Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:08

Bankların aktivləri azalıb, öhdəlikləri artıb


Azərbaycan manatı

2019-cu il mayın 31-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,492.8 mln. manat olub.

Bu barədə bu gün, iyunun 27-də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda bildirilir. Bir ay ərzində bankların aktivləri azalıb, öhdəlikləri çoxalıb.

Bundan bir ay öncə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat, cəmi öhdəlikləri isə 25,349.3 mln. manat təşkil etmişdi. Sektorun balans kapitalı 4,419.8 mln. manat olmuşdu.

AKTİVLƏR

Palata bildirir ki, may ayına sektorun aktivlərinin 43.4 faizini kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5 faiz (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4 mln. manat təşkil edib. Palata qeyd edir ki, ay ərzində milli valyutada kreditlər üzrə artım olub. “Ay ərzində milli valyutada kreditlər 2.1 faiz (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb”,açıqlamada yazılıb.

ÖHDƏLİKLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında yazılıb ki, 2019-cu ilin mayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlərin 1.3 faiz (47.7 mln. manat) artdığı qeyd edilir:

“Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3 faiz (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5 faiz (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil edib. Milli valyutada olan depozitlər 3.3 faiz (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb”.

Palata bildirir ki, xarici valyutada olan müddətli depozitlər 22.1 faiz (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata yüksəlib.

BALANS KAPİTALI

Sektorun balans kapitalının da may ayı ərzində 1.7 faiz (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata yüksəldiyi bildirilir.

MƏNFƏƏT VƏ ZƏRƏR

Palatanın açıqlamasına görə, may ayında bankların əməliyyat mənfəəti 20.3 faiz (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirlərinin 14.6, kreditlər üzrə faiz gəlirlərinin isə 18.4 faiz artdığı qeyd edilir.

Xatırlatma

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycanda baş verən iki devalvasiyadan ( manat dollar qarşısında iki dəfə dəyər itirib) 10-dan çox bank bağlanmışdı.Bu həmin vaxt onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG