Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Bakıda damdakı su çənləri də yığışdırılır


Paltarasma
Gözlə
Embed

No media source currently available

0:00 0:00:20 0:00

Paltarasma

«Bakıda vətəndaşların paltar asdıqları zivələrin kəsilməsinə sahə müvəkkilləri də cəlb edilib. Düzü, ilk dəfədir polis formasındakı şəxsin bu işlə məşğul odluğunu görürəm. Polis qanunun keşiyində durmalıdır, kriminal sabitliyin təmin olunmasına çalışmalıdır. İstəməzdim polis zivələrin kəsilməsi, paltarların yığışdırılması ilə məşğul olsun», – Bakıda Nizami rayonu Babək prospekti 95-də yaşayan Elnur Məlikov küçəyə və prospektlərə baxan balkonlardan zivələrin kəsilməsi haqda danışarkən deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin göstərişini sahə müvəkkilləri və Mənzil Kommunal Təsərrüfat birliklərinin əməkdaşları həyata keçirirlər.

E.Məlikovun sözlərinə görə, bu, baş tutan iş deyil: «Bu gün ipləri kəsirlər, iki gün sonra oradan yenidən paltar asılır. Bunun qabağını bu yolla almaq olarmı? Bu, praktik və işlək qərar deyil. Deyirlər ki, paltarlar prospektə baxan tərəfə yox, həyətə baxan tərəf asılsın. Axı, bu da həmişə mümkün deyil. Binanın həyətində infrastruktur var, təhlükəsizlik kameraları var, böyük ağaclar, yaşıllıq zonası var...».

Paltar qurtmaq üçün çəkilən iplərin kəsilməsinə etiraz
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

İcra hakimiyyətinin izahatı: «Şəhər tör-töküntülü görünür»

Təxminən iki aydır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun göstərişi ilə paytaxtda zivələr yığışdırılır. İcra hakimiyyəti bu qərarı nəylə əsaslandırır? E.Məlikovun sözlərinə görə, qapısını döyən rəsmi qurumların əməkdaşları bunu izah edə bilməyiblər, sadəcə, «Rəhbərlik göstəriş verib, biz də məşğuluq» cavabını alıb.

AzadlıqRadiosu Bakı Şəhər İcra Hakimiyyətindən bu göstərişlə bağlı açıqlama almağa bir neçə dəfə cəhd edib. Hər dəfə cavabında mətbuat xidmətinin rəhbərinin otaqdan çıxdığı bildirilib. Sonuncu dəfə isə özünü təqdim etməyən bir xanım «Şəhər tör-töküntülü görünür, ona görə də belə qərar verilib. İkincisi də, bu mövzu artıq köhnəlib» söyləməklə kifayətlənib.

MKTB rəisi: «Vallah, mən də camaatla üz-göz oluram, heç bilmirəm nə məsələdir»

Göstərişin icrasına nəzarət edənlər də çıxılmaz duruma düşüblər, bir çox sualların cavabı onların özlərinə belə aydın deyil. Məsələn, Nizami rayonu 12 Saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi İman İmanov deyir ki, göstərişin səbəbini o da bilmir: «Vallah, mən də camaatla üz-göz oluram. Heç özüm də bilmirəm nə məsələdir. Sadəcə, Bakı Şəhər İcra Hakimiyyəti göstəriş verib ki, yola baxan balkonlarda bir dənə zivə qalmasın. Üç-dərd dəfə xəbərdarlıq etdikdən sonra polisi də... Bu məsələ daha çox polisə tapşırılıb, sahə müvəkkillərinə. Bu daimidir, ya müvəqqətidir, deyə bilmərəm. Camaat da zivələr kəsilsə də, iplə oradan-burdan paltarlarını asırlar. İnsandırlar, onlarda da aqressiya yaranır. Görək nə olur nəticəsi...».

Paltarasma
Paltarasma

«Sakinlər paltarını haradan asmalıdır» sualına rəisin cavabı belə olur: «O sakinin biri də mənəm. Yataqxanada yaşayıram. Bir dənə balkonum var. Əməkdaşlar gəldi, birinci mənim ipimi kəsdilər. Deyirlər, quruducu asılqandan istifadə edin. Amma bizim mənzillər elə layihələndirilib ki, quruducu asılqanlardan istifadə etməyə imkan yoxdur. Mənim yaşadığım ərazidə əhalinin əksəriyyəti balkonları mənzilə qatıb».

«Su çənləri də götürülür»

Bu rayonda 121 saylı MKTB-nin mühəndisi Cümşüd Babayev isə icra hakimiyyətinin qərarına haqq verir. Şəhərin pis göründüyünü, pal-paltar suyunun başqalarının balkonuna, küçəyə töküldüyünü söyləyir: ​«Binanın fasadını, görünüşünü korlayır. Artıq Bakı Şəhər İcra Hakimiyyəti geniş miqyasda abadlıq, quruculuq işlərinə, binaların təmirinə başlayıb, fasadlar rənglənir, damdakı su çənləri götürülür. Söhbət 24 saat su verilən ərazilərdən gedir, o binaların damından çənlər götürülməlidir, xəbərdarlıq edilib. Qaldı zivələrə, sakinlərin 80-90 faizi bu göstərişi pis qarşılamır. Bir binada 127 mənzil varsa, onun biri-ikisi etiraz edir».

«Avropada yuyulmuş paltar nəsə intim bir şeydir...»

Paltarı balkonda zivədə qurudan ancaq azərbaycanlılardırmı? O zaman başqaları paltarı harada, necə qurudurlar?

«Norveçdə insanlar daha çox paltarqurudan maşınlardan istifadə edirlər», – bu ölkədə yaşayan yazar Günel Mövlud söyləyir. «Amma daha çox elektrik sərf etmək istəməyənlər pal-paltarı evdə və ya balkonda quraşdırılan quruducu asılqanlarda qurudurlar», – yazar əlavə edir.

Onun sözlərinə görə, istər böyük, istərsə də kiçik şəhərlərdə balkondan zivədə paltar asılmasına şahid olmayıb.

G.Mövlud
G.Mövlud

«Avropada yuyulmuş paltar nəsə intim bir şeydir. Onu gözdən kənarda qurutmağa çalışırlar», – deyə əlavə edir.

«Asiyada bir çox ölkələrdə məişət dörd divardan kənara çıxır, insanlar küçədə paltar-palaz yuyur, bəzən xörək bişirirlər, Avropada əksinə, məişət sərt bir şəkildə dörd divar arasına sığışdırılır», – G.Mövlud deyir.

«Türkiyədə zivə kim məsələlərlə polis… məşğul olmur»

Mentalitet baxımından Azərbaycana nisbətən yaxın olan Türkiyədə durum necədir?

Bu ölkənin paytaxtı Ankarada yaşayan İlhamə Qasımlı da deyir ki, şəhərin mərkəzində balkonda paltar asılmır. Amma şəhərin mərkəzindən uzaqlaşdıqca, buna icazə verən binalar az deyil: «Burda insanlar balkonlarının görüntüsünə həssaslıqla yanaşırlar. Məsələn, divarı deşib ip asmırlar ki, binaya zərər gələr. Xüsusi vasitələrdən istifadə edirlər».

İ.Qasımlı bunu da vurğulayır ki, Türkiyədə zivə kimi məsələlərlə polis və ya yerli icra qurumları deyil, sadəcə, binaları idarə edən şəxslər, inzibatçılar məşğul olur.

«Camaşırxana, quru təmizləmə bahadır... Fərq budur»

Bakını sakini E.Məlikov isə diqqəti ona çəkir ki, Avropada ilk növbədə şəhərləri əhatə edən camaşırxana şəbəkələri və quru təmizləmə xidməti var. Üstəlik də, adi vətəndaş maddi baxımdan bu xidmətlərdən istifadə etmək imkanına malikdir: «Orda maaş, pensiya buna imkan verir. Yəni böyük məbləğ deyil. Amma bizdə birincisi, bütün şəhəri əhatə edəcək belə camaşırxana xidməti yoxdur. İkincisi, camaat bundan istifadə etmək imkanına malik deyil. Bir neçə dəfə paltarları quru təmizləməyə vermişəm, bahadır, bilirəm ki, statistik azərbaycanlının hər həftə ondan istifadə etmək imkanı yoxdur. Fərq budur».

Hacıbala Abutalıbovdan sonra Bakıda nəyin dəyişməsini istərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

«Paytaxtda saysız problemlər var»

Yazar G.Mövludun qənaətincə, Bakıda balkondan paltar asmağın yasaqlanması ilk baxışdan məntiqlidir, şəhər modern görünər, amma...

«Bu, işin kosmetik tərəfidir, detaldır, halbuki şəhərin daha ciddi problemləri var. Paytaxt sürüşür, son illər burda iyrənc, sahmansız tikinti aparılıb, şəhər özü çirklidir və s. Saysız problemlər var və bunların fonunda paltar asmaqdan başlamaq nə qədər doğrudur, bilmirəm», – bir neçə il əvvələ kimi Bakıda yaşamış yazar söyləyir.

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli də paytaxtda və başqa şəhərlərdə yetərincə problemlərin olduğunu və paltar asmaq probleminin onların arasında, bəlkə də, 101-ci yerdə gəldiyini bildirir.

«Liftlərin normal işləməsi, zibilin vaxtında daşınması və bu kimi texniki xidmətlərə daha çox önəm verilməlidir, nəinki balkondan paltar asılmasına. Ümumiyyətlə, paltarı kimin haradan asması icra hakimiyyətini narahat etməməlidir», – İbrahimli söyləyir.

Onun qənaətincə, bu qərar vətəndaşların hüquq və azadlıqlarına, şəxsi həyatlarına müdaxilədir, özəl mülkiyyətə qəsddir: «Vətəndaş ona məxsus ərazidə, mülkiyyətində paltarlarını necə istəyir sərə bilər. Məmur buna yasaq qoya bilməz. Bu, məmur tərbiyəsizliyindən başqa şey deyil».

Son bir neçə ayda paytaxta rəhbərlik edən E.Əzizov Sumqayıtın icra hakimiyyətinin başçısı olanda da zivə qadağası qoymuşdu. Bundan neçə illər öncəsə Naxçıvanda paltarların balkondan asılmamasna göstəriş verilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG