Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın üzvü iyunun 18-də polis zorakılığına etiraz olaraq Bakıda Səməd Vurğun bağında aksiya keçirməyə cəhd göstəriblər. Amma polis əməkdaşları yolda onların qarşısını kəsib və qadın fəalları naməlum istiqamətə aparıblar.
Onlardan 6 nəfərin saxlandığı, sonra isə sərbəst buraxıldığı deyilir.
Polis həmçinin aksiyanı işıqlandırmaq istəyən jurnalistlərin işinə mane olub.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Polis iyunun 16-da da Daxili İşlər Nazirliyinin qarşısında eyni tələblə keçirilən aksiyanı dağıdıb.
Həmin aksiyada da bir neçə nəfər saxlanmılş amma az sonra sərbəst buraxılmışdılar.
Xatırlatma
Qeyd edək ki, bu aksiyalar iyunun 8-də Bakıda Yasamal rayonunda polisin səhər saatlarında keçirdiyi və zorakılıqla müşayiət olunan əməliyyata etiraz olaraq keçirilir. Həmin hadisədə polis əməkdaşları səhər saatlarında evlərə girib bəzi vətəndaşları hətta alt palatında döyə-döyə evdən çıxarıb aparmışdı. O zaman 11 nəfəri həbs edib.
Daxili İşlər Nazirliyi onları iyunun 7-də karantin qaydalarını pozan şəxsi saxlayan polislərə müxtəlif əşyalar atmaqda ittiham edir. Nazirlik saxlananlara 10 sutkadan 30 sutkayadək həbs cəzası kəsildiyini bildirir.
İctimai fəallar bu hadisədə polisin zorakı davranışına etiraz edirlər.