Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

'Baş Prokurorluqda adıma mükafat yazıb mənimsəyiblər'


T.Ağacanov
T.Ağacanov

30 ilə yaxın prokurorluq orqanlarında çalışmış Tofiq Ağacanov indi məhkəmədə elə bu quruma qarşı iddia qaldırıb. Vaxtilə Sabunçu rayon prokurorunun müavini, Abşeron rayon prokurorunun köməkçisi və başqa vəzifələrdə çalışmış T.Ağacanov iddia edir ki, ona çatası pul mükafatlarını mənimsəyiblər.

62-yaşlı T.Ağacanovun Baş Prokurorluğa qarşı iddiasına Bakı İnzibati Məhkəməsində hakim Şəlalə Həsənova baxır.

"Adıma yazılan pulları kim alıb?"

T.Ağacanovun sözlərinə görə, Sabunçu rayon prokurorunun müavini işlədiyi dövrdə Baş prokuror Zakir Qaralovun əmriylə sərəncama göndərilib. 8 ay sərəncamda qaldıqdan sonra Abşeron rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib. T.Ağacanov deyir ki, 8 ayda əməkhaqqı, mükafat və başqa müavinət almayıb. Ancaq sonradan ona məlum olub ki, həmin dövr üçün onun adına əməkhaqqı, mükafatlar yazılıb.

"Hələ mən o tərəfini demirəm ki, qanuna görə, üç aydan çox sərəncamda saxlana bilməzdim. Sərəncamda olan adama pul mükafatı verilməsi inandırıcı deyil, axı. Bir tərəfdən, haqqımda "aşağı vəzifəyə keçirilmə" əmri verilir, o biri tərəfdən, mükafat – absurddur. Ümumiyyətlə, sərəncamda olan şəxsə mükafat verilməsi qanunaziddir. İndi əsas məsələ budur ki, mənim adıma yazılan pulları kim alıb?", – T.Ağacanov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, bu halla qarşılaşan tək o deyil, başqaları da var.

"Bilə-bilə şikayətlərimi Baş Prokurorluğa göndərirlər"

T.Ağacanov məhkəməyə ona əməkhaqqı və mükafat yazıldığını təsdiqləyən sənədləri də təqdim edib. O iddia edir ki, burada mənimsəmə cinayətindən söhbət gedir. Məhkəmədə də vəsatət qaldırıb ki, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsi ilə cinayət işi başlanmasından ötrü xüsusi qərardad çıxarılsın. Amma hakim Ş.Həsənova vəsatəti təmin etməyib.

T.Ağacanov deyir ki, dəfələrlə müxtəlif orqanlara, o cümlədən Prezident Administrasiyasına şikayət məktubları ünvanlayıb. Amma məktublarını onun şikayətçi olduğu quruma – Baş Prokurorluğa göndəriblər. Oradan isə cavab alır ki, onun əmək hüquqları pozulmayıb: "Məlum məsələdir ki, heç kim öz əməlini ifşa etməz. Bunu bilə-bilə mənim şikayətlərimi Baş Prokurorluğa göndərirlər. Axırıncı dəfə belə formal cavabı aprelin 9-da almışam. Halbuki, mən əmək hüquqlarımın pozulduğunu deməmişəm, mənimsəmə ilə bağlı konkret faktlar göndərmişəm".

Məhkəmədə cavabdeh qismində iştirak edən prokurorluq təmsilçiləri isə bildirib ki, sərəncamda olan şəxslərə belə, bayram və başqa əlamətdar hadisələrlə əlaqədar mükafatlar təyin edilə bilər. Ola bilsin, T.Ağacanova da məhz bu səbəbdən sərəncamda olduğu dövr üçün mükafatlar yazılıb.

T.Ağacanov hazırda təqaüddədir. Onun prokurorluğa qarşı iddiası üzrə məhkəmə araşdırmaları isə davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG