Milli Məclis gömrük, vergi və mülki məcəlləyə dəyişikliklər etməyə hazırlaşır. Dəyişikliklərin bank sektorunun real sektora dəstəyini artırmaq, bürokratik əngəlləri aradan qaldırmaq məqsədi daşıdığı bildirilir.
Bu haqda oktyabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında sədr Ziyad Səmədzadə məlumat verib.
Parlamentin məlumatına görə, komitə üzvləri “Banklar haqqında” və “İpoteka haqqında” qanunlara dəyişiklik təkliflərini də müzakirə ediblər.
“Banklar haqqında” qanuna edilən dəyişiklik təklifinə əsasən bankın digər idarəetmə orqanlarının üzvləri bankın Audit Komitəsinin üzvü ola bilməzlər.
“İpoteka haqqında” qanuna təkliflər isə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatı və dövriyyəsi ilə bağlıdır.
Komitə bütün qanun layihələrini bəyənərək, Milli Məclisin plenar iclasına tövsiyə edib.