Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

'700 balı ancaq bir-iki nəfər toplamalıdır'


Qəbul imtahanları
Qəbul imtahanları

Bu il ali məktəblərə qəbul zamanı 700 bal toplayan olmadı. Son günlər yerli mətbuatın da, sosial medianın da dartışma mövzusu budur. Məsələ bundadır ki, bu il qəbul imtahanı ikimərhələli keçirilib. Nəticələrlə bağlı tənqidlər çoxdur. Kimi bunu test sisteminin tədricən ləğvi yönündə atılan addımların başlanğıcı sayır, kimi Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) eksperimenti adlandırır.

«Buraxılış və qəbul imtahanları təhsil sisteminin göstəricisidir, orta məktəbdəki təhsilin səviyyəsini əks etdirir», – təhsil üzrə ekspert Kamran Əsədov söyləyir. O, builki imtahanlarda 190 minədək insanın iştirak etdiyi halda maksimum nəticənin – 700 bal toplanmadığını bildirir.

«Düzdür, hər mərhələdə ayrı-ayrılıqda maksimum nəticə toplayan var, məsələn, 4 nəfər buraxılış imtahanında, 1 nəfər qəbul imtahanında maksimum bal toplayıb», – o, sözlərinə əlavə edir.

V.Əyyub
V.Əyyub

«700 balı ancaq bir-iki nəfər toplamalıdır»

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Azərbaycanda ali məktəblərə qəbul zamanı test sistemini tətbiq etmiş Vurğun Əyyuba görə, 700 bal toplayanların sayının çox olması savad göstəricisi deyil.

«Bu, onun göstəricisi idi ki, suallar düzgün tərtib olunmur. 700 balı toplamaq nəzəri baxımdan mümkün olmalıdır, yəni onu bir-iki nəfər yığa bilməlidir. Əgər maksimum nəticə toplayanlar çoxdursa, deməli, sualların tərtibində qüsurlara yol verilir, suallar daha çox yaddaşı yoxlamaq üçün hazırlanıb», – keçmiş TQDK sədri söyləyir.

O, builki nəticələrinsə araşdırılmalı, mütəxəssislərin ötən illə bu ilin sualları arasında müqayisələr aparmalı olduğunu vurğulayır, bu məsələdə tələsik qərar verməyin tərəfdarı deyil: «Konkret deyə bilmərəm bu il niyə belədir. Deyə bilmərəm bu, təhsillə bağlıdır. Hər zamankı təhsildir. Onsuz da Azərbaycanda orta məktəblər məktəb funksiyasını itirib. Ali məktəbə, az qala, 90 faiz repetitor sayəsində daxil olur. Ona görə güman etmirəm ki, bu il 700 bal toplanmaması savad səviyyəsi ilə bağlıdır. Mənə elə gəlir, mütəxəssislər sualları müqayisə etməlidir. O zaman daha əminliklə demək olar ki, niyə 700 bal toplayan yoxdur».

K.Əsədov
K.Əsədov

Kamran Əsədovun 3 amili

Təhsil eksperti K.Əsədov isə maksimum nəticənin göstərilməməsini üç amillə bağlayır. O da, fikrini sosial mediada bölüşən ekspertlər kimi, birinci növbədə insan amilini, subyektivliyi önə çəkir: «Buraxılış və qəbul imtahanlarında situasiya və açıq tipli test tapşırıqlarının yoxlanılmasına insan faktoru təsir göstərir. Buna qədərsə cavablar şablon idi və kompyuter proqramı yoxlayırdı. Ancaq indi imtahanda təqdim edilmiş test tapşırıqlarının bir neçəsi situasiya, yəni yazı tipli cavablar tələb edir. Onu yoxlayıcı insan – markerlər yoxlayır. Təbii ki, onlar da qiymətləndirmədə qüsura, yanlışa yol verirlər. Müəyyən test tapşırıqlarının cavabında şagirdlər birbaşa və ya oxşar cavab yazırlar. Bu da qiymətin enməsinə səbəb olur».

K.Əsədova görə, ikinci amil orta məktəblərin yeni tipli suallarla tanış olmamasıdır: «Yəni kurikulumun tətbiq edildiyi son 11 ildə bütün orta məktəblər yeni sistemə tam şəkildə öyrəşməyib. Müəllimlər hələ də ənənəvi qaydada dərs keçirlər, onlar şagirdlərin biliklərini köhnə-ənənəvi qaydada yoxlayırlar. Halbuki onlar yeni sistemə uyğun test tapşırıqları təqdim etməliydilər. Üçüncü amilsə hələ də yeni buraxılış və qəbul imtahanlarının modelinə uyğun test banklarının, vəsaitlərin, resursların olmamasıdır. DİM yeni modelə uyğun çox az sayda, cəmi iki sınaq imtahanı keçirib. Onlar da bahalı olduğundan iştirak etmək imkanı olmayıb. Hətta ən dəhşətlisi odur ki, XI sinfi bitirmiş uşaqlar üçün testlər çıxmayıb, yəni yeni modellə tanış olmadan imtahana gedirlər».

K.Əsədovun qənaətincə, bu, düzgün yanaşma deyil. Ekspert hesab edir ki, növbəti ildə imtahanlarda test modellərinin yoxlanılmasında insan faktoru aradan qaldırılmalıdır, situasiya tipli test tapşırıqları yığışdırılmalıdır.

E.Əliyev
E.Əliyev

«Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?!»

Başqa bir ekspert Etibar Əliyev açıq suallara cavab vermək bacarığının vacibliyini qeyd etsə də, yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayır, qiymətləndirmədə insan amilinə diqqət çəkir: «İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərini ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramlari ilə işləyir».

Ekspert qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları olduğunu inkar etmir, amma üstünlüklərinin daha çox olduğunu da qeyd edir.

«Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm. Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar. Amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır. Bu, 700 yox, 1000 ballıq məsələdir», – E.Əliyev Facebook səhifəsində yazır.

XS
SM
MD
LG