Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

'Bank rəhbərləri bir-birilərinin elan etdiyi rəqəmlərə inanmırlar'-media icmalı


Dollar, arxiv foto
Dollar, arxiv foto

Ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin icrası, Azərbaycan televiziyalarında efirin vəziyyəti, bank sahəsində problemlər və başqa məsələlər medianın aparıcı mpvzularındandır ...

Bankların birləşməməsinin səbəbləri

“Yeni Müsavat” qəzetində “Banklar maliyyə itkilərini gizlədir, kapitallarını isə şişirdirlər” sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkə banklarının durumu hüquqşünas-ekspert Əkrəm Həsənov-la müzakirə edilib.

Müəllif xatırladıb ki, 2015-ci ildə manatın dollar önündə iki dəfə dəyər itirməsi ölkədə bütün sahələr kimi bank sistemində də problemlər yaradıb. 2016-cı ilin ilk yarısına kimi 11 bank bağlanıb, banklara vəziyyətdən çıxmaqdan ötrü birləşmək təklifləri verilib, amma onlar buna üstünlük verməyiblər:

Əkrəm Həsənov
Əkrəm Həsənov

“İki-üç il öncə bankların birləşəcəyi haqqında söhbət gəzəndə də mən deyirdim ki, bu mümkün deyil. Səbəb isə ilk növbədə qeyri-şəffaflıqdır, güvənsizlikdir. Yəni, bank rəhbərləri bir-birilərinin elan etdiyi rəsmi rəqəmlərə inanmırlar. Başa düşürlər ki, hər biri ayrılıqda dövləti aldatmaqla məşğuldurlar”, deyə Ə.Həsənov vurğulayıb.

Ə.Həsənov iddia edib ki, bu sektorda vergidən yayınma halları var, problemli kreditlərin həcmini azaldılır:

“Məsələn, bankın birinin aktivlərinin xalis dəyəri 60 milyon manatdır, digərinin aktivləri isə 40 milyon manatdır. Deməli burada, bankın səhmləri də bu rəqəmlərə müvafiq olaraq bölünməlidir. Lakin tərəflər bir-birinə etimad etmir ki, həqiqətəın də aktivlər qeyd olunan qədərdir.Bu qeyri-şəffaflıq və eimadsızlıq şəraitində bankların birləşməsi mümkün görünmür”.

Ekspertə görə, hətta bəzi banklar birləşsəydi belə, onu sağlamlaşdırmaqdan ötrü yeni səhmdarlar lazım gələcəkdi.Ə. Həsənovun fikrincə, indiki halda isə Azərbaycan banklarına nə yerli, nə də xarici investorlar pul qoymaq istəyir.

Deputat: “Telekanallarda alternativlərin ortaya qoyulmasına ehtiyac var”

“Oxu.az” saytında “Fazil Mustafa: “Manıslar” efirləri zəbt edirlər” sərlövhəli yazı yer alır.

Ölkə televiziyalarında efirin səviyyəsi deputat Fazil Mustafa ilə dəyərləndirilib.

Fazil Mustafa
Fazil Mustafa

Deputat sayta deyib ki, telekanallarda alternativlərin ortaya qoyulmasına, ictimai-siyasi yönümlü debatlara ehtiyac var.

F.Mustafa hesab edir ki, bu sahədə dəyişikliyə nail olmaqdan ötrü mühit, yanaşma, dəyişməli, alternativlər olmalı, daha ciddi proqramların, verilişlərin yayımlanması baxımından geniş imkanlar yaradılmalıdır.

Deputat deyib ki, ciddi proqramlar, alternativlər olmayanda efiri nə iləsə doldurulmalıdır :

“Bu zaman, təbii ki, qeyri-ciddi, mənasız, bayağı, şit, ləhcə üslubunda olan verilişlər, “manıslar” efirləri zəbt edirlər. İnsanlar da məcburən buna baxmaq zorunda qalırlar”.

F.Mustafa vurğulayıb ki, televiziylarda əvvəllər vəziyyətin yaxşı olması, indi pisləşməsi fikri ilə də razı deyil:

“Xeyr, 15-20 il bundan öncə də vəziyyət ürəkaçan deyildi. Kimlərsə fironluq, cövlan edirdi, amma o zamanlar müəyyən bir balans, qeyri-ciddi verilişlərlə yanaşı, ciddi verilişlər, ictimai-siyasi xarakterli debatlar da vardı. İnsanlara nəsə çatdırılırdı”.

Deputat qeyd edib ki, indi ictimai-siyasi debatlar yox dərəcəsindədir, sanki monoloqdur:

“Ona görə, indi ən azı balans qorunmalıdır, ictimai-siyasi debatlar bərpa olunmalı və artırılmalıdır. Bunlar olmayanda, təbii ki, efir “manıslar”ın bir-biri ilə mənasız, səviyyəsiz geyim, əda, reytinq, ev, maşın, əmlak mübahisəsinə “yol” açır, onların “ümidi”nə qalır”.

“Azərbaycan inkişaf etmiş ölkələrdən geri qalmır”

“Azərbaycan” qəzetində isə “Azərbaycan sosial infrastruktur cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmır” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan sosial infrastruktur baxımdan inkişaf edən ölkələr kateqoriyasına aid olsa da həmin ölkələr arasında irəli gedib:

“ Uğurla icra edilən infrastruktur layihələri nəticəsində ölkəmiz bu gün beynəlxalq tranzit ölkəsi kimi tanınır. Xüsusilə, Asiyadan Avropaya və şimaldan cənuba gedən tranzit xətlərin Azərbaycandan keçməsi ölkəmizə tranzit qovşağı kimi əlavə üstünlük verir. Qətiyyətlə deyə bilərik ki, yaxın gələcəkdə tranzit imkanlarımızın daha da genişlənməsi hesabına Azərbaycan bu sahədə dünyanın vacib ölkəsinə çevriləcək”.

Yazıda vurğulandığına görə, ölkədə həyata keçirilən infrastruktur layihələri sosial-iqtisadi mahiyyət daşıyır.

İlham Əliyev Qazax rayonunda, oktyabr 2016
İlham Əliyev Qazax rayonunda, oktyabr 2016

Müəllif mövzu ilə bağlı xatırladıb ki, prezident İlham Əliyev oktyabrın 22-də İmişli səfərində səfərdə olarkən suvarma ilə bağlı icra edilən layihələrindən bəhs edib:

“Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilib. Bunun 53 min hektarı Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq”.

Yazıda habelə qeyd edilib ki, ölkədə elektrik enerjisi ilə bağlı infrastruktur layihələri də uğurla icra olunub.

Müəllif sonda da yazıb:

“Bu gün səhiyyə sahəsində həyata keçirilən tədbirlər sayəsində bölgələrimizdə hətta ən çətin əməliyyatları keçirmək mümkündür. Artıq nəinki hər regionda, hətta demək olar hər rayonda müasir şəraiti olan tibb ocaqları var... İndi bir çox kəndlərimizdə müasir ambulator məntəqələri də fəaliyyət göstərir”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG