Sentyabrın 23-də Bakının Qaradağ rayonu ərazisindəki Otman-Bozdağ palçıq vulkanında püskürmələr baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumatda “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevə istinadla bildirlir ki, vulkan püskürməsi saat 08:53-də baş verib.
“İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb”, o qeyd edib.
Xatırlatma
Dünyanın ikinci böyük palçıq vulkanı sayılan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevralın 6-da baş vermişdi.