«Badamdar-20-ci Sahə arasındakı sürüşmə baş vermiş ərazidə aktivlik davam edir».
Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
«Vəziyyət sabit gərgin olaraq qalır. Aparılan müşahidələr zamanı sürüşmə sahəsində yanvarın 10-da xırda uçqunlar da qeydə alınıb», - ekspedisiya rəisi əlavə edib.
Ə.Qaralovun deməsinə görə, monitorinq və araşdırmalar davam etdirilir.
Badamdarda yenə sürüşmə olub. Yol bağlanıb
Yanvarın 9-u səhər saatlarında Badamdar ərazisində yenidən sürüşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmə baş verən yerdə yaşayış evləri yoxdur. «Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur, eləcə də gərginlik qalmaqda davam edir», - ekspedisiya rəisi sürüşmə zonasındakı hazırkı durumu dəyərləndirib.
Ə.Qaralov vurğulayıb ki, 2018-ci ildə də bu sahədə sürüşmə baş vermişdi: «İndi də həmin ərazidə 2018-ci ildə baş vermiş sürüşmə kütləsinin özündə aktivləşmə baş verib və axaraq asfalt yol örtüyünü tamamilə bağlayıb. Artıq sürüşmə orada fəaliyyət göstərən restoranın divarlarına çatır».
Ə.Qaralovun sözlərinə görə, mövsümlə bağlı atmosfer çöküntüləri qruntu bir daha ağırlaşdırıb, kütlə ağırlaşdıqca, yamac boyu vəziyyətini dəyişib.
Ekspedisiya rəisinin fikrincə, Badamdar ərazisində tikilmiş çoxsaylı evlərin hələ də kanalizasiya sisteminin olmaması indi və eləcə də bundan əvvəl bu ərazidə baş vermiş sürüşmələrin əsas səbəblərindən biridir. «Hal-hazırda ərazidə gərginlik qalır, onun nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Ona görə ki, indiki sürüşmə dayansa belə, bunun sonra baş verməyəcəyi zəmanəti yoxdur. Bu məsələ əsaslı tədqiqat işləri və ondan çıxış yolları tapmağı tələb edir», - Ə.Qaralov vurğulayıb.
Yaponiyadan mütəxəssis çağırılmışdı
Bu ərazidə sonuncu sürüşmə 2018-ci il oktyabrın 11-də baş vermişdi. O zaman bəzi yerlərdə istinad divarları belə uçmuşdu. Daha sonra sürüşmə səngimişdi. Mütəxəssislər bu sürüşməyə səbəb kimi mövsümi yağışları, ev tikintisi ilə bağlı ərazinin yuxarı hissəsinin həddən artıq yüklənməsini və kanalizasiya sisteminin olmamasını göstərirdilər.
Daha sonra bu məsələni araşdırmaq və çıxış yollarını göstərmək üçün Yaponiyadan mütəxəssis dəvət olunduğu açıqlanmışdı. Həmin mütəxəssisin ərazidə baxış keçirdiyi də bildirildi. O vaxt baş nazirin müavini olan, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalibov onda bunları demişdi: «Yapon mütəxəssisin sözlərindən belə çıxır ki, sürüşmə zonasında olan 11 ev mütləq sökülməlidir. Əks halda, vəziyyət təhlükəli olaraq qalacaq».
Amma sonradan Yaponiyadan gələn mütəxəssisin gəldiyi yekun rəy barədə hər hansı rəsmi açıqlama verilmədi.