Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Bakı məhkəməsində çinlilər: 'Bizi qanunsuz tutublar'


Dollar
Dollar

Saxta əskinasları banka qoyub, əsl pulu çıxarmaq cəhdində suçlanan üç əcnəbi məhkəmə qarşısına çıxarılıb. Onlardan ikisi Çin, biri isə Rusiya vətəndaşıdır.

55 yaşlı Lin Çjifan, 30 yaşlı Çen Menlin və 52 yaşlı Məhəmmədrəsul Rəsulov tələb edirlər ki, məhkəmədə səfirliyin nümayəndələri də iştirak etsin. Onlar özlərini təqsirsiz sayırlar və səfirlik təmsilçilərinin iştirakıyla ifadə verəcəklərini söyləyirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakim Azər Paşayev onlara deyib ki, həm Çin, həm də Rusiya səfirliklərinə məktub göndəriləcək.

İttihamda yazılıb ki, təqsirləndirilən üç nəfər əvvəlcədən danışıb razılığa gəliblər. Çinlilər hələ Dubayda olanda M.Rəsulovla müzakirələr aparıblar, Azərbaycandakı şəraiti öyrəniblər. Apreldə onlar Dubaydan, M.Rəsulov da Dağıstandan Bakıya gəlib. İttihama əsasən, plan belə olub ki, 18 min 900 saxta dolları banka hesaba daxil edib, əvəzində bir qədər sonra əsl əskinasları çıxarsınlar. M.Rəsulovun «Rabitəbank»da kart hesabı olub. Elə hesabına pul yatırmaq üçün bankın Yasamal filialında olarkən də tutulublar. Pulu xəzinədara verəndə o, əskinasların saxta olmasından şübhələnib və bu haqda filialın müdirinə məlumat verib. Ardınca da banka polisləri çağırıblar. Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşları onların üçünü də saxlayıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər.

Ç.Menlin ittihama münasibət bildirərkən deyib ki, çoxlu ziddiyyətlər var: «Mən o ittihamla razı deyiləm. İstintaqda da demişəm, indi də deyirəm, mən o pulların saxta olduğunu bilməmişəm. Məni tutub üç ay saxlayıblar, sonra müstəntiq gəlib».

Təqsirləndirilən M.Rəsulov da bildirir ki, onu uzun müddət həbsdə saxlayıb heç bir istintaq hərəkəti aparmayıblar: «Özümü qanunsuz tutulmuş hesab edirəm. Üç ay saxlayıb, dördüncü ayda müstəntiq gəldi ki, «bura imza at, ora imza at». Mən o pulların saxta olduğunu bilməmişəm».

Məhkəmədə bankın əməkdaşları dindirilərkən deyiblər ki, M.Rəsulov öncə əməliyyatçıya yaxınlaşıb, hesabına 20 min dollar pul qoymaq istədiyini bildirib. Həmin vaxt iki çinli onu kənarda gözləyib. Sənədləşmədən sonra kassaya yaxınlaşanda və əskinasların saxta olduğu üzə çıxanda M.Rəsulov kiməsə zəng edib. Telefonda həmin şəxsə pulların saxta olduğunu söyləyib.

«Bizə də dedi ki, pullar onun deyil. Çinlilər verib ki, hesabına qoysun, istifadə eləsinlər», – «Rabitəbank»ın əməkdaşları məhkəmədə bildirib.

Təqsirləndirilən şəxslər CM-in 204.2 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham olunur. Bu maddədə 8 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG