Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Bakı metrosu açılır


"28 May" stansiyası
"28 May" stansiyası

Bakı Metropoliteninin fəaliyyətinin sabah, mayın 9-u saat 06:00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

Bu barədə bugün, mayın 8-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Bakı Metropoliteni koronavirus pandemiyası dövründə fəaliyyətini Operativ qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq həyata keçirməlidir.

"Eyni zamanda, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir", - açıqlamada yazılıb.

Bakı Metropolitenində qatarların hərəkəti martın 31-i saat 22:00-dan dayandırılıb. Bu, koronavirusla bağlı əhalinin sağlamlığının təmin olunması məqsədilə izah edilmişdi.

Halbuki, dünən, mayın 7-də Azərbaycan prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında demişdi ki, ölkədə elan edilmiş karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. "Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq", o vurğulamışdı.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martin 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 271 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda isə 2 min 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 nəfəri vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə (icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə) çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG