Mayın 21-də Bakı–Tbilisi–Bakı marşrutunda bütün siniflər üzrə gedişhaqqı açıqlanıb.
"Azərbaycan Dəmir Yolları"ndan (ADY) yayılan məlumata görə, sərnişinlərə "komfort", "komfort+" və "lüks" olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
"Komfort"
- Bakı – Tbilisi: 81 AZN-dən
"Komfort+"
- Bakı–Tbilisi: 117 AZN-dən
"Lüks"
- Bakı–Tbilisi: 180 AZN-dən
2020-ci ilə qədər olan qiymətlərlə müqayisə
Yeni tariflər pandemiyadan əvvəlki qiymətlərlə müqayisədə kəskin artımla diqqət çəkir. Yerli mətbuatın məlumatına görə, pandemiya səbəbindən hərəkətin dayandırıldığı 2020-ci ilə qədər Bakı-Tbilisi qatarında gediş haqları belə idi:
- Plaskart – təxminən 24.54 AZN
- Kupe – təxminən 35.32 AZN
- SV (lüks) – təxminən 58.43 AZN
Artıq sosial şəbəkələrdə yeni elan olunan tariflərlə bağlı narazılıqlar müşahidə olunur.
Hərəkət Cədvəli
Mayın 26-da fəaliyyətinin bərpa ediləcəyi gözlənilən Bakı – Tbilisi – Bakı sərnişin qatarının hərəkət cədvəli məlum olub.
"Azərbaycan Dəmir Yolları" (ADY) sözügedən marşrut üzrə həm ilkin cədvəli, həm də yeni qiymətləri elan edib.
- Bakıdan çıxış: Hər gün saat 23:10 (Tbilisiyə çatış növbəti gün saat 08:41)
- Tbilisidən çıxış: Hər gün saat 21:00 (Bakıya çatış növbəti gün saat 06:24)
- Gömrük yoxlanışı: Azərbaycan və Gürcüstan tərəfində 1 saat olmaqla, cəmi 2 saat vaxt ayrılıb.
Nazirlər Kabineti karantini yumşaltdı
Bu il mayın 25-i saat 00:00-dan etibarən dəmiryol nəqliyyatı vasitəsilə vətəndaşların, həmçinin vizasız gəlmə hüququ olan xaricilərin Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.
Bununla bağlı bu gün, mayın 20-də Nazirlər Kabineti qərar qəbul edib.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda 2020-ci ilin martında xüsusi karantin rejimi elan edilib. Bu müddət bir neçə dəfə uzadılıb. Sonuncu dəfə isə karantin iyulun 1-dək artırılıb.
18 may
Bakı-Tbilisi qatarı yenidən yola düşür - Rəsmi
Azərbaycan və Gürcüstan bu il mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkətini bərpa etmək barədə razılığa gəliblər.
Sözügedən qərar iki ölkə arasında imzalanmış ikitərəfli Koordinasiya Şurasının Protokolunda öz əksini tapıb.
COVID-19 pandemiyası və xüsusi karantin rejimi səbəbindən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin martında dayandırılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını 2023-cü il mayın 6-da elan etsə də, Azərbaycan karantin rejimini xeyli yumşaltmasına baxmayaraq, quru sərhədlərindəki məhdudiyyətləri hələ də saxlayır.
Ötən ilin mayında da Gürcüstan mətbuatında Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpa olunacağı barədə məlumatlar yayılsa da, bu reallaşmamışdı. O zaman ekspertlər prosesin dayandırılmasını Azərbaycan tərəfinin istəksizliyi ilə əlaqələndirirdilər. Analitiklər hesab edirlər ki, pandemiyanın bitməsindən üç il keçsə də, quru sərhədlərindəki məhdudiyyətlərin saxlanması iqtisadi maraqlardan qaynaqlanır. Onların fikrincə, bu qərarla həm ölkədən valyuta axınının qarşısını almaq, həm də daxili bazarda əlavə gəlir əldə etmək məqsədi güdülür.
Azərbaycan hökumətinin rəsmiləri isə son dövrlər bu qərarı daha çox təhlükəsizlik amilləri ilə əsaslandırırlar.
Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 18-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana gəlib.
Bakı və Tbilisi enerji sahəsində 20 illik müqavilələr imzaladı
Mayın 18-də Azərbaycan və Gürcüstan elektrik enerjisi təchizatı və tranziti üzrə 20 illik saziş imzalayıb, həmçinin 2003-cü il qaz müqaviləsini daha 20 il uzadıb.
Gürcüstan İqtisadiyyat Nazirliyinin bəyanatına görə, Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsi ilə neft tranzitinin bərpasına dair saziş də imzalanıb. Sənəd Orta Asiyadan Avropaya neft daşınmasını nəzərdə tutur, lakin kəmərlə bağlı dəqiq zaman qrafiki açıqlanmayıb.
Bundan başqa, ikitərəfli koordinasiya şurasının protokolu da imzalanıb. Həmin sənədə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsi tam istismara veriləcək.
Bakı–Tbilisi–Qars dəmiryol xətti 2017-ci ildə istifadəyə verilib.