Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

Bakının seçimi


Hassan Rouhani, İlham Əliyev və Vladimir Putin
Hassan Rouhani, İlham Əliyev və Vladimir Putin

«Avqustun 8-də Bakıda İran və Rusiyayla birgə üçtərəfli sammitə Azərbaycanın qatılması gözlənilməz addımdır. Bir neçə il öncə Bakı nə Moskva, nə də Tehranla sıx iqtisadi və təhlükəsizlik əməkdaşlığına can atırdı. 1991-ci ildə Sovet İttifaqından ayrılaraq Rusiyanın idarəçiliyindən nəfəs dərmişdi. İran kimi şiəməzhəb ölkə olmasına baxmayaraq, Tehranın səsinə də hay vermirdi. Amma Obama administrasiyasının münasibətindən məyusluq, Qafqaz regionunda islamçı yaraqlı təhlükəsi bu ölkə rəhbərliyi qarşısında elə də çox seçim qoymayıb».

Bunu «Foreign Affairs» dərgisində Alex Vatanka yazır.

AVQUST SAMMİTİNİN PƏRDƏARXASI

Müəllif Bakının həmin sammitdə iştirakının həm geosiyasi, həm də təhlükəsizlik səbəblərindən söz açır. Hələ apreldə bu üç ölkənin xarici işlər nazirləri görüşdü, bir xeyli məsələdə əməkdaşlığa razılaşdılar, həm də bir-birinin daxili işlərinə qarışmayacaqlarını vəd etdilər. Onda müşahidəçilər bu vədin Vaşinqtona zərbə olduğunu deyirdilər. Axı ABŞ dəfələrlə prezident İlham Əliyev hökumətinin siyasi müxalifətlə davranışını tənqid edib və Bakı da bunu xoş qarşılamayıb. Üstəlik, apreldəki sammit Dağlıq Qarabağ cəbhəsindəki dördgünlük toqquşmalardan sonraya təsadüf edirdi.

«Amma avqust sammitinin hədəfi təkcə Vaşinqton deyildi. Azərbaycanlılar İranla Rusiyanın əsas oyunçular olduğu İraq və Suriya münaqişələrindən getdikcə daha artıq əndişələnirlər. Əhalisi əsasən şiələrdən ibarət, dünyəvi hökumətli Azərbaycan isə getdikcə cihadçılıq təhlükəsiylə üz-üzə gəlir. Bu təhlükəyə qarşı regional əməkdaşlıq gərəkir. «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması avqustun 1-də bəyanat yayaraq Moskvaya cihad elan edib. Bakı da, öz növbəsində, İŞİD-in Qafqazdakı ambisiyalarına milli təhlükəsizliyinə birbaşa hədə kimi baxır və bu, yersiz də deyil».

Buna da bax - 'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi

Müəllif yada salır ki, İŞİD-in regional qanadı olan «Qafqaz Əmirliyi» 2015-ci ildə yaranıb və Şimali Qafqazdakı sünni cihadçılara çağırış edib. Amma dağların o tərəfində yerləşən hər üç Cənubi Qafqaz respublikası islamçı silahlıların bir gün onların ərazisinə də keçə biləcəyini yaxşı bilir.

AZƏRBAYCAN NİYƏ NARAHATDIR

Yazıda qeyd olunur ki, Şimali Qafqazda islamçı radikallıq ideologiyası və bu radikallığın formalaşması Azərbaycandan ötrü problemdir. Rusiya islamçılarının İŞİD-ə qoşulması bu şiə ölkəsini narahat edir. Söhbət təkcə Şimali Qafqazdakı münaqişənin yayılmasından getmir. Azı Azərbaycanın özündə də sünni azlığı yaşayır və 2011-ci ildən yüzlərlə azərbaycanlı İŞİD-ə, İraq və Suriyadakı digər islamçı qruplara qoşulub.

«Putin özünü cihada qarşı döyüşçü kimi qələmə verir. Hələ 2000-ci ildə prezidentliyə namizəd olanda deyirdi ki, Şimali Qafqazda separatçı yaraqlıların kökünü tamamilə kəsmək onun «tarixi missiyası»dır. O zaman Putin ölkədəki müsəlman separatçılığını qlobal cihadla bağlayır, bu yolla Çeçenistan və Dağıstanda millətçi hərəkatları gözdən salırdı. Bu gün isə İŞİD-in yüksəlişi Putin-ə, Azərbaycan da daxil olmaqla, keçmiş sovet respublikalarını radikal islamçılığın yaratdığı böyük təhlükəyə asanlıqla inandırmaq fürsəti verir».

İKİ SƏBƏB

Müəllif Azərbaycanın 1991-ci ildən bəri islamçı zorakılıqla üzləşməməsini iki səbəblə izah edir. Birincisi, müstəqillik əldə edəndən sonra Bakı sovetdövrü dünyəvilik sifətini saxlayıb, xarici dini təsiri minimum endirməyə çalışıb.

Hətta Dağlıq Qarabağ münaqişəsinin pik dövründə Azərbaycan islamçıların bunu dini müharibəyə çevirməyə imkan vermədi. Çeçen komandiri Shamil Basayev Bakının dünyəviliyə sadiqliyi üzündən döyüşçülərini müharibədən çıxardı.

İkincisi, neft gəlirləri hesabına Azərbaycanda iqtisadi artım yaranıb və indi yuxarı-orta gəlirli ölkə sayılır. Yəni sosial-iqtisadi şərait islamçıların çağırışlarının effektini azaldıb.

«Azərbaycan, İran və Rusiyanın saysız potensial əməkdaşlıq sahələri var. «Şimal-Cənub» Nəqliyyat Dəhlizindən tutmuş, Xəzər dənizinin bölünməsinə qədər. Amma Bakı öncəliklərini ayırmalıdır. Ölkənin tarixi, demoqrafiyası və sosial-iqtisadi şəraiti ona zorakı islamçılıqla özünəxas kampaniya aparmaq imkanı verir. Moskva və Tehrandan ümumi formulu qəbul etməyə ehtiyac qalmır».

XS
SM
MD
LG