Bastainfo.az saytının rəhbəri Mustafa Hacıbəyli bu gün, iyulun 13-də artıq beşinci gündür ki, Bakı şəhər prokurorluğunda dindirilib. O, bütün gün prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.
Onun qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, iyulun 13-də bastainfo.az saytı ilə könüllü əməkdaşlıq edən partiyanın Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah da prokurorluğa çağırılıb. Onu Bakı şəhər Prokurorluğunda dindiriblər.
Dindirmənin məzmunu ilə bağlı məlumat verilmir.
Arif Hacılının sözlərinə görə, bastainfo.com saytının digər əməkdaşları da prokurorluğa çağrılıblar. Saytın yazarları Könül Alı, Rüfət Baxışbəyli iyulun 14-də prokurorluqda dindiriləcəklər. Onlardan əlavə Hacıbəylilərin qohumu Tural Hacıbəyli də prokurorluğa çağrılıb.
Xatılrlatma
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi sui-qəsdlə bağlı bəzi KİV-lərin vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Mütəxəssislər bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.
Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.