Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Qoz boyda dolunun dağ boyda zərəri


İllüstrasiya
İllüstrasiya

►Təbii fəlakətlər və dövlət qurumları balakənli Sona xalanı evsiz-eşiksiz qoyub

“Göy guruldadı, ildırım çaxdı, ardınca da qoz boyda dolu yağdı. Bir anda gücləndi. Həm yağış, həm dolu onsuz da zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərimizi yerli-dibli dağıtdı”.

Balakənin Qabaqçöl qəsəbəsinin Yeni Şərif kəndində yaşayan Sona Əliyevanın ev-eşiyi 1 il əvvəl baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb.

Evə yaxın gedə bilməyən və ailəsi ilə birlikdə qurduğu çadırda yaşayan Sona Əliyeva rayonun icra başçısının qəbuluna gedib-gəlirmiş ki, ya təzəsini tikib versinlər, ya da olanı təmir-bərpa etsinlər. Ancaq istəyinə çatmamış, ötən ilin sentyabrında üstəlik də evin üstünə güclü dolu yağıb.

Onsuz da qəzalı olan tikilini tamamilə sıradan çıxarıb. Sona Əliyeva ailəsi ilə hələ də üstünü, böyür-başını sellofanla bağlayıb çadıra çevirib içərisinə yığışdığı daldalanacaqda qalır:

“Yoldaşım qocadır, xəstədir, ayaqları işləmir, bununla belə acından ölməməkdən ötrü onun-bunun qapısında odun doğrayır, 2-3 manata canı çıxır. Özüm ödümdən, qaraciyərimdən əməliyyat olunmuşam, demək olar ki, çöldə qalırıq”.

Sona Əliyevanın sözlərinə görə, kənddə qəzalı vəziyyətə düşən evlərin çoxu təmir olunub, imkansızlar isə hələ də gözləməkdədilər:

“Bizim də evimizi qəzalı evlər siyahısına salıblar. Çoxunun evi tikildi, yığışdı içərisinə. Nə məsələdirsə, 1 ildən çoxdur boşuna gedib gəlirəm. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Deyir ki, “bizlik deyil”, Fövqəladə Hallar Nazirliyi tikməlidir. O da dövlətin qurumudur, bu da... Bilmirəm, niyə bir-birlərinin üzərinə yıxırlar”.

“TİKİNTİ BİZLİK DEYİL”

Balakənin icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, qəzalı evlərin bərpası və yaxud yenidən tikilməsi ilə Fövqəladə Hallar Komissiyası məşğul olur: “Bizim o komissiyadakı işimiz belə evlərin müəyyən edilməsi və qeydə alınmasıdır. Tikinti məsələsi bizlik deyil”.

Qurumdan bildiriblər ki, kənddə zərər çəkmiş evlər təmir-bərpa olunub, bu işlər davamlı şəkildə aparılır və yəqin ki, yaxın vaxtlarda o ailəyə də növbə çatacaq”.

Ötən il sentyabrın 12-də gecə saatlarında yağan güclü dolu və yağış Balakənin Qullar kəndində və Qabaqçöl qəsəbəsinin bir neçə kəndində evlərə, kənd təsərrüfatına ziyan vurub. Rəsmi qurumlar fəsadların aradan qaldırıldığını desələr də, əhali zərərdən hələ də xilas olmadığını iddia edir.

XS
SM
MD
LG