Noyabrın 26-da Gürcüstanın Batumi şəhərində Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer-Şeva" futbol klubları arasında UEFA Avropa Liqası matçından əvvəl və oyun zamanı azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) noyabrın 27-nə keçən gecə 16 nəfərin saxlanıldığını, üç polis əməkdaşının xəsarət aldığını açıqlayıb.
Noyabrın 27-də Türkiyənin TRT kanalı prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə görülən diplomatik və hüquqi işlərdən sonra saxlanılan 16 azarkeşin hamısının azad edildiyini xəbər verib. Onların səhhətinin yaxşı olduğu vurğulanır.
Nə baş verib
AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, oyundan əvvəl Türkiyədən gələn çox sayda azarkeş Batuminin Avropa meydanından stadiona doğru yürüş keçirib. Azarkeşlərlə polis arasında qarşıdurma zamanı polisin bibər qazından istifadə etdiyi ehtimal olunur. Azı bir azarkeş xəsarət alıb.
Türkiyənin "TRT Spor" telekanalının yaydığı görüntülərdə stadionun tribunalarında iki azarkeşin Fələstin bayrağı açdığı, bundan sonra polis əməkdaşlarının onlara yaxınlaşaraq bayrağı əllərindən aldığı və qarşıdurma yaşandığı görünür.
"The Associated Press" (AP) agentliyi yazır ki, azarkeşlərin fələstinlilərə dəstək plakatı açmasından sonra polislə qarşıdurma yaranıb. Türkiyənin "Habertürk" telekanalı polisin stadionda da azarkeşlərə qarşı bibər qazı işlətdiyini bildirib.
Qarşılaşma 26-cı dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb. Təxminən yarım saatlıq fasilədən sonra bərpa olunan oyun "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin "Anadolu" dövlət xəbər agentliyinin məlumatına görə, "Beşiktaş" futbolçuları oyundan əvvəl İsrail klubunun oyunçuları ilə əl sıxmaqdan da imtina ediblər.
Gürcüstan DİN-i və UEFA nə deyir
Gürcüstan DİN polis müdaxiləsinin Fələstin bayraqlarının və plakatlarının açılması ilə bağlı olduğunu təkzib edib. Nazirliyin versiyasına görə, qarşıdurma hələ stadiona doğru yürüş zamanı başlayıb. Azarkeşlərin bir qismi polis əməkdaşlarına müxtəlif əşyalar atıb və onlarla fiziki qarşıdurmaya girib. DİN bildirir ki, insident stadionda da davam edib, azarkeşlərin bir qismi oturacaqları sındıraraq polis əməkdaşlarına atıb. Nazirlik polisin xüsusi vasitədən istifadə etdiyini təsdiqləsə də, bunun nə olduğunu açıqlamayıb.
UEFA-nın məlumatına görə, polis tribunalara "Beşiktaş" azarkeşlərinin öz aralarında başlayan davasını ayırmaq üçün girib, bundan sonra polislə azarkeşlər arasında gərginlik artıb və oyun müvəqqəti dayandırılıb.
UEFA-nın Təhlükəsizlik Qaydalarının 44-cü maddəsində deyilir ki, oyundan əvvəl, oyun zamanı və oyundan sonra stadionun içində və ya ətrafında siyasi mesajlar yaymaq, eləcə də siyasi aksiyalar keçirmək qəti qadağandır.
Ankara Tbilisiyə narahatlığını bildirib
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi matç zamanı gürcüstanlı həmkarı Sulxan Tamazaşviliyə zəng edərək türkiyəli azarkeşlərlə yaxşı davranılmasını istəyib.
"Anadolu" agentliyi yazır ki, Tamazaşvili Fələstin bayraqlarını azarkeşlərin əlindən UEFA nümayəndələrinin aldığını və bu qərarda Gürcüstanın dövlət qurumlarının iştirakı olmadığını bildirib. UEFA da öz açıqlamasında bayraqların götürülməsi məsələsinə toxunmayıb.
İsrail səfiri: "İdman arenasında terrorizm"
İsrailin Gürcüstandakı səfiri Vəlid Əbu Haya da Batumidə baş verənlərə münasibət bildirib. AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, diplomat "X" sosial şəbəkəsində "Beşiktaş" azarkeşləri ilə polis arasında qarşıdurmanın görüntülərini paylaşaraq yazıb: "İdman arenasında terrorizm: Türkiyənin "Beşiktaş" klubunun azarkeşlərinin Batumidə "Hapoel Beer-Şeva" ilə oyundakı hərəkətləri. Ayıbdır, utancverici davranışdır".
AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, səfirin paylaşımı Gürcüstanın sosial media seqmentində yayıldıqdan sonra onun "X" hesabı məhdudlaşdırılmışdı. Amma "NewsGeorgia" nəşrinin xəbərinə görə, noyabrın 27-si səhər diplomatın hesabı yenidən ictimaiyyətə açılıb, əvvəlki paylaşımı isə silinib.
Oyun niyə Batumidə keçirilib
"Beşiktaş" İsrail klubunu İstanbuldakı stadionunda qəbul etməli idi. Amma Türkiyə Futbol Federasiyası təhlükəsizlik səbəbindən matçın İstanbulda keçirilməsinin mümkün olmadığını UEFA-ya bildirib. Tərəflər arasında razılaşmadan sonra UEFA oktyabrın 30-da qarşılaşmanın neytral meydanda – Batumidə və tamaşaçıların iştirakı ilə baş tutacağını açıqlayıb.
2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS-ın İsrailə hücumundan sonra Təl-Əviv Qəzzada əməliyyatlara başlayıb. Bu fonda Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər kəskinləşib. Türkiyə hakimiyyəti İsrailin Qəzzadakı hərbi əməliyyatlarını vaxtaşırı tənqid edir.
"Beşiktaş" daha əvvəl də İsrail klubu ilə ev oyununu Türkiyədən kənarda keçirib. 2024-cü ilin noyabrında İstanbul klubu "Makkabi Təl-Əviv" komandası ilə Macarıstanın Debretsen şəhərində qarşılaşıb.