Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:15

«Mətbuat konfransı keçirdim, ondan sonra təzyiqlər daha da artdı və gölə gələn suyun qarşısı tamamilə alındı. Nəticədə balıqların xeyli hissəsi tələf oldu. Gölün bir hissəsini özümüz başqa kanallardan motorla su vurmaqla doldururuq, motorla da bir saatdan çox su vurmaq olmur. Gölə saata təxminən 40 ton su vurmaq mümkündür, 61 hektar ərazisi olan gölü 40 ton su ilə doldurmaq qeyri-mümkündür. Gölün bir hissəsi isə quruyub, yeri cadar-cadar olub».

Bu il iyulun 26-da Masallının Xallıcalı kəndində yaşayan sahibkar Vidadi Quliyev AzadlıqRadiosuna balıqçılıq təsərrüfatının yerli məmurlar tərəfindən əlindən alınmasına görə təzyiqlərlə üzləşməsindən danışmışdı. Hazırda isə onun balıq yetişdirdiyi göl yerli-dibli qurudulub. Vidadi Quliyev «Qaynar xətt»ə danışır ki, gölün qurudulmasına səbəb başına gələnləri ictimailəşdirməsiylə əlaqədardır. Onun sözlərinə görə, mətbuat konfransı keçirib başına gələnləri mediaya danışması ona baha oturub. Sahibkar deyir, tezliklə gölə suyun verilməsi bərpa olmasa, sonuncu balığadək qırılacaq.

«MƏQSƏD TƏSƏRRÜFATIN ƏLİMDƏN ALINMASIDIR»

Vidadi Quliyev ailə üzvləri ilə birlikdə uzun illərdir ki, kənddə balıqçılıq təsərrüfatı yaradıb. Bu işə xeyli maliyyə yatırımı edib. Gölün bir hissəsini tam sənədləşdirsə də, bir hissəsinin sənədləşdirilməsi yarımçıq qalıb. İddia edir ki, sənədləşdirməni tamamlamağa yerli məmurlar imkan vermir. Məqsəd də təsərrüfatın əlindən alınmasıdır:

Buna da bax-'Məmurların balıqçılıq təsərrüfatıma gözü düşüb' - Sahibkar

«Gölün bir hissəsinə Çıxarış var, bir hissəsinə də bu ilin fevralında Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Şəhadətnamə almışam. Masallı rayon icra hakimi Şəhadətnaməni tanımaq istəmir. Bu da bəhanədir. Məmurlar gölün ətrafında çəltik əkiblər və qəsdən suyun axarını həmin çəltik sahələrinə dəyişiblər ki, mənim təsərrüfatım məhv olsun. Halbuki, o çəltiyə nə qulluq edən var, nə də o çəltik kiminsə marağındadır. Burda maraq sırf mənim təsərrüfatımı çəltik suvarmaq bəhanəsi ilə məhv etməkdir».

Vidadi Quliyev uzun illərdir ki, Qarğalıq bələdiyyəsinə məxsus torpaq sahəsində istifadəsiz qalmış gölü bərpa edərək balıqçılıq təsərrüfatı yaradıb. Gölün biri 61, digəri 7 hektardır. Deyir, 7 il əvvəl 150 min manat xərc çəkərək gölləri bərpa edib, 44 min manatlıq müxtəlif növ balıq alaraq gölə buraxıb. İndiyədək təkcə balıqların yemlənməsinə 67 min manat xərclədiyini söyləyir. Dövlət Əmlak Komitəsindən iri gölə Şəhadətnamə, kiçik gölə Çıxarış var.

***Buna da bax-Saray sakinləri: 'Kanala kanalizasiya axıdılır, balıqlar ölür...'

Bununla belə, iddia edir ki, yerli məmurlar sahibkara əngəllər yaradır. Gölün suyunun bəndlərini dağıtdıraraq, suyun çəltik sahələrinə axıdılmasına və son bir neçə gündə gölün tamamilə qurumasına nail olublar. Yüzlərlə balıq məhv olub.

İCRA HAKİMİYYƏTİ RAZILAŞMIR

Masallı Rayon İcra Hakimiyyəti isə sahibkarın iddiası ilə razılaşmır. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, Vidadi Quliyev balıqçılıq təsərrüfatı kimi istifadə etdiyi gölün yalnız bir hissəsinə sənəd alıb. Bir hissəsini isə zəbt edib və qanunsuz sahibkarlıqla məşğul olur. Qanunla sahibkarın istismarında olmayan gölün suyu isə yaxınlıqdakı kəndlilərə məxsus çəltik sahələrinə verilir. Qurumdan sahibkarın gölün bir hissəsində qanunsuz fəaliyyət göstərdiyi də bildirilib.

Sahibkar prezidentə və hüquq-mühafizə orqanlarına müraciət edərək özünün, balıqçılıq təsərrüfatı ilə məşğul olan qardaşının və ailəsinin təhlükəsizliyinin təmin olunmasını istəyib. O, təsərrüfatın əlindən alınmasına görə şərlənib həbs olunacaqlarından ehtiyat edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG