Keçid linkləri

2026, 28 May, cümə axşamı, Bakı vaxtı 20:09

'Bakı-Tbilisi-Qars'ın 9 il sonra yenə rəsmi açılışı olacaq

Naxçıvana çəkiləsi yol Bakı-Tbilisi-Qars layihəsini gündəmdən çıxara bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

Naxçıvana çəkiləsi yol Bakı-Tbilisi-Qars layihəsini gündəmdən çıxara bilərmi?

İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Azərbaycanın rəsmi AZƏRTAC agentliyinin məlumatına görə, Axalkalaki dəmiryol stansiyasında təşkil olunacaq tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

9 il əvvəl...

Amma bu dəmir yolunun 9 il əvvəl Azərbaycanda rəsmi açılış mərasimi baş tutub. 2017-ci il oktyabrın 30-da BTQ xətti ilə ilk qatarın yola salındığı açıqlanmışdı.

Həmin vaxt Bakıdan 70 km cənub-qərbdə yerləşən Ələt qəsəbəsində keçirilən açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev və Özbəkistanın baş naziri Abdulla Aripov qatılmışdı.

Mərasimdə çıxış edən Əliyev BTQ-nin Avropa və Asiyanı birləşdirən ən qısa yol olduğunu vurğulamışdı. Onun bildirdiyinə görə, BTQ ilə ilkin mərhələdə hər il 5 milyon ton, növbəti illərdə isə 17 milyon tona qədər yük daşınmalı idi.

Amma bu dəmir yolu ilə bağlı gözləntilər uzun müddət özünü doğrultmayıb. Magistral 2017-ci ildən etibarən bir növ test rejimində fəaliyyət göstərib. Ümumi uzunluğu 827 kilometr təşkil edən xəttin 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Bu kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin mayından 2024-cü ilin mayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib. Vurğulandığına görə, aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi. 2017
Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi. 2017

BTQ niyə indiyə kimi özünü doğrultmayıb?

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulurdu. Bunun üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən sərnişin qatarlarının alındığı da açıqlanmışdı. Yerli medianın xəbərlərinə görə, 10 vaqondan ibarət ilk sərnişin qatarı 2019-cu ilin martında Bakıya gətirilmişdi.

Həmin ilin avqustunda isə Azərbaycan tərəfi bildirmişdi ki, Gürcüstan və Türkiyə sərnişin qatarlarını qəbul etməyə hazır olduqdan sonra daşımalara başlanılacaq.

2020-ci ilin yazında isə koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırıldı. Yalnız iki gün öncə Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilib.

2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını bəyan etsə də, Azərbaycan hələ də karantin rejimini saxlayır. Rəsmilər bunu təhlükəsizlik amili ilə izah edirlər. Müstəqil ekspertlərə görə isə, bu, hökumətin siyasi və iqtisadi maraqlarından irəli gəlir.

Layihə bu ay Gürcüstan baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolunda yenidən gündəmə gəlib. Sənəddə Bakı–Tbilisi–Qars dəmiryol xəttinin Marabdadan Türkiyə sərhədinədək olan hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırlatma

Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan–Gürcüstan–Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

BTQ-nin ümumi uzunluğu 827 kilometrdir. O, Avropadan Çinə qədər olan dəmiryol şəbəkələrini birləşdirən daha böyük ticarət dəhlizinin — "Böyük İpək Yolu" layihəsinin bir hissəsi sayılır. Layihə Ermənistandan yan keçdiyi üçün vaxtilə xaricdə bəzi tənqidlərə də səbəb olmuşdu.

Tikintisinə 2007-ci ildə başlanan və 10 il sonra tamamlanan ( gecikmə əsasən çətin relyef şəraitlə izah edilirdi) bu layihəyə, həmçinin, sonrakı yenidənqurma işlərinə Azərbaycan tərəfindən ümumilikdə nə qədər vəsait xərcləndiyi rəsmən açıqlanmayıb.

Yerli mətbuatın məlumatına görə, 2014-cü ilə qədər layihəyə 536.8 milyon manat xərclənib. Dövlət Neft Fondunun 2015-ci il büdcəsindən isə bu məqsədlə daha 111.5 milyon manat ayrılıb. 2022-ci ildə dövlət başçısı layihənin genişləndirilməsinə əlavə 100 milyon dollar vəsaitin ayrılacağını bəyan etmişdi.

XS
SM
MD
LG