Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:42

Bank əməkdaşı kreditləri 'Topaz'da uduzmaqda suçlanır


Topaz
Topaz

Beynəlxalq Bankın Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi olmuş Elnur Hüseynov tanıdığı adamların, bankın müştərilərinin adlarına kredit rəsmiləşdirib, o pulları «Topaz»da uduzmaqda suçlanır. Elə bu ittihamla da həbs olunub və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi gedir.

E.Hüseynovla yanaşı, bankın keçmiş əməldaşı Aqilə Quliyeva da bu məsələyə görə cinayət məsuliyyətinə cəlb olunub. Amma E.Hüseynovdan fərqli olaraq, ibtidai istintaq və məhkəmə dövrü üçün onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. Şahidlər isə E.Hüseynovun adlarına kredit götürdüyü adamlardır.

***Buna da bax-'Topaz' qumarxana, yoxsa idman inkişafı?

Dindirilən şahidlər Elnuru mömin adam kimi tanıdıqlarını deyiblər.

«10 MİN DOLLARLIQ KREDİTƏ QOL ÇƏKDİM»

«Elnuru məscidlərdə ibadət edərkən tanıdım. Münasibətimiz də yaxşı olub. Mömin qardaş kimi xətrini çox istəmişəm. Uşağının xəstə olduğunu bilirdim. Ona görə də xahişi ilə razılaşdım. 10 min dollarlıq kreditə qol çəkdim», – Rəsul Hüseynov belə deyib.

Hakim şahidə E.Hüseynovun istintaqdakı ifadəsi haqda məlumat verərək bildirib ki, götürülmüş kreditlər uşağın xəstəliyinə xərclənməyib:

«İstintaqdakı ifadəsində Elnur Hüseynov etiraf edib ki, götürdüyü kreditləri «Topaz»da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə butulkalar gətirib, içki istehsalı ilə məşğul olmaq istəyib».

Təqsirləndirilən E.Hüseynov haqqında deyilənlərə yalnız gülümsəməklə münasibət bildirib.

Şahid Fərrux Həşimov isə deyir ki, Elnuru vaxtilə dərman zavodunun direktoru olmuş atası Nəsimi Həşimov vasitəsilə tanıyıb. Atasına pul lazım olduğu üçün banka kredit götürməyə gediblər:

***Buna da bax-Ekspert: 'Bank sahibləri özləri bankların vəsaitini talayıblar' [video]

«Atam Elnuru tanıyırdı. Əvvəldən münasibətləri var idi. Biz banka gedəndə iş bir günə həll edildi. Atam 10 min manata imza çəkdi. 5 min atama verildi, 3 min Elnura qaldı, 2 min manat isə «şapka» olaraq tutuldu».

«BAŞQA BİR MÖMİN QARDAŞIM XAHİŞ ETSƏ...»

Şahid Qiyas Abdullayev də deyir ki, E.Hüseynovu başqa bir mömin dostu vasitəsilə tanıyıb:

«Daha sonra məsciddə namazda görüşürdük. Bir neçə dəfə də məclislərdə görüşüb, çay içib, çörək yemişik. Mömin qardaş kimi də münasibətimiz yaxşı olub. Məndən xahiş etdi ki, adıma kredit götürsün. Mən də razılaşdım. Şəxsiyyət vəsiqəmi verib banka getdim. 10 min dollara imza çəkdim, manatla kassadan götürüb Elnura verdim. Allah xətrinə kömək eləmişəm. Heç bir marağım da olmayıb. Bu gün başqa bir mömin qardaşım da xahiş etsə, edərəm».

Məhkəmədə məlum olub ki, E.Hüseynovun qardaşı Həmid Hüseynovun adına da 23 min manatlıq kredit limiti açılıb. Amma o kreditin bir hissəsi qaytarılıb.

Məhkəmə prosesi davam edir.

Cinayət işinin materiallarına görə, E.Hüseynov bu işləri 2012-2015-ci illərdə görüb. O, tanıdığı adamlarla yanaşı, bankın müştərilərinin imzalarını saxtalaşdırıb, onlardan xəbərsiz adlarına kredit götürməkdə də suçlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG