Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:58

Baş Nazirin müavini uşaqpulundan danışdı, ekspert də ona cavab verdi


Əli Əhmədov: "Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa... alışdırmayaq”

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasınının icra katibi Əli Əhmədov Azərbaycanda uşaqlara verilən aylıq müavinətlərin ("uşaq pulu") bərpası məsələsinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğunu söyləyib:

" Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. “Uşaq pul”ları da bunlardan biri kimi tətbiq edilə bilər. Amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

Əli Əhmədov, 30 sentyabr 2010
Əli Əhmədov, 30 sentyabr 2010

Baş Nazirin müavini bildirib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var:

"Düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol hökumətin apardığı siyasət sayəsində hər bir ailənin öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilməsidir".

Əli Əhmədov daha sonra da deyib:

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər"

Rövşən Ağayev: “İndi bizə deyirlər ki, ölkədə 5 faiz yoxsul var”

Rövşən Ağayev, 14 dekabr 2010
Rövşən Ağayev, 14 dekabr 2010

Baş Nazirin müavininin bu açıqlamasına iqtisadçı Rövşən Ağayev belə münasibət bildirib.

“Baş nazirin müavini Əli Əhmədovun “uşaq pul”larının bütün ailələrə yox, buna eihtiyacı olanlara verilməsi və bu məsələyə ciddi yanaşılmasının vacibliyi haqqında dedikləri hökumətin uşaqlara aylıq müavinətin verilməsində tərəddüdlü olmasını göstərir”, iqtisadçı hesab edir.

R.Ağayev deyib ki, gəliri yüksək olan ailənin övladları ilə aşağ gəlirli ailənin övladlarına eyni miqdarda müavinət ödənilməsini sosial baxımdan ədalətsiz sayır:

“Amma bu da idarəçiliyin problemidir. Bunun üçün bır sıra suallara cavab vermək lazım gəlir. Hökumət dəqiq bilməlidir ki, ailələrin gəlirləri nə qədərdir? Yüksək, orta və aşağı gəlirli ailələr nə qədərdir? Yoxsulluq faizi hansı səviyyədədir? İndi bizə deyirlər ki, ölkədə 5 faiz yoxsul var. Hansı ki, hamı bilir ki, yoxsulluq, bu, deyilən həddən yuxarıdır. Amma bu nə qədərdir?, ona statistika cavab verməlidir. Hökumət ölkədə yoxsulluğu müəyyən etmək üçün faktiki indikatoru 2004-cü ildən tətbiq edir. Üstündən 15 il keçsə də bu indikator dəyişmir. Dünya Bankı Azəbaycanı orta gəlirli ölkələr sırasından yüksək gəlirli ölkələr sırasına daxil edib”.

R.Ağayev vurğulayıb ki, bütün dünyada, o cümlədən Avropanın özündə uşaq yoxsulluğu riski yüksək olur. Onun fikrincə, bu mənada uşaqlara qayğı olduqca önəmlidir:

“Əgər Əli Əhmədov hökumətin bu suallara cavabında dəqiq və hər cür şübhədən uzaq, obyektiv olacağına əmindirsə burusun”, deyə ekspert vurğulayıb.

Xatırlatma

2006-cı ildən etibarən Azərbaycanda uşaqlara aylıq müvinətlərin ( uşaq pulu) verilməsi dayandırılıb.Bu ildən isə yenidən bu məsələ gündəmə gəlib.Bəzi ekspert və deputatlar onun bərpasını düzgün sayır. Bununla bağlı müxtəlif təkliflər də səslənib.Azərbaycanın bəzi müxalifət qüvvələri isə bunu birmənalı şəkildə hökmətdən tələbləri sırasına daxil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG