, qırğın idi”, – Bayden deyib.

100 il öncə nə baş verib

1921-ci il mayın 31-də və iyunun 1-də Tulsada irqi iğtişaşlar və qətllər baş verib.

Hər şey gənc afroamerikalı Dik Roulandın ağdərili qadına hücumda suçlanmasından başlanıb. Bu iddia sübuta yetirilməyib. Həbsindən sonra ağdərili dəstənin onu linç edəcəyinə dair şayiələr yayılıb.

Çoxu silahlanmış afroamerikalı dəstə linçləmənin qarşısını almaq istərkən ağların dəstəsi ilə üzləşib, onların da çoxu silahlanmış olub. Roulandın saxlandığı məhkəmədə toqquşma zamanı 10 ağdərili, iki afroamerikalı həlak olub.

Bundan sonra ağdərili qiyamçılar afroamerikalıların evlərini talan edib, Tulsanın Qrinvud məhəlləsində evləri yandırıb.

Oklahoma dövlət komissiyasının 2001-ci ildə apardığı hesablamaya görə, 26 afroamerikalı və 10 ağdərili olmaqla 36 nəfər öldürülüb.

Bəzi tarixçilər isə əsasən afroamerikalılar olmaqla 300-dək insanın öldürüldüyünü deyirlər. 10 minədək insan evsiz, işsiz qalıb, afroamerika iqtisadi və mədəniyyət habı məhv olub. Sağ qalanlara kompensasiya verilməyib.

Son illərədək bu hadisələr yerli, ştat, yaxud federal səviyyədə tarix kitablarına salınmayıb. Onları afroamerikalı fəallar gündəmə gətirib.

“Bəzi ədalətsizliklər o qədər mənfur, dəhşətli və kədərlidir ki, adamlar onları nə qədər çalışsalar da basdıra bilməzlər. Sağalma yalnız həqiqətlə mümkündür”, – Bayden deyib.

Seçki islahatı

Bayden demokratların praymeriz səsverməsində, daha sonra prezident seçkisində qələbəsini afroamerikalılara borcludur, seçki kampaniyası zamanı polis zorakılığı, irqçilik, bərabərsizlik kimi məsələləri yoluna qoymağı vəd edib.

Bayden onu da deyib ki, Vitse-prezident Kamala Harris seçki islahatı üzərində işə rəhbərlik edəcək. Demokratların deməsinə görə, respublikaçılar səsverməyə çıxışı məhdudlaşdıran qanunlar qəbul etməyə çalışırlar.

Respublikaçılar isə iddiaları rədd edirlər. Onlar Corciya daxil bəzi ştatlarda qanunların səsverməyə çıxışı genişləndirdiyini, demokratların idarə etdiyi ştatlarda daha inklüziv olduğunu vurğulayırlar.

Respublikaçılar sözügedən qanunvericiliyin seçki saxtakarlığını önləyəcəyini, demokratlar isə azlıqların səsverməsini məhdudlaşdıracağımı iddia edirlər.

Baydenin elan etdiyi təşəbbüslərdə afroamerikalılarla ağdərililər arasında sərvət uçurumu azaltmağı, aztəminatlı icmalara sərmayələri artırmağı nəzərdə tutur.

XS
SM
MD
LG