Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 04:57

Bakıda karantin postları yığışdırılır, nəzarət artırılır


Bakı şəhərinin bəzi küçə və prospektlərində quraşdırılmış xüsusi polis postlarının iyulun 1-dən yığışdırılmasına başlanıb

Xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin bəzi küçə və prospektlərində quraşdırılmış xüsusi polis postlarının iyulun 1-dən yığışdırılmasına başlanıb.

İyulun 2-dən paytaxtın giriş və çıxışları istisna olmaqla şəhər içindəki bütün postlar ləğv ediləcək. Bu haqda Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazirliyin açıqlamasına görə məqsəd şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaş cəlb etməkdir.

Qapalı məkanlarda

Bu da deyilir ki, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə riayət edilməsinə nəzarət daha da gücləndiriləcək.

"Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək", açıqlamada qeyd olunur.

Nazirlikdən bildirilir ki, bu tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onun sağlamlığının qorunmasına xidmət edir.

Marşrut postlar

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Turana açıqlamasında söyləyib ki, postların yığışdırılması karantin rejiminin ləğvi demək deyil:

"Hər kəs mövcüd qaydalara uyğun hərəkət etməlidir. Yəni, postlar olmasa belə, marşrut postlar qüvvədədir və hər kəsi istənilən halda, istənilən yerdə polis əməkdaşı saxlayıb onun evdən çıxmasına icazəsinin olub-olmamasını yoxlaya bilər. Ona görə də postun olmamasından kimsə istifadə edib icazəsiz evini tərk etməsin”.

Kamran Əliyevin sözlərinə görə, icazəsi olmayan şəxs karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunacaq.

XS
SM
MD
LG