Bakının Binəqədi rayonu, Nizami və Nərimanov küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli binada yanğın baş verib. Oktyabrın 25-də gecə saat 1 radələrində binanın yuxarı mərtəbələrində başlayan yanğın az sonra digər mərtəbələrə də keçib. Yanğınsöndürmə briqadası və polis ərazidədir.
Hələ ki yanğının hansı səbəbdən baş verdiyi barədə hər hansı rəsmi məlumat yoxdur.
+++
Bu yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının (tikintisi başa çatmayıb) 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 kvadratmetr sahədə yanıb.
«Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb», -məlumatda bildirilir.