Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 05:41

'Bankların sayını azaltmaq istəyirlər'


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər' (Arxiv. 2017)

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi azalıb. Mərkəzi Bankın (AMB) məlumatına görə, martın 1-də əhalinin banklardakı əmanəti 11 milyard 901 milyon manata düşüb. Fevralın 1-də bu rəqəm 11 milyard 928 milyon manat təşkil edib.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar depozitlər üzrə 459 milyon manat faiz ödəyiblər. Depozitlər üzrə ödənilmiş faizlər 2021-ci illə müqayisədə 2022-ci ildə 96.7 milyon manat və ya 26.7 faiz artıb.

Fevralın 1-dən yerli bank və xarici bankların Azərbaycandakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədikləri illik faiz gəlirlərindən 10 faiz vergi tutulur. Əmanətlər üzrə ödənilən illik faiz gəlirləri 2016-cı ildən başlayaraq 7 il vergidən azad idi. Bu müddət uzadılmayıb.

V.Bayramov
V.Bayramov

"Əmanətlərinin azalmasının əsas səbəbi…"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Turan"a bildirib ki, əhalinin banklardakı əmanətlərinin həcmində azalma 2021-ci ilin avqustundan sonra ilk dəfə qeydə alınıb. Deputatın fikrincə, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır: "Ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu, daha çox fevralın ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub. Bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir".

Bayramovun sözlərinə görə, bununla yanaşı, əmanətlərdəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir: "Bu işin yalnız Mərkəzi Bank deyil, ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var".

"Qiymətlərin artımı insanlara pul yığmağa imkan vermir"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə AzadlıqRadiosuna bildirib ki, əhalinin banklardakı əmanətlərində 27 milyon azalma var və bu, o qədər də böyük rəqəm deyil: "Amma hər bir halda əmanətlərin azalması gözləniləndir, çünki qiymətlərin artımı insanlara pul yığmağa imkan vermir, insanların xərcləri artır. Kimlərinsə banklarda əmanəti varsa, onlar bir hissəsini də olsa, çıxarırlar".

Ə.Həsənov
Ə.Həsənov

Ekspert də deyib ki, fevralın 1-dən əmanətlər üzrə faizlərdən vergi tutulur: "Hətta verginin tətbiq olunması belə prinsip etibarilə əmanətlərin kütləvi azalmasına gətirmədi. Əmanətlərin azalması da verginin tətbiq olunmasına görə deyil".

Onun fikrincə, əmanətlərin azalması tendensiyası davam edərsə, kiçik və orta banklarda problemlər yaranacaq: "Böyük inhisarçı bankların, - hansılar ki, bir əldən idarə olunur, - pulları çoxdur. Yəni, onların öz səhmdarlarının banka qoyduqları pulları çoxdur, həm də ucuz kreditləşmə mənbəyinə çıxışları var. Onlar Mərkəzi Bankdan və digər dövlət mənbələrindən asanlıqla ucuz kredit götürə bilirlər. Bunun hesabına da onlar kredit verə bilir. Buna görə də böyük banklar əmanətlərdən o qədər də asılı deyillər".

"İndiki vəziyyət kiçik və orta banklar üçün təhlükədir"

Hüquqşünas bildirib ki, böyük banklardan fərqli olaraq kiçik və orta banklar əmanətə çox bağlıdır: "Çünki onlar üçün Mərkəzi Bankdan, dövlət fondlardan kreditləri almaq çətindir, onlarda iri biznesmen gedib pulunu saxlamır. Ona görə də onlar gözünü dikiblər əhalinin əmanətlərinə. İndiki vəziyyət də kiçik və orta banklar üçün təhlükədir".

Həsənovun sözlərinə görə, maliyyə siyasəti hazırda bankların sayının azalmasına yönəlib: "Bankların sayını azaltmaq istəyirlər (hazırda Azərbaycanda 25 bank var). İnhisarçı banklar çalışır ki, orta və kiçik banklar ya bağlansın, ya da onlara birləşsin. Hazırkı vəziyyət də onlara sərf edir".

Yazıda səslənən fikirlərə Mərkəzi və digər bankların münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG