Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Bakı qışa hazırdırmı?


Bir neçə gündür Bakıda havalar soyuyub. Sinoptiklər isə həftəsonu havanın yağmurlu keçəcəyini, paytaxta yağış, bölgələrə qar yağacağını deyirlər. Bəs paytaxt qışa hazırdırmı?

AzadlıqRadiosu bu suala cavab almağa çalışıb.

“Azəristiliktəchizat”: “Ən sərt havaları nəzərə alaraq...”

“Azəristiliktəchizat” ASC-nin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyir ki, bütün qazanxanalar işləyir, binalara istilik verilməsində hər hansı problem yoxdur:

““Azəristiliktəchizat” payız-qış mövsümünə ən sərt havaları nəzərə alaraq hazırlıq görüb. Havalar nə qədər soyuq keçsə də, bütün sosial obyektlər, səhiyyə müəssisələri, uşaq bağçaları, məktəblər və 2800 yaşayış binasının hamısı istiliklə normal təchiz olunacaq”.

Rafiq Əliyev bəzi binalarda hələ də istiliyin verilməməsi haqda şikayətlərlə bağlı deyir ki, bütün qazanxanalar işləyir, binalar da istiliklə təchiz olunur:

“Hansısa mənzildə problem ola bilər. “Azəristiliktəchizat”-ın çağrı mərkəzinə istədikləri vaxt müraciət etsinlər. Bizim əməkdaşlar araşdırarlar ki, nə problemləri var. Amma bizim bu saat heç bir qazanxanamızda problem yoxdur”.

“Azəriqaz”: “Ötən günlər qaz verilişində artım olub”

“Azəriqaz ” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev də istər Bakıda, istərsə də bölgələrdə qazla təchizatda problem yaşanmayacağını bildirir:

“Hazırda ötən günlərə nisbətdə qazın verilişində 247 min kubmetr artım olub. Tələbat artacaqsa təbii qazın həcmi də artırılacaq. Yəni qaz təsərrüfatında payiz-qış mövsümünə görülən hazırlıqlar və gündəlik işlər həyata keçirilib. Beləliklə, payız-qış mövsümündə istehlakçılar təhlükəsiz, dayanıqlı qazla təchiz ediləcəklər”.

Bəs kanalizasiyalar? Bəs elektrik enerjisi?

Bakıda yağış yağacaq deyəndə yada düşən, əlbəttə, ilk növbədə yollar, daşan kanalizasiyalar olur. AzadlıqRadiosu gün ərzində “Azərsu” ASC-dən bununla bağlı açıqlama ala bilməyib. Eləcə də “Azərişıq” ASC-dən də soyuq havalara hazırlıqla bağlı suallara cavab verilməyib.

Bakı şəhər İcra Hakimiyyəti qərargah yaradır

Bu il Bakı qışı yeni icra başçısı Eldar Əzizovla qarşılayır. Ötən illərdə qış aylarında paytaxt yollarında, kanalizasiya sistemində, qaz və istilik təchizatında və başqa sahələrdə problemlərlə üzləşib. Yeni icra başçısı bu problemləri yoluna qoya biləcəkmi?

Bakı Şəhər İcra Hakimiyyətində iki gün öncə - noyabrın 28-də payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin vəzifələrinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə paytaxt rayonlarının icra başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah və tədbirlər planı hazırlandığı bildirilir.

Həmçinin paytaxt rayonlarına qış mövsümü ilə bağlı tövsiyələrin paylanıldığı qeyd olunur. Kəskin soyuq, qarlı-şaxtalı günlərdə Qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə işləyəcəyi deyilir.

“Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub”, – Bakı şəhər İcra Hakimiyyəti bildirir.

İcra başçısının ilk qışı necə keçəcək?

REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli Bakı icra başçısının səlahiyyətlərinin məhdudlaşdırıldığını qeyd edir. O əlavə edir ki, paytaxtın bütün infrastrukturunun normal işləməsi üçün tək icra başçısının çalışması kifayət etmir:

“Düzdür, ciddi dəyişiklik gözləmirəm. Amma insaf naminə, istilik, enerji sistemi, kanalizasiya, su, qaz, kommunal xidmətlər bu ildən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində deyil. Bu ildən nəqliyyat sistemi, parkinqlər belə bu quruma tabe deyil artıq. Ona görə şəhər infrastrukturu bir çox hökumət qurumları arasında paylaşıldığı, səlahiyyətlər səpələndiyi üçün burda ciddi dönüş yaratmaq çətin olacaq”.

O, Eldar Əzizovdan “ciddi dönüş” gözləməsə də, soyuq havalarda, xüsusən də qar yağanda texnikanın çalışacağına, başqa zəruri addımların atılacağına ümid edir: “Belə deyək də, yeni icra başçısının ilk qışıdır, müəyyən mənada öz işgüzarlığını göstərmək istəyəcək”.

Natiq Cəfərlinin qənaətincə, çıxış yolu eyni mərkəzdən idarə olunan sistemin yaradılması və ya seçkili mer institutunun təsis edilməsidir. Bu halda o, səlahiyyətləri olan merin vətəndaş qarşısında məsuliyyət daşıyacağına ümid edir.

Bu təklif illərdir səsləndirilir. Hökumət bununla bağlı beynəlxalq qurumlar qarşısında öhdəlik götürsə də addım atmağa tələsmir.

XS
SM
MD
LG