Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:50

Bakıda etirazın Şamaxı, Kürdəmir və Yevlax sonluğu


Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)

Dünən, fevralın 16-da ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi namizədlər Mərkəzi Seçki Komissiyasının (MSK) binası önündə aksiya keçirməyə cəhd göstəriblər. Onlar fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularına yol verildiyini açıqlayıblar. Daxili İşlər Nazirliyi aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını səbəb göstərərək onun qarşısını alıb. Aksiyanın təşkilatçılarından, fəallardan bir çox şəxs saxlanaraq Yevlax, Kürdəmir və Şamaxı kimi rayonlarda sərbəst buraxıldıqlarını vurğulayıblar.

«Toxunulmazlıq hüququm var»

D18 Hərəkatının rəhbəri Ruslan İzzətli deyib ki, onu hələ aksiyadan 3 saat əvvəl, ofisinin önündə saxlayıblar: «Deputatlığa namizəd olan şəxs kimi toxunulmazlıq hüququm var...».

R.İzzətli hesab edir ki, bu, həm də insan oğurluğudur: «Bunu onlara da dedim: mən saxlandıqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zənglər olur, deyirsiniz ki, bizim xəbərimiz yoxdur...».

R.İzzətliyə görə, ən azı 30 dairədə nəticələr ləğv edilməlidir.

Polis nə deyir

Bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) dünən fevralın 16-da bildirmişdi ki, bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, saat 15 radələrində MSK-nın inzibati binasının önünə toplaşmağa cəhd edib. Qurumdan qeyd edildiyinə görə, cəhdin qarşısını polis əməkdaşları alıb və onlar ərazidən kənarlaşdırılıblar. «Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb», - BŞBPİ-dən vurğulamışdı.

Ə.Məmmədli
Ə.Məmmədli

«Xüsusilə evlərinin, ofislərinin önündə saxlanmaları...»

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, bu saxlanmaların özü qanunsuzdur: «Bir çox insanlar hələ aksiyaya çıxmamış, kimi ofisinin, kimi evinin önündə saxlanıb. Dünən, fevralın 16-da baş verənlər və xüsusilə şəxslərin evlərinin, ofislərinin önündə saxlanmaları birmənalı olaraq qanunsuzdur. Çünki şəxsin həmin günü hara gedəcəyini, nə edəcəyini müəyyən etmək qeyri-müəyyəndir».

«MSK Bakı şəhərində yerləşdiyi halda...»

Ə.Məmmədliyə görə, üstəlik, MSK Bakı şəhərində yerləşdiyi halda etirazçıları Lökbatan qəsəbəsinə göndərmək legitim yönləndirmə deyil:


«Bu, qanunu tətbiq edən icra strukturunun qanunu pozaraq səlahiyyətlərindən sui-istifadə etməsidir. Vətəndaşın sərbəst toplaşmaq hüququ konstitusion hüquqdur. Konstitusion hüquq da bilavasitə seçkiylə bağlı olduğu üçün icra olunmalıdır. İnsanlar toplaşaraq dinc şəkildə MSK-ya etiraz edirlərsə, oturaq aksiya keçirirlərsə, polisin müdaxiləsinə legitim səbəb yoxdur».

«Vəzifə səlahiyyətlərindən sui-istifadə»

Hüquqşünas insanların saxlanaraq, avtobuslara doldurulub yaşadıqları məkanlardan uzaq rayonlara aparılıb buraxılmasını vəzifə səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirir: «Polis təcrid etdiyi şəxsləri hüquqi çərçivədə rəsmiləşdirərək təcridxanalara gətirə bilər. O şəxsin başına bir hadisə gəlsə, polis bunun məsuliyyətini daşıyacaqmı? Buna görə kimsə istefa verəcəkmi? Soyuq havada vətəndaşın səhhətində problem yaransa, nə olacaq?».

Hüquqşünasa görə, qanunda razılaşdırılmamış aksiyada saxlanan insanı aparıb 100 kilometr kənarda buraxmaq kimi göstəriş yoxdur.

Z.Oruc
Z.Oruc

Dövlət başçısının yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, ilkin rəsmi açıqlamaya görə, 94 saylı Bərdə kənd seçki dairəsindən lider namizəd Zahid Oruc isə deyib ki, hər hansı saxtakarlıq sözlə deyil, dəlillərlə sübuta yetirilməlidir və bu mənada, MSK-nın da davranışı hüquq müstəvisindədir. Onu fikrincə, MSK-ya təzyiq vasitəsilə nəticələr əldə etmək mövqeyi doğru deyil. Mərkəz rəhbərinin sözlərinə görə, bəzi qüvvələr Azərbaycanı hansısa instansiyalarda məğlub etdirməyi düşünürlər və buna yol verməmək üçün məsələ sırf hüquqi müstəvidə aydınlaşdırılmalıdır.

«MSK-nın önü mitinq meydanı deyil»

Z.Oruc hesab edir ki, MSK-nın önü mitinq meydanı deyil: «Hesab edirəm ki, MSK-nın qarşısı mitinq meydanı olmadığından narazıların, xüsusilə də deputatlığa namizədlərin sayı ilə müqayisədə aksiyada jurnalistlərin, xüsusilə «Press» jileti geyənlərin çoxluğu xeyli dərəcədə düşündürücüdür».

Z.Orucun fikrincə, polisin davranışı adekvat olub. O qeyd edib ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmasa da, hər hansı aşırı güc tətbiqinə yol verilməyib.

Fevralın 16-da və ondan əvvəl...

ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da MSK-nın qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Daxili İşlər Nazirliyi aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını səbəb göstərərək onun qarşısını alıb.

Təşkilatçılar icra hakimiyyətinə əvvəlcə paytaxt Bakının mərkəzindəki ərazilərdən birində aksiya keçirmək istədiklərini bildirmişdilər. BŞİH qeyd edilən yerdə mitinqin nəqliyyatın hərəkətinə problemlər yaradacağını səbəb göstərərək aksiyaya «yaşıl işıq» yandırmamışdı. Amma sonradan icra hakimiyyəti təşkilatçılara şəhərin mərkəzindən kənar, Lökbatan qəsəbəsində bir ərazini təklif etmişdi. Təşkilatçılar da icra hakimiyyətinə təkrar üz tutaraq şəhərin mərkəzində alternativ kimi 4 meydanın adlarını çəkib, həmin ərazilərdə aksiya keçirməyə hazır olduqlarını vurğulamışdılar. Amma şəhər icra hakimiyyəti bu müraciətlə də razılaşmamışdı.

Bakı şəhər Baş Polis İdarəsi isə təşkilatçılara bəyan etmişdi ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamış ərazidə keçiriləcəksə, buna imkan verilməyəcək.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib.

Prezident İ.Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq.

2019-cu il dekabrın 5-də prezident İ.Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG