Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:19

‘Azərenerji’, ‘Azərişıq’, ‘Azəriqaz’ gücləndirilmiş rejimə keçir


Sinoptiklər yanvarın 16-dan 17-nə keçən gecə Azərbaycan ərazisində, xüsusən də Bakıda və Abşeron yarımadasında havanın korlanacağını deyiblər. Bu səbəbdən də növbəti iki gündə ölkədə məktəblər və uşaq bağçaları işləməyəcək.

“Gərək birinci şam alaq”

Bakıda sıravi vətəndaşlar da artıq indidən hazırlıqlara başlayıblar. Kimi güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsini nəzərə alaraq şam tədarükü görür, kimi sayğacda yetərincə qaz olub-olmadığını, mənzilləri, evləri qızdıran istilik sistemində problemləri araşdırır.

Əhmədlidə yaşayan Rəfiqə Hüseynova deyir ki, qasırğa haqda ilk dəfə eşidəndə şam almağa tələsib: “Yayda qaranlıqda qalmışdıq. Evdə körpə uşaqlar var, ona görə gərək birinci şam alaq. Güclü külək əsəndə adətən işıq da sönür. Allah etsin sönməsin. Qışın günündə işıqsız, qazsız neyləyərik?”

“Bizim market” və “Neptun” marketlərindən AzadlıqRadiosuna deyirlər ki, əhalinin alış-verişində xüsusi dəyişiklik yoxdur. Bununla belə, gündəlik alış-verişin analizini apararaq bu haqda daha dəqiq növbəti günlərdə danışa biləcəklərini qeyd edirlər.

“Azərenerji”: “Bütün işçilər iş yerində olsunlar”

Rəsmi qurumların bir çoxu gücləndirilmiş iş rejiminə keçdiklərini bildirir. “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev AzadlıqRadiosuna deyir ki, növbəti 2 gündə bütün işçilər iş yerində olacaq.

“Hava şəraitinin ifrat dərəcədə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş iş rejiminin təşkili üçün rəhbərlik tərəfindən əmr imzalanıb. Əmrə əsasən qurumun strukturunda olan idarə və müəssisələrin rəhbərlərinə tapşırılıb ki, yanvarın 17-18-də enerji sistemində qəza hallarının baş verməməsi və ya baş verə biləcək hər hansı halın operativ şəkildə aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarda, sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsunlar. Rəhbər vəzifəli şəxslər iş rejimini tam nəzarətə götürsünlər”, – Teymur Abdullayev deyir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də “yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü”, xüsusi rejimdə çalışacaqlarını bildirir. O, əməkdaşların ərazilərdə qabaqlayıcı tədbirlərlə məşğul olduqlarını, xətlərdə yoxlama apardıqlarını əlavə edir.

“İri gövdəli ağacların budaqlarından tutmuş harda elektrik xətlərimizə problem yaradacaq maneə varsa hamısının önlənməsi üçün işlər görülür”, – Tanrıverdi Mustafayev söyləyir.

Mətbuat xidmətinin rəhbəri Bakı metropolitenində də hazırlıq işləri görüldüyünü qeyd edir.

“Azəriqaz”: “Qaz verilişi artırılacaq”

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev də havaların kəskin dəyişməsi və temperaturun 10 dərəcə düşməsi ilə əlaqədar zəruri təbirlər həyata keçirildiyini vurğulayır. O, növbəti 2 gündə qəza halları istisna olmaqla qaz təchizatını məhdudlaşdıracaq işlərin görülməyəcəyini bildirir.

“Ötən iki gündə təbii qaz verilişində 600 kubmetrdən artıq artım olub. Bundan sonra da qarlı, şaxtalı günlərdə tələbat artacaqsa təbii qazın verilişi artırılacaq”, – İbrahim Kərbalayev söyləyir.

Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri 17-18 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu haqda nazirliyin məlumatında deyilir.

Güclü külək, qar və yolların buz bağlayacağı gözlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi təxmin edilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcəenə bilər.

“Yağıntı, sulu qar, qar yağacağı, bəzi yerlərdə küləyin intensiv və güclü olacağı ehtimal edilir. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var”, – nazirlik xəbərdarlıq edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG