Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 02:39

'6 min manata 8 min ödəmişəm, deyirlər, hələ 6 min 200 də borcun var'


D.Bayramov

Cəlilabad rayonu, Soltankənd sakini olan 62-yaşlı riyaziyyat müəllimi Dadaş Bayramov bir ildən çoxdur ki, problemli kreditlərlə bağlı prezident fərmanının ona da şamil olunması üçün mübarizə aparır. AzadlıqRadiosuna danışır ki, bu müddətdə Prezident Administrasiyasından tutmuş, Mərkəzi Bank, Ali Məhkəmə, Ombudsman Aparatına qədər müxtəlif dövlət orqanlarından kömək istəyib. Amma, hələlik, bu müraciətlərin nəticəsi yoxdur.

D.Bayramov deyir ki, o da prezident İlham Əliyevin ötən il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsiri altına düşür. Amma ona münasibətdə fərmanı tətbiq etmək istəmirlər.

Həmin fərman 2015-ci ildə baş verən iki devalvasiyaya qədər xarici valyutada kredit borcu olan vətəndaşlara dəymiş ziyanın dövlətin hesabına ödənilməsi haqda idi.

"2014-cü ilin noyabrında 6 min manat kredit götürmək üçün "Dəmirbank"ın Masallı filialına müraciət etdim. Dedilər ki, krediti dollarla rəmiləşdirib, kassadan həmin məbləğə uyğun manatla verəcəklər. Onda 1 dollar 78 qəpik idi. Hesablayıb 7 min 600 dollarlıq kredit müqaviləsi rəsmiləşdirdilər. Pulu mənə manatla verdilər. Elə mən də ödəyəndə 255 manat verirdim", - D.Bayramov bildirib.

Yeni müqavilə bağlayıblar

O, kredit götürəndən az sonra - 2015-ci ilin fevralında birinci devalvasiya baş verib. Dediyinə görə, yenə 255 manat ödəməkdə davam edib. Həmin ilin dekabrında ikinci devalvasiyadan sonra vəziyyət bir az da qəlizləşib. D.Bayramovun sözlərinə görə, bankın əməkdaşları ona təklif ediblər ki, qalan əsas borcu məzənnəyə uyğun manata çevirib, yeni müqavilə bağlasınlar. O da razılaşıb, 2016-cı ilin yanvarında "Dəmirbank"da yeni müqavilə bağlayıblar. Bu müqavilədə əvvəlki borcun məbləği 1 dollar 1 manat 55 qəpikdən hesablanmaqla kreditləşdirilib. Aylıq ödəniş də 208 manat təyin edilib.

D.Bayramov deyir ki, ötən ilin fevralında prezident sözügedən fərmanı imzalayanda ona da şamil olunacağını gözləyib: "Amma mənə deyirlər ki, yox, sənin sonuncu müqavilən manatla olub. Axı onun kökündə də dollar krediti dayanır. Mən krediti götürəndə dollar 78 qəpik idi, sonradan iki dəfə qalxdı və yeni müqavilədə 1 manat 55 qəpikdən hesabladılar. 6 min manat kreditə 8 min manatdan çox ödəmişəm, deyirlər, hələ 6 min 200 manat da borclusan. O fərman devalvasiyadan ziyana düşənlər üçündür. Ziyana düşmək necə olur ki, mənə şamil eləmirlər o fərmanı?".

D.Bayramovun kredit götürdüyü "Dəmirbank"ın lisenziyası 2017-ci il dekabrın 22-də ləğv edilib. D.Bayramovun sözlərinə görə, bankın lisenziyası ləğv olunandan sonra da aylıq 208 manatı ödəməkdə davam edib. Amma ötən il fərmanın ona tətbiq olunmayacağını eşidəndən sonra ödəməni dayandırıb. "Dəmirbank"ın lisenziyası ləğv olunandan sonra şikayətlərini də bankın ləğvedicisi qismində tanınan Əmanətlərin Sığortalanması Fonduna ünvanlayır. Deyir ki, elə başqa dövlət orqanlarına göndərdiyi məktublar da ora yönləndirilir.

D.Bayramovun şikayətinə Maliyyə Bazarlarına Nəzarət Palatasında da baxılıb. Bu qurumun Apellyasiya Komissiyasının sədri Orxan Bayramovun D.Bayramova göndərdiyi məktubunda onun şikayətiylə bağlı konkret cavab yoxdur. Ümumi şəkildə göstərilib ki, "fiziki şəxsin xarici valyutada olan kreditində devalvasiya nəticəsində yaranmış fərqi kredit verən təşkilat qarşılayanda dövlətin ödədiyi kompensasiya həmin hissə qədər azaldılır".

"Devalvasiya olmasaydı..."

D.Bayramovla bağlı baş verənləri təhlil edən vəkil Fariz Namazlı deyir ki, prezidentin fərmanı ona münasibətdə tətbiq olunmalıdır. Vəkilin sözlərinə görə, hətta sonradan manatla kredit müqaviləsi də 2014-cü ilin noyabrında bağlanmış, xarici valyutada kredit müqaviləsindən irəli gəlib: "Əgər devalvasiya olmasaydı, şəxs kreditini əvvəlki qaydada ödəyəcəkdi, əlavə problem, xərc də yaşanmayacaqdı".

F.Namazlı əlavə edib ki, D.Bayramov məhkəməyə üz tutub, fərmanın ona da şamil olunmasını tələb edə bilər.

2019-cu il fevralın 28-də prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərman banklara 10 min dollardan az borcu olan vətəndaşlara şamil olunub. 2015-ci ildə Azərbaycanda iki (fevral və dekabr aylarında) devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.

XS
SM
MD
LG