ABŞ-ın Pensilvaniya və Tennessi ştatlarında Nümayəndələr Palatasına Demokrat partiyasının vəfat etmiş iki üzvü seçilib. Həmin ştatlarda təkrar seçkilər keçiriləcək.
85 yaşlı Entoni Delyuka 39 il Nümayəndə Palatasının üzvü olub. O, oktyabrın əvvəlində vəfat edib. Konqresmen vəfat edəndə seçki bülleteninə dəyişiklik etmək gec olub. Seçkinin nəticələrinə görə o, səslərin 86, Yaşıllar Partiyasından rəqibi Zara Livinqston isə 14 faizindən çoxunu yığıb.
Demokrat partiyasından digər namizəd – 93 yaşlı Barbara Kuper isə Tennessidə 73 faizdən çox səs yığmaqla Palataya seçilib. O, 26 il region deputatı olub, oktyabrın sonunda vəfat edib.
Kaliforniyanın Çula-Vitsa şəhərində prokuror postuna isə sentyabrda xərçəngdən vəfat etmiş Saymon Silva seçilib. Yerli nəşrlər yazırlar ki, təkrar seçkilər vergiödəyicilərinə 2 milyon dollara başa gələcək.
Melvill meri, 84 yaşlı Velma Hendriks təkrar seçilməyi planlaşdırırdı, elə seçki günü avtoqəzada həlak olub.
+++
ABŞ Prezidenti Co Bayden (Joe Biden) aralıq seçkini “demokratiya üçün yaxşı” gün adlandırıb. Prezidentin Demokrat Partiyası respublikaçıların proqnozlaşdırılan qələbə dalğasının qarşısını ala bilib.
Bayden seçicilərin inflyasiya və digər iqtisadi məsələlərdən məyusluğunu anladığını deyib, ancaq onu da əlavə edib ki, amerikalıların “böyük əksəriyyəti” noyabrın 8-də onun siyasətini dəstəkləyib.
“Amerika üçün yaxşı gün idi”
“Məncə, bu, demokratiya üçün yaxşı gün idi. Məncə, bu, Amerika üçün yaxşı gün idi. Mətbuat və ekspertlər nəhəng qırmızı dalğa proqnozlaşdırsa da, bu baş vermədi”, – Bayden Ağ evdə mətbuat konfransında deyib.
Qırmızı respublikaçıları, mavi isə demokratların rəngi sayılır.
Respublikaçılar seçkidə sanballı qələbələr qazansa da, Nümayəndələr Palatası və Senatda üstünlük üçün proqnozlaşdırılan dağıdıcı qələbəyə nail olmayıb.
Respublikaçılar 2018-ci ildən bəri ilk dəfə olaraq 435 yerlik Palataya nəzarəti ələ alacaqlar, ancaq bir neçə yer fərqliylə.
“Palatanı geri alacağımız aydındır”, – spiker postuna seçiləcəyi gözlənən respublikaçı Kevin Makkarti (Kevin McCarthy) deyib.
Bir sıra media orqanları respublikaçıların əvvəl demokratların əlində olan səkkiz yeri qazanacağını proqnozlaşdırır. Bu, Palataya nəzarət üçün onlara gərəkəndən üç yer çoxdur. Ancaq 40-dan çox yerin sahibi hələ dəqiq bəlli deyil.
Hazırda iki partiyanın 50-50-yə nəzarətində olan Senat üzrə nəticələr isə aydın deyil. Arizona, Nevada və Corciyada səssayma davam edir.
Respublikaçıların üstünlüyü nə deməkdir
Respublikaçıların Nümayəndələr Palatasında cüzi üstünlüyü belə növbəti iki il ərzində Baydenin siyasətinə əngəllər deməkdir. Bundan başqa, Bayden və ailəsi ilə bağlı istintaqlar aparıla bilər. Respublikaçılar Senatı ələ keçirərsə, prezidentin təyinatlarının təsdiqlənməsinə problem yarana bilər.
2020-ci ildə Baydenə uduzduğunu hələ də inkar edən keçmiş prezident Donald Tramp (Donald trump) 2024-cü ildə yenidən namizədliyini verəcəyini deyib. Onun təbliğatını apardığı bir neçə namizəd aralıq seçkini artıq uduzub.
Tramp ölkə boyunca 300-dən çox namizədi dəstəkləyirdi, 2024-cü il prezident seçkisində yararlana biləcəyi qırmızı dalğanın yaranacağını ümid edirdi.