Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Bağırsaq xərçəngi müalicə oluna bilər


Xərçəng hüceyrəsi

Xərçəng xəstəliyi bütün dünyada ölümün əsas səbəblərindən biri olsa da, yoğun bağırsaqda yaranan xərçəng xəstəliyin önlənə bilən növlərindəndir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı bildirir.

Yoğun bağırsaq həzm sisteminin mühüm hissəsi olan uzun, əzələli orqandır. Yoğun bağırsaqda yaranan xərçəng qidalanma, genetik meyl və yaşla bağlıdır. ABŞ-da hər 23 insandan 1-inə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulur.

Michele Alexander-a bu diaqnoz 53 yaşında qoyulub.

«Mənim nə qədər vaxtım qalıb? Qızımın 24 yaşı var. Bilirsiniz, onun hələ qarşıda çox uzun həyatı var. Hələ onunla keçirməyə nə qədər vaxtım var? Adamın beynindən buna bənzər suallar keçir», – Alexander deyir.

Xəstəliyin qarşısı alına bilər

Missuri Universitetinin Tibbi xidmət fakültəsindən doktor Zihao Wu deyir ki, xərçəngin bu növü, əsasən, önlənə biləndir.

«Bağırsaq xərçəngi əksər hallarda xoşxassəli poliplərdən yaranır. Bu proses 10-15 ilə qədər çəkir. Əgər siz polipi aşkarlayıb götürsəniz, yoğun bağırsaqda xərçəng olmayacaq. Ona görə də xərçəngin qarşısını almaq üçün müayinədən keçmək çox vacibdir», – o deyir.

Alexander-in diaqnozu nə qədər qorxunc olsa da, onun avtomobil yarışmasına həvəsi bu ağır sınaqdan çıxmasına kömək edib. Onun ən çox sevdiyi yarışçı Carl Edwards-dır. O, Edwards-ın da iştirak edəcəyi yarışa bilet alıb. Kimsə onun hekayəsini Edwards-a danışıb, o da qadını çağırıb.

«Bilirəm ki, burada auksion var. Yarışçılar təqdim olunan zaman mən maşında səninlə birlikdə gedə bilərəm. Məqsədim o hərracı udmaqdır», – qadın Edwards-a deyib. Yarışçı isə cavabında belə deyib: «Narahat olma. Bura qədər gəlmisən, maşında mənimlə birlikdə gedəcəksən».

Yoğun bağırsağında xərçəng şişinin kəsib götürülməsindən altı həftə sonra Alexander ən sevdiyi yarışçı ilə eyni avtomobildə idi.

«Bu, həqiqətən çox gözəl idi, həyatımın yarışı idi, üstəlik, finiş xəttini qalib kimi keçdim», – deyə qadın xatırlayır.

Sağlam həyat tərzi kömək edir

Doktor Wu-nun sözlərinə görə, Alexander-in həyata yanaşması ona çox kömək edib.

«O, sağalmaq istəyirdi. Sağalmaqdan ötrü güclü iradəsi var idi və hesab edirəm ki, bu, çox vacibdir», – o deyir.

Həkimlər deyirlər ki, çoxlu göyərti, bütöv buğda, meyvə, tərəvəz və paxla növlərini yeməklə yoğun bağırsaq xərçənginin qarşısını almaq mümkündür. Bu qidalar liflə zəngindir. Bundan başqa, həkimlər rəngli qidaları seçməyi tövsiyə edirlər. Gün ərzində nə qədər müxtəlif rəngli təbii, sağlam qidalara üstünlük versəniz, o qədər yaxşıdır. Müntəzəm idman etmək, siqareti tərgitmək də xəstəliyi önləməyə kömək edir.

Ancaq bu məsələdə ən vacib iş 50 yaşdan sonra və ya daha öncə müntəzəm müayinə olunmağa başlamaqdır. Xüsusən də ailənizdə bu xəstəliyə rast gəlinirsə, buna özəlliklə diqqət yetirməlisiniz.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yoğun bağırsaq xərçəngi erkən mərhələdə aşkarlanarsa, 90 faiz hallarda xəstəni xilas etmək mümkün olur, o, ən azı 5 il yaşayır. Xəstəlik irəliləyəndən sonra diaqnoz qoyulmuş xəstələrdə isə hər şey fərqlidir.

Əməliyyatdan iki il sonra Alexander hələ də xərçəngsiz yaşayır. Üstəlik, o, hələ də avtomobil yarışları həvəskarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG